
Azərbaycan iqtisadiyyatında uzun illər əsas müzakirə mövzularından biri neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun daha dayanıqlı inkişaf etdirilməsi olub. Bu çərçivədə Orta Dəhlizin inkişafı yalnız nəqliyyat və logistika layihəsi kimi deyil, Azərbaycanın iqtisadi modelinin transformasiyasına təsir göstərə biləcək strateji imkan kimi qiymətləndirilməlidir. Çünki söhbət sadəcə yüklərin Azərbaycan ərazisindən keçirilməsindən deyil, ölkənin regional ticarət, logistika, istehsal və xidmətlər sistemində daha böyük rol almasından gedir.
2026-cı ilin ilk yeddi ayında Azərbaycanda tranzit yükdaşımalarının həcmi 9,1 milyon tonu keçərək son beş ilin ən yüksək göstəricisinə çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artım deməkdir. Şərq–Qərb dəhlizi üzrə tranzit yükdaşımalarında artım isə 16,5 faiz təşkil edib. Eyni dövrdə Bakı limanında konteyner dövriyyəsinin 20 faiz artaraq 72 370 TEU-ya çatması Azərbaycanın logistika potensialının artıq real iqtisadi aktivliyə çevrildiyini göstərir.
Burada əsas məsələ rəqəmlərin artmasından daha çox onların iqtisadi struktur üçün nə ifadə etməsidir. Əgər Azərbaycan Orta Dəhlizdən yalnız tranzit haqqı əldə edən ölkə kimi istifadə edərsə, bu modelin iqtisadi təsiri məhdud qalacaq. Lakin dəhliz ətrafında logistika mərkəzləri, anbarlar, gömrük xidmətləri, sığorta, maliyyə, rəqəmsal ticarət, yükdaşıma və emal müəssisələri formalaşarsa, Orta Dəhliz qeyri-neft iqtisadiyyatının yeni sütunlarından birinə çevrilə bilər.
Məhz burada Azərbaycanın qarşısında daha böyük imkan açılacaq. Tranzit ölkədən logistika və istehsal platformasına keçid. Orta Dəhlizdə koordinasiya, infrastruktur və səmərəlilik tədbirləri həyata keçirildiyi halda 2030-cu ilədək yük axınlarının üç dəfə artırılması və daşınma müddətinin yarıya endirilməsi mümkündür. Göstəricələr də onu göstərir ki, Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 2030-cu ilədək 37 faiz, bu ölkələrlə Avropa İttifaqı arasında ticarətin isə 28 faiz arta bilər.
Bu perspektiv Azərbaycanın iqtisadi siyasətində mühüm dəyişiklik yarada bilər. Ənənəvi iqtisadi modeldə əsas gəlir mənbələrindən biri enerji resurslarının ixracıdırsa, yeni modeldə coğrafi mövqe özü iqtisadi resursa çevrilir. Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında yerləşən mövqeyini nəqliyyat, logistika, enerji və rəqəmsal bağlantılar vasitəsilə iqtisadi dəyərə çevirə bilər.
Əsas rəqabət üstünlüyü yükün Azərbaycan ərazisindən neçə günə və hansı xərclə keçməsində müəyyənləşəcək. Buna görə də gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənədləşmə, sərhəd keçidlərinin sürətləndirilməsi və müxtəlif ölkələrin nəqliyyat sistemlərinin inteqrasiyası həlledici əhəmiyyət daşıyır. Azərbaycan artıq e-TIR, e-CMR, real vaxt rejimində yük izləmə və digər rəqəmsal mexanizmlər istiqamətində addımlar atır. Nəticədə Çin–Avropa marşrutu üzrə tranzit müddətinin əvvəlki 38–53 gündən orta hesabla 12 günə qədər azalması qeyd olunur.
Digər tərəfdən, Orta Dəhlizin inkişafı Azərbaycanda yeni investisiya istiqamətlərini də stimullaşdıra bilər. Logistika parkları, anbar kompleksləri, yük terminalları, gəmiçilik, dəmir yolu xidmətləri, sığorta və maliyyə xidmətləri, elektron ticarət və hətta ixracyönümlü istehsal sahələri bu ekosistemin tərkib hissəsinə çevrilə bilər. Beləliklə, dəhlizdən əldə olunan gəlir yalnız tranzit xidmətləri ilə məhdudlaşmaz, iqtisadiyyatın digər sektorlarına da yayılar.
Orta Dəhlizin əsl iqtisadi əhəmiyyəti onun Azərbaycanı “keçid ərazisi” statusundan çıxarıb “dəyər yaradan mərkəz”ə çevirə bilməsindədir. Əgər ölkə ərazisindən keçən yüklərin bir hissəsi burada saxlanılır, qablaşdırılır, emal olunur, sığortalanır, maliyyələşdirilir və yenidən ixrac edilirsə, tranzit artıq ayrıca iqtisadi sektor deyil, çoxsaylı sahələri birləşdir…
Əli Səlimov, iqtisadçı