Rus rublunun “ölməsi”nin MDB-yə təsiri İqtisadiyyat

Rus rublunun “ölməsi”nin MDB-yə təsiri

Rusiya aclıq təhlükəsi ilə qarşı-qarşıya qala bilərmi?

Cavid

Ukraynada uzun müddətdir ki, davam edən siyasi böhran, habelə Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi hər iki dövlətin iqtisadiyyatına təsirsiz ötüşməyib. Üstəlik Qərbin Rusiyaya qarşı sanksiyaları da xeyli problemlər yaradıb. Həm Ukrayna, həm də Rusiyanın fond birjalarında indekslər kəskin şəkildə aşağı düşüb.
Rusiyanın Mərkəzi Bankı rublun məzənnəsini stabil saxlamaq üçün öz valyuta ehtiyatlarından artıq 10 milyard dollardan çox vəsait xərcləyib. Moskvanın Kiyevə müharibə hədəsi bu dövlətin rezervlərində 70 milyard dollar itkiyə səbəb olub.
Hər iki dövlətin Azərbaycanın xarici ticarətində əsas partnyorlar olduğunu nəzərə alsaq, bunun ölkəmizə də təsirsiz ötüşməyəcəyini gözləmək olar. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Rusiya ilə ticarət dövriyyəmiz 2,3 milyard dollar, Ukrayna ilə isə 846 milyon dollar olub.
Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsuları ilə təmintından bu iki dövlətin ən böyük payı olduğunu deyə bilərik. Yəni ölkəmizin ərzaq təhlükəsizliyinin böyük bir faizi bu ölkələrlə əlaqələrə köklənib. Belə ki, Rusiyadan əsasən, at, ulaq, iri və xırda buynuzlu ev heyvanları, balıq və balıq məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, kərə yağı, yumurta, toxumluq və ərzaq buğdası, habelə digər dənli bitkilər, günəbaxan, konservləşdirilmiş ət və balıq məhsulları, şəkər, tikinti materialları, neft məhsulları, kosmetik vasitələr, dəftərana ləvazimatları, müxtəlif şampunlar, geyim əşyaları və sair mallar idxal olunur.
İxracatda isə əsas meyvə-tərəvəz, konsevrləşdirilmiş meyvə və tərəvəzlər, çaxır, neft və neft məhsulları tutur.
Beləliklə, hər iki dövlətin iqtisadiyyatında böhran yaşanarsa, istehsalatın zəifləyəcəyi qaçılmazdır. Belə olan halda Azərbaycanda aqrar sahə məhsullarının qıtlığı yarana bilər. Bu ölkələrdə yarana biləcək bahalaşma Azərbaycanda da idxal inflyasiyasını gücləndirə bilər.
Rusiyadan Azərbaycana idxal olunan məhsulların qiymətində ciddi dəyişikliklər də gözlənir. Buna da əsas səbəb rublun dəyərdən düşməsidir. Yaranmış vəziyyətin Azərbaycana mümkün təsirləri barədə danışmazdan öncə qeyd edək ki, Rusiyanın milli valyutasının məzənnəsi dollar və avroya nisbətdə aşağı enməkdədir. Artıq rublun dəyişmə kursu 2009-cu ilin rekordunu təzələyib. Mübadilə məntəqələrində bir ABŞ dollarına 33 rubl 89 qəpik təklif olunur ki, bu da 41 qəpik artım deməkdir.
Qarşıdakı dövr ərzində isə rublun kursunun daha sürətlə aşağı düşməsi proqnozlaşdırılır. Ekspertlər isə yaranmış vəziyyəti dünyada neftin qiymətinin aşağı düşməsi ilə izah edir. Hesab olunur ki, Azərbaycanda rublun kursunun aşağı düşməsi Rusiya ilə bağlıdır. Rusiyalı maliyyə analitiklərinin fikrincə, rublun məzənnəsinin düşməsi ölkədə yaxın zamanlar ərzində qiymət artımına gətirib çıxaracaq. Analitiklər onu da qeyd edirlər ki, qiymətlərin artması həm də Rusiya pərakəndə ticarət bazarında 40 faiz mal ehtiyatının idxal nəticəsində formalaşması ilə bağlıdır. Bu isə faktiki olaraq, qiymətlərin qalxmasına təkan verir.
