“AzerGold” QSC 1163 kiloqram civə ixrac edib İqtisadiyyat

“AzerGold” QSC 1163 kiloqram civə ixrac edib

"AzerGold" QSC 1163 kiloqram civə ixrac edib. QSC-dən bildirilib ki, beynəlxalq standartlar əsasında fəaliyyət göstərən "AzerGold" istehsalat nəticəsində formalaşan civənin qanunamüvafiq şəkildə, ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində əməli tədbirlər həyata keçirir. Məlum olduğu kimi, Çovdar filiz emalı sahəsində istismar işləri zamanı çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, həmçinin müəyyən miqdarda civə də mövcuddur. İnsan həyatı və ətraf mühit üçün təhlükəli olan bu element xüsusi civə tutan avadanlıqdan istifadə edilərək ayrılır və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla qəbul edilmiş xüsusi standartlara uyğun qablaşdırılır.
Hazırda dünya praktikasında civənin torpaqda basdırılması və təkrar istehsalda istifadəsi kimi iki utilizasiya üsulu mövcuddur. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir.
Ekoloji və sosial məsuliyyətin "AzerGold"un prioritetlərindən biri olduğu nəzərə alınaraq QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirilməsini tətbiq etməkdədir. Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılıb və tələbatın olmadığından sadalanan şərtlər çərçivəsində çoxsaylı xarici şirkətlərlə müvafiq danışıqlar aparılaraq bütün tələblərə cavab verən və daha sərfəli şərtlər təklif edən, həmçinin KYC (Know Your Customer), hüquqi və texniki audit ("due diligence") şərtlərinə cavab verən Sinqapurun "Asia Mercury" şirkəti ilə müqavilə imzalanıb. Nəticədə "AzerGold" QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 min manatadək mənfəət əldə edib.