CW4: Azərbaycanın iqlim təşəbbüsləri Gündəm

CW4: Azərbaycanın iqlim təşəbbüsləri

Azərbaycan son illərdə beynəlxalq iqlim gündəliyinə öz töhfələrini verir. Belə ki, ölkə bərpa olunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidin sürətləndirilməsi, enerji səmərəliliyinin artırılması və istixana qazı emissiyalarının azaldılması istiqamətində mühüm layihələr həyata keçirir. Ölkənin ev sahibliyi etdiyi COP29 isə Azərbaycanın qlobal iqlim prosesinə verdiyi töhfələrin daha bir göstəricisi idi.
Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin davamı kimi Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsini (CW4) vurğulamaq olar.
Sentyabrın 11-dək davam edəcək CW4 çərçivəsində baş tutan tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə töhfə verəcək.
İqtisadçılar sözügedən tədbirin Azərbaycan üçün əhəmiyyəti haqqında “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.
Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycan qlobal iqlim məsələlərini dəstəkləyən ölkələrdəndir: “Nəzərə alsaq ki, Azərbaycan COP29-a ev sahibliyi etdi və bu tədbirdə qlobal iqlim dəyişiklikləri ilə bağlı kifayət qədər ciddi və strateji əhəmiyyət daşıyan məsələlər müzakirə olundu və qəbul edildi. Eyni zamanda, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkədaxili, həm regional, həm də qlobal əhəmiyyət daşıyan bir sıra layihələr reallaşdırılır”.
Azərbaycanın qlobal məsələlərdə rolu
Deputat vurğulayıb ki, BMT-nin Dördüncü İqlim Həftəsinin Azərbaycanda keçirilməsi də bir tərəfdən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətlər və əldə etdiyi uğurlar, digər tərəfdən isə bu tədbirlərin beynəlxalq olaraq qiymətləndirilməsini özündə əks etdirir: “Çünki bu, bütövlükdə qlobal iqlim gündəliyi baxımından kifayət qədər ciddi bir platformadır. Xüsusən nəzərə alsaq ki, tədbirdə praktik iqlim fəaliyyətləri, o cümlədən beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində həyata keçiriləcək fəaliyyətlərin və nəzərdə tutulan fəaliyyətlərin icrası ilə bağlı məsələlər müzakirə olunur. Bu isə ondan xəbər verir ki, sözügedən tədbir bütövlükdə iqlim dəyişiklikləri sahəsində mövcud layihələrin genişləndirilməsi istiqamətində kifayət qədər vacib bir tədbirdir. O baxımdan bu tədbirin keçirilməsi həm Azərbaycanın iqlim dəyişikliklərinə verdiyi töhfəni, həm də Azərbaycanın qlobal məsələlərdə oynadığı rolunu göstərir”.
Tədbirin müsbət yönləri
İqtisadçı Eldəniz Əmirov sözügedən tədbirin Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək bildirib ki, bu tədbirin müxtəlif istiqamətlərdə müsbət yönlərini ölkəmiz üçün görə bilərik: “Bunlardan birincisi bu tədbir COP29-un nəticələrinin davam etdirilməsi kontekstində qiymətləndirilməlidir. Çünki Azərbaycanda COP29-dan sonra həm ölkəmiz daxilində, həm də ölkəmizin beynəlxalq təşkilatlarda fəaliyyəti kontekstində məhz yaşıl iqtisadiyyat, ətraf mühitin qorunması kimi məsələlər əsas istiqamətlərdən biri olaraq qalmaqdadır. Düşünürəm ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin məhz qlobal iqlim diplomatiyasının mərkəzində qalmasına xidmət edir. Həmçinin bu, ölkəmiz üçün iqlim maliyyəsinin Azərbaycana cəlb edilməsi baxımından əhəmiyyətli ola bilər”.
Yaşıl iqtisadiyyat konsepsiyası
E.Əmirovun sözlərinə görə, digər istiqamətlərdən biri olaraq Azərbaycanda yaşıl iqtisadiyyat konsepsiyasının formalaşması, yaşıl iqtisadiyyat yönündə həm birbaşa, həm multiplikativ effektlərlə iqtisadiyyatın ayrı-ayrı sahələrində bu iqtisadi konsepsiyanın reallaşmasına xidmət edə biləcək mühitin formalaşmasına öz müsbət təsirini göstərəcək: “Ən əsası isə bu tədbir ölkənin qlobal imicinin gücləndirilməsinə xidmət edir. Ümumiyyətlə, istənilən beynəlxalq tədbirin bir ölkə ərazisində keçirilməsi həmin tədbirin predmetindən əlavə olaraq ölkənin imicinin formalaşmasına, yüksəlməsinə müsbət təsir göstərir və sözügedən tədbir də ölkə imicinə müsbət qatqılar qatmaq baxımından önəmlidir”.
