KOBİA-nın təşkilatçılığı ilə Salyanda istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib İqtisadiyyat

KOBİA-nın təşkilatçılığı ilə Salyanda istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

Dekabrın 17-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Salyan rayonunda meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib.
Dövlət-sahibkar dialoqu platforması çərçivəsində təşkil olunmuş görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Salyan Rayon İcra Hakimiyyətinin, eləcə də 50-yə yaxın istixana təsərrüfatının nümayəndələri iştirak ediblər.
Görüşdə sahibkarların qaz sərfiyyatına görə borclarla bağlı güzəştlərin olunması, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb. İstixana təsərrüfatlarında sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərin “Azəriqaz”ın hesabına yerinə yetiriləcəyi, digər müraciətlərlə bağlı isə sahibkarlara dəstək göstəriləcəyi bildirilib.
Tədbirdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov istixana təsərrüfatlarının məşğulluğun təmin olunmasında, ixracın artırılmasında əhəmiyyətini vurğulayıb, bu sahənin KOBİA-nın da diqqət mərkəzində olduğunu qeyd edib. Bildirilib ki, bu görüş sayca 3-cü görüşdür və bundan əvvəl Şəmkir rayonu və Bakı şəhərinin Xəzər rayonunda istixana təsərrüfatlarının sahibləri ilə müzakirələr aparılıb. Belə formatda görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Görüşdə qaldırılan məsələlərin KOBİA tərəfindən diqqətdə saxlanılacağı və həllinə dəstək göstəriləcəyi bildirilib.