ÜGT-nin 10-cu beynəlxalq konfransı Bakıda keçiriləcək İqtisadiyyat

ÜGT-nin 10-cu beynəlxalq konfransı Bakıda keçiriləcək

Tərlan

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyətinin iştirak etdiyi Meksikanın Puebla şəhərində keçirilən 9-cu beynəlxalq PICARD Konfransı öz işini yekunlaşdırıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, konfrans işini Beynəlxalq Ticarətin Asanlaşdırılması üzrə ÜTT sazişi; beynəlxalq ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin olunmasında gömrük xidmətlərinin rolu; gömrük xidmətində rəqəmsal sistemə keçid problemləri ətrafında qurub. Konfransın açılışında ÜGT-nin baş direktoru Kunio Mikuriya çıxış edərək beynəlxalq ticarətin asanlaşdırılması üzrə ÜGT-nin həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat verib. Baş katib eyni zamanda PICARD-ın bu sahədə fəaliyyətini müsbət qiymətləndirib və ÜGT-nin bu istiqamətdə həyata keçirdiyi layihələrə dəstək olaraq təsir dairəsinin daha da genişləndirməsini qeyd edib.
Konfransda ÜGT Katibliyinin araşdırmalar üzrə fəaliyyəti, ÜGT-nin Tədris və İnkişaf Təşəbbüsünün fəaliyyəti, Amerika və Karib Regionda Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin fəaliyyəti, beynəlxalq ticarətin asanlaşdırılmasında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) rolu və PİCARD Məşvərət Qrupunun üzvlərinin yenidən seçilməsi kimi məsələlər müzakirə olunub.
Konfransda Beynəlxalq Gömrük İnstitutları Şəbəkəsinin katibi Mixail Kaşubskinin təqdimatında 21-23 May 2014-cü ildə Bakı şəhərində keçirilmiş INCU-nun beynəlxalq konfransı haqqında geniş məlumat verilmiş və bu konfransda qəbul edilmiş Bakı Bəyannaməsinin müddəaları açıqlanmışdır. Eyni zamanda təqdimatda xalqımızın mədəniyyətini, adət və ənənələrini özündə əhatə edən konfransın mədəni proqramı haqqında müxtəlif slaydlar göstərilmiş, Komitə sədri Aydın Əliyevə konfransın yüksək səviyyədə təşkil olunması və qonaqpərvərliyə görə INCU rəhbərliyi adından minnətdarlıq edib.
Tədbirin son günündə 10-cu beynəlxalq PICARD konfransının Azərbaycanda keçirilməsi ÜGT rəsmiləri tərəfindən elan edilmişdir. Bununla əlaqədar olaraq, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev konfransda çıxış edib. Konfrans iştirakçılarına Azərbaycanın mövcud inkişafı, o cümlədən gömrük xidmətinin nailiyyətləri barədə film nümayiş etdirilib. Konfrans iştirakçıları ÜGT-nin növbəti PICARD konfransının Azərbaycanda keçirilməsini yüksək məmnuniyyətlə qarşılayaraq növbəti konfransda iştirak etmək arzularını bildirmişlər. Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ÜGT-nin baş direktoru Kunio Mikuriya ilə işçi qaydada görüş keçirmiş və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Tədbir və görüşlərdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov da iştirak edib.