Rublun ucuzlaşması şimal qonşularımızdan gələn idxalın həcminin artmasına səbəb olacaq. Çünki manatın bahalaşması hesabına bu ölkədən gətirilən mallar xeyli ucuz olacaq ki, bu da yerli istehsalın rəqabət qabiliyyətini azaldacaq. Eyni zamanda bu, xaricdən göndərilən pul baratlarına da təsir göstərir. Çünki rublla qazanan soydaşlarımız Azərbaycana pul göndərəndə onu ya Rusiyada dollara çevirib göndərir, ya da Azərbaycanda manata çevirir. Bu isə soydaşlarımızın qazandığı pulun dəyərsizləşməsi deməkdir.
Hələlik isə bəzi ekspertlər hesab edir ki, rublun məzənnəsinin aşağı düşməsi əslində həm Rusiya, həm də Azərbaycan üçün faydalıdır. Burada şimal qonşumuzun əldə etdiyi fayda ondan ibarətdir ki, idxal-ixrac əməliyyatı əsasən dollarla aparılır. İxracdan əldə etdiyi gəlirləri milli valyutaya dəyişəndə hökumət daha çox vəsait əldə edir.
İqtisadçılar düşünürlər ki, sözügedən proses Rusiya mallarının ixrac qiymətlərinin azalmasına gətirib çıxaracaq. Həmçinin, Azərbaycana idxal olunan mallar da ucuzlaşacaq. Çünki rus valyutasının dəyəri Azərbaycan manatı ilə müqayisədə aşağıdır. Ona görə də adıçəkilən ölkədən idxal olunan məhsulların hamısı getdikcə ucuzlaşacaq.
Onu da qeyd edək ki, iki gün əvvəl Azərbaycan hökuməti ilə Moskva meriyası arasında 48 sənəddən ibarət saziş imzalanıb. Moskva meri Sergey Sobyanin bəyan edib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafını ticarət dövriyyəsi təşkil edir ki, 2013-cü ildə də bu göstərici 30 faiz artıb: "Azərbaycan və Moskvanın potensialını nəzərə alsaq, bu rəqəm qənaətbəxş deyil. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya paytaxtına ixracı ticarət dövriyyəsini xeyli dərəcədə artıracaq. Son illər ticarət dövriyyəsinin 3 dəfə artmasına baxmayaraq, Moskva bazarlarında Azərbaycan məhsullarının tələbatını nəzərə alsaq, bunu nəinki 30 dəfəyə qədər, hətta 300 dəfəyə qədər artırmağa imkan verir".
Moskva meri Azərbaycan məhsullarının loqistik mərkəzlərə ixrac edilməsi üçün böyük imkanların olduğunu və burada istənilən ölçüdə xeyli sayda alıcı seçmək imkanının olduğunu vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev isə Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağını vurğulayıb. Məlumata görə, görüş zamanı Moskvaya meyvə-tərəvəz məhsullarının, həmçinin quş ətinin tədarük edilməsi məsələsi ilə bağlı ilkin razılıq əldə olunub.
Məlumdur ki, Qərbin sanksiyalarına cavab olaraq Rusiya Avropadan idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına embarqo qoyub. Bundan istifadə edən Azərbaycan fermerlərinin istehsal etdikləri məhsulları qonşu dövlətə ixrac etmə imkanları genişləndi. Nəticədə yerli bazarda yaranan qıtlıq qiymətlərin bahalaşmasına gətirib çıxarıb. İndi isə hökumətlərarası razılaşmadan məlum olur ki, sözügedən ixrac əməliyyatı daha da genişlənə bilər. Belə olan halda, hökumət daxili bazarda qıtlığın olmasının qarşısını almaq üçün hansı addımlar atmalıