Krallıq suverenliyini qoruyacaq Dünya

Krallıq suverenliyini qoruyacaq

Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir

Yəməndəki husi qruplaşması neçə vaxtdır ki, Səudiyyə Ərəbistanına hücumlar edir, xüsusən də “Saudi Aramco” şirkətinin neft emalı zavodlarına PUA hücumu edilir.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin xarici işlər naziri Əfrah Əbdüləziz əz-Zube deyib ki, Yəmən husilərinin fəaliyyəti Tehranın regional maraqlarının irəlilədilməsinə xidmət edir və Yaxın Şərqin təhlükəsizliyinə təhdid yaradır.
Onun sözlərinə görə, İran Yəmənin strateji coğrafi mövqeyini qonşu dövlətlərə, beynəlxalq limanlara və əsas dəniz marşrutlarına qarşı təhdidlərin həyata keçirilməsi üçün platformaya çevirməyə çalışır:
“İranın dəstəyi ilə Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzi xarici təzyiq və şantaj vasitəsinə çevrilib. Husilərin Səudiyyə Ərəbistanındakı obyektlərə hücumları Ər-Riyadın münaqişənin siyasi yolla həlli istiqamətində səylər göstərdiyi bir vaxtda baş verib”.
"Nyu York Tayms" qəzetinin məlumatında deyilir ki,
Səudiyyə Ərəbistanı Yəməndəki üsyançı hərəkat – Ənsərullaha (husilər) qarşı tammiqyaslı müharibəni bərpa etməyə hazırlaşır.
Qəzetin məlumatına görə, Ər-Riyad sülhü qorumağa üstünlük verərdi, lakin hərbi ssenariyə hazırdır və husilər tərəfindən daha da gərginləşmə halında hava hücumları təşkil edə bilər. Səudiyyə rəsmisi qəzetə bildirib ki, krallıq özünü bütün lazımi vasitələrlə müdafiə edəcək.
Qeyd edilir ki, yeni bir münaqişə ABŞ-İran qarşıdurmasında əlavə bir cəbhə aça bilər. Analitiklər hesab edirlər ki, hərəkatın tam hərbi məğlubiyyəti ehtimalı azdır və Səudiyyə Ərəbistanının mümkün məqsədi onu zəiflətmək, danışıqları Ər-Riyad üçün daha əlverişli şərtlərə gətirməkdir.
Ötən gün Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi bəyanat yayaraq Krallığın Əbha, Xamis Muşait, Cazan və Nəcranda 73 mülki şəxsin xəsarət alması ilə nəticələnən husi terrorçu milisinin hədəf almasını ən sərt şəkildə pislədiyini bildirir.
Krallıq həmçinin husilərin Qırmızı dənizdə ticarət gəmilərini hədəf almağa davam etməsini və beynəlxalq dəniz naviqasiyasının azadlığına təhdid etməsini pisləyir.
Krallıq husilərin qardaş Yəmən Respublikasının və ərəb və İslam qonşularının təhlükəsizliyini və sabitliyini təhdid etmək üçün davamlı olaraq həyata keçirdiyi düşmənçilik yanaşmasını və cinayətkar davranışını qəti şəkildə rədd etdiyini və bütün sülh səylərini rədd etdiyini bir daha təkrarlayır.
Krallıq suverenliyini, milli aktivlərini qorumaq və vətəndaşlarının və sakinlərinin təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək qanuni hüququnu təsdiqləyir. Beynəlxalq hüquq qaydalarına uyğun olaraq, ərazisini və resurslarını hədəf alan heç bir təcavüzə dözməyəcək. Krallıq husi terrorçu milisinin günahsız mülki şəxsləri və mülki infrastrukturu hədəf almağa davam etməsinin nəticələri barədə xəbərdarlıq edir. Bu, husilər tərəfindən törədilən bütün eskalasiya formalarının və dəniz təhlükəsizliyinə davam edən təhdidlərin dərhal dayandırılmasının zəruriliyini vurğulayır.
Krallıq həmçinin beynəlxalq ictimaiyyəti öz məsuliyyətlərini yerinə yetirməyə və müvafiq Təhlükəsizlik Şurasının qətnamələrini, o cümlədən 2216 (2015) saylı qətnaməni yerinə yetirməyə çağırır.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Bakir Həsənbəyli deyib ki, Yəməndəki Husi hərəkatının Səudiyyə Ərəbistanını hədəf almasının və vurmasının arxasında uzun illərə dayanan siyasi, hərbi, dini və regional səbəblər dayanır. Bu düşmənçiliyin əsas səbəblərini belə izah etmək olar. Husilər 2014-2015-ci illərdə Yəmənin paytaxtı Sananı və hökumət binalarını ələ keçirəndə, Səudiyyə Ərəbistanı öz sərhədində husi hakimiyyətini qəbul etmədi. Husilər də buna cavab olaraq Səudiyyə şəhərlərini və hərbi bazalarını raket və PUA-larla vurmağa başladılar. Husilər Səudiyyə Ərəbistanını Yəmən xalqını "aclığa məhkum" etməkdə günahlandırır. Səudiyyə Ərəbistanı husilərin nəzarətindəki bölgələrə, xüsusilə limanlara və Sana Hava Limanına iqtisadi və hərbi blokada tətbiq edib. Husilər bu blokadanı qırmaq və Səudiyyəni güzəştə getməyə məcbur etmək üçün onun neft tankerlərinə, hava limanlarına və iqtisadi obyektlərinə zərbələr endirirlər: "Yəməndəki münaqişə həm də Yaxın Şərqin iki böyük dövlətinin nüfuz savaşıdır. Husilər şiə məzhəbinin bir qolu olan Zeydi icmasına mənsubdurlar və regional olaraq İran tərəfindən siyasi və hərbi cəhətdən dəstəklənirlər. Səudiyyə Ərəbistanı öz cənub sərhədində İranın sözü ilə oturub-duran bir rejimin qurulmasını öz milli təhlükəsizliyinə ən böyük təhdid hesab edir. Husilər də İranın rəhbərlik etdiyi müqavimət oxunun bir parçası kimi Səudiyyəni hədəf alır. Səudiyyə Ərəbistanı Yəmənlə birbaşa uzun quru sərhədinə malikdir. ABŞ və ya digər uzaq düşmənlərlə müqayisədə, Səudiyyə Ərəbistanının cənub şəhərləri husilərin əlindəki raket və dronların mənzili daxilindədir və çox asan hədəfdir. 2022-2023-cü illərdə tərəflər arasında müəyyən atəşkəs və sülh danışıqları aparılsa da, regional gərginliklər fonunda münaqişə tam həllini tapmadı. Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçılarından biridir. Husilər ölkənin dövlət neft şirkəti olan Saudi Aramco obyektlərini və Qırmızı dənizdəki limanlarını vurmaqla krallığa milyardlarla dollar iqtisadi ziyan vurmağa və dünya bazarında neft qiymətlərini qaldırmaqla beynəlxalq aləmə təzyiq etməyə çalışırlar. Səudiyyə Ərəbistanı bu hücumları öz suverenliyinin pozulması kimi qiymətləndirir və cavab zərbələri endirir. Husilərin Səudiyyə Ərəbistanını vurması həm illərdir davam edən hava hücumlarına və blokadaya qarşı bir qisas və müdafiə aktıdır, həm də İran-Səudiyyə rəqabətinin Yəmən cəbhəsindəki təzahürüdür".
Politoloq Elşən Manafov isə deyib ki, Səudiyyə Ərəbistanının Yəməndəki husilərlə münasibətlərdəki gərginlik regional, geosiyasi, dini konfessional və digər səbəbləri mövcuddur: "Səudiyyə husiləri İranla bağlı proiksi qüvvələr sırasında görür, onların simasında regionda ikinci "Hizbullah"ın yaradılmasında maraqlı deyil. İran və Səudiyyə arasında islam dünyasına rəhbərlik uğrunda gedən siyasi, ideoloji mübarizədə husilər İranın yanında yer alaraq Səudiyyəni guya islam dünyasını parçalanmaqda, radikal islamın yayılmasında ittiham edirlər. İran kimi Yəmən husiləri də Səudiyyəni ABŞ-nin sifatişi və dəstəyi ilə Ərəb dünyasını parçalamaqda ittiham edir, onu seperatçılıqda qınayırlar. Bu ittihamların heç biri təsdiqini tapmayıb Səudiyyə isə husiləri 2015-ci ildə Yəməndə dövlət çevrilişini həyata keçirib Yəmənin sünni iqtidarını İranın dəstəyi ilə hakimiyyətdən uzaqlaşdırmaqda ittiham edir".
Politoloq deyib ki, Səudiyyə və İran nəhəng enerji resurslarına malik dövlətlər kimi dünya enerji bazarında rəqabətdə olan dövlətlərdirlər və enerjinin daşınmasını təmin edən loqistik marşurutlara nəzarət uğrunda onların arasında gedən mübarizə dünya enerjj bazarlarında qiymətlərə təsir etməklə dəhlizlər və tranzit əhəmiyyətə malik nəqliyyat qovşaqları uğrunda qarşıdurmanı gücləndirir: "ABŞ-nin İrana təcavüzu ilə Hörmuz boğazı ətrafında yaşanan gərginlik Səuduyyənin neft daşınmalarını da çətinləşdurdiyindən Ər Riyad Qırmızı dəniz üzərindən bu daşınmaları həyata keçirməyə çalışır və burada Qırmızı dənizdən daşınmalara nəzarət edən husilərin hücumlarına məruz qalır. Neft tankerlərinin təhlükəsizliyinin təminatı ilə bağlı məsələlər rəsmi Ər Riyadı husilərə qarşı onları zərərsizləşdirmək məqsədilə tədbirlər görməyə sövq edir. Husilərin Qırmızı dənizdə yaratdığı "sədd" Avropanın enerji təminatı ilə bağlı problemləri kəskinləşdirdiyindən Səudiyyə husilərə qarşı apardığı mübarizədə Qərbin timsalında geosiyasi dəstəyə malikdir".
Siyasi ekspert Füzuli Kərimov deyib ki, bütün müsəlman dünyası husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir və beynəlxalq qanunlar çərçivəsində husilərə qarşı addımların atılması tələb olunur : "Husilərin arxasında İran dayanır, rəsmi Tehran isə Səudiyyə Ərəbistanın dünyada artan nüfuzundan çəkinir, buna görə də husilərin əli ilə ona zərbələr endirir. Amma Krallıq kənardan ona edilən bütün hücumları dəf etmək iqtidarındadır, onu zəiflətmək o qədər də asan deyil. İran və onun dəstəklədiyi qüvvələr onudur ki, Krallıq böyük güc və nüfuza malikdir".

Cavid