Azərbaycanda quraqlığa və xəstəliyə davamlı toxum sortlarının əldə edilməsi istiqamətində iş aparılır İqtisadiyyat

Azərbaycanda quraqlığa və xəstəliyə davamlı toxum sortlarının əldə edilməsi istiqamətində iş aparılır

Azərbaycanda yağıntıların qeyri-bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni zəruri edir.
Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
Nazir bildirib ki, bu məqsədlə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir: "Aidiyyəti dövlət orqanları o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirir, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən quraqlığa və xəstəliyə davamlı toxum sortlarının əldə edilməsi istiqamətində iş aparılır”.
İ.Kərimov vurğulayıb ki, hazırda müasir toxumçuluq müəssisələrinin yaradılması istiqamətində də iş gedir: “Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutları təkmilləşdirilmiş toxum sortları yaradılıb. Əsas məqsəd yüksək məhsuldarlıq əldə etməkdir".
Nazir əlavə edib ki, kənd təsərrüfatı sahəsində yeni aqrar sığorta mexanizmi yaradılıb. Dövlət və özəl sektorların əməkdaşlığının ən yaxşı nümunələrindən biri kimi yeni yaradılan mexanizm artıq gələn ildən etibarən işə düşəcək.