Prezidentin Fərmanı problemli kreditlər məsələsinin köklü şəkildə həllinə imkan verəcək İqtisadiyyat

Prezidentin Fərmanı problemli kreditlər məsələsinin köklü şəkildə həllinə imkan verəcək

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman uzun müddət müzakirə olunan və əhalini daha çox narahat edən sosial məsələlərin həlli deməkdir. Nəticə etibarilə vətəndaşların diqqət mərkəzində olan bu problem öz həllini tapdı. Həmin problemin həlli yüz minlərlə insanın bu güzəştdən istifadə etməsinə şərait yaradacaq.
Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert qeyd edib ki, Fərmana əsasən, xarici valyutada kredit götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanacaq. Güzəşt 10 min dollar həcmində kredit borclarına tətbiq olunacaq. Güzəştin müəyyənləşdirilməsi zamanı iki dövr - 2012-ci il yanvarın 1-dən 2015-ci il fevralın 21-dək olan müddət nəzərdə tutulub: "Bu dövrdə hər dollara 0,25 qəpik güzəşt tətbiq ediləcək. Bu isə o deməkdir ki, birinci devalvasiyayadək vətəndaş 10 min dollar kredit götürmüşdüsə, onun krediti manat ifadəsində 7 min 800 manat idi. Devalvasiyadan sonra həmin məbləğ 10 min 500 manata çatıb. Hər dollara 0,25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 min 500 manatdan 2 min 500 manat çıxılacaq və məbləğ təxminən devalvasiyadan əvvəlki məbləğ olacaq. 2015-ci il fevralın 21-dən dekabrın 21-dək olan kreditlərdə isə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu, hər 10 min dollara 6 min manat güzəştin tətbiqi anlamına gəlir. Hər bir vətəndaşa tətbiq edilən güzəştin məbləği 5 min dollar olacaq. Yəni, 10 min dollar kredit götürən vətəndaş 5 min dollaradək güzəşt əldə edəcək. Qalan məbləğin ödənilməsi ilə bağlı vətəndaşlara banklardan 5 il müddətinə illik faizi 1 faiz olmaqla güzəştli kredit götürmək imkanı veriləcək. Bu da vətəndaşlara imkan verəcək ki, qalan hissəni 1 faizlik kredit götürməklə 5 il müddətinə ödəyə bilsinlər. Bunun üçün Mərkəzi Bank 682 milyon manatlıq krediti kommersiya banklarına ödəyəcək. Banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr silinir, məhkəmələrdə olan işlərin geri çağırılması tövsiyə olunub".
"Ümumilikdə bu Fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan verəcək. Həmçinin bu, vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından ciddi addım kimi qiymətləndirilməlidir", - deyə Vüqar Bayramov əlavə edib.