İqlim maliyyəsi
İqtisadçı ekspert Asif İbrahimov diqqətə çatdırıb ki, bu tədbir Azərbaycanın yalnız iqlim müzakirələrində iştirak edən deyil, həm də beynəlxalq dialoqa ev sahibliyi edən ölkə kimi mövqeyini gücləndirir: “İkinci və daha vacib məsələ iqlim maliyyəsidir. Bu gün inkişaf etməkdə olan ölkələr üçün əsas problem iqlim dəyişiklikləri ilə mübarizə aparmaqdan daha çox, bunun üçün maliyyə resurslarını tapmaqdır. Bakıdakı müzakirələr Azərbaycanın özünün də bu imkanlardan necə istifadə edə biləcəyi baxımından əhəmiyyətlidir”.
“İqlim siyasətinə yalnız ekoloji məsələ kimi yanaşmaq düzgün deyil”
Ekspert əlavə edib ki, yaşıl enerji, enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması və iqlimə davamlı infrastruktur üçün beynəlxalq maliyyənin Azərbaycana cəlb edilməsi əsas prioritetlərdən biri olmalıdır: “BMT də iqlim maliyyəsini planların real layihələrə çevrilməsi üçün əsas şərtlərdən biri kimi vurğulayır. Azərbaycan üçün üçüncü əsas istiqamət yaşıl transformasiyanın iqtisadi imkanlara çevrilməsidir. İqlim siyasətinə yalnız ekoloji məsələ kimi yanaşmaq düzgün deyil. Burada yeni investisiyalar, yeni texnologiyalar, yaşıl sənaye, enerji səmərəliliyi və yeni iş yerləri üçün ciddi potensial var. Xüsusilə Azərbaycanın günəş və külək enerjisi potensialı nəzərə alınarsa, ölkə həm daxili enerji keçidini sürətləndirə, həm də gələcəkdə yaşıl enerjinin regional ixracatçısına çevrilə bilər”.
İqlim risklərinə davamlılıq
A.İbrahimovun fikirlərinə görə, digər mühüm məsələ Azərbaycan iqtisadiyyatının iqlim risklərinə davamlılığının artırılmasıdır: “İqlim dəyişiklikləri artıq yalnız ekoloji problem deyil. Kənd təsərrüfatına, su ehtiyatlarına, ərzaq təhlükəsizliyinə, sığorta sektoruna, tikintiyə və ümumilikdə iqtisadi artıma təsir edən amildir. Ona görə də Bakıdakı müzakirələrdən Azərbaycanın öz iqtisadi siyasətinə tətbiq edilə biləcək konkret mexanizmlər çıxmalıdır. Xüsusilə su qıtlığı və kənd təsərrüfatında məhsuldarlığın qorunması Azərbaycan üçün strateji məsələdir. Mənim fikrimcə, bu tədbirin Azərbaycan üçün ən böyük üstünlüyü ondan ibarətdir ki, ölkə beynəlxalq tərəfdaşlarla birbaşa əlaqə yaradaraq konkret layihələr üçün maliyyə və texnologiya cəlb edə bilər. İqlim Həftəsi sadəcə konfrans və çıxışlar platforması kimi qalmamalıdır. Buradan investisiya sazişləri, yaşıl maliyyə mexanizmləri, texnologiya transferi və özəl sektor layihələri çıxmalıdır. Əks halda belə beynəlxalq tədbirlərin iqtisadi səmərəsi məhdud qalacaq”.
Bakı qlobal iqlim dialoqunun mühüm mərkəzi kimi
O həmçinin bildirib ki, Azərbaycan üçün əsas məsələ iqlim gündəliyində beynəlxalq nüfuzu artırmaqla kifayətlənməmək, bu nüfuzu real iqtisadi üstünlüklərə çevirməkdir: “Bakı artıq qlobal iqlim dialoqunun mühüm mərkəzlərindən birinə çevrilir. İndi əsas hədəf bu platformadan istifadə edərək Azərbaycana daha çox yaşıl investisiya gətirmək, enerji və su təhlükəsizliyini gücləndirmək, kənd təsərrüfatını iqlim risklərinə uyğunlaşdırmaq və iqtisadiyyatın uzunmüddətli dayanıqlığını təmin etməkdir. Mən hesab edirəm ki, Dördüncü İqlim Həftəsinin Azərbaycan üçün əsas çağırışı məhz budur ki, beynəlxalq müzakirələri real layihələrə və real iqtisadi nəticələrə çevirə biləcəyik ya yox?”.

Röya İsrafilova