TANAP-la Türkiyəyə bu il 1,3 mlrd. kubmetr qaz nəql olunub İqtisadiyyat

TANAP-la Türkiyəyə bu il 1,3 mlrd. kubmetr qaz nəql olunub

İstifadəyə veriləndən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 5,1 mlrd. kubmetrdən çox qaz çatdırılıb.
Energetika Nazirliyindən verilən məlumata görə, TANAP-la Türkiyəyə bu ilin yanvar-aprel ayları ərzində 1,3 mlrd. kubmetr qaz nəql edilib.
Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə hazırda Azərbaycan qazı Türkiyəyə nəql edilir. Bu il Trans-Adriatik qaz kəmərinin (TAP) işə düşdükdən sonra TANAP-la qaz Avropaya nəql edilmək üçün Türkiyə ilə Yunanıstanın sərhədinədək nəql edilməyə başlayacaq.
"Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, 2019-cu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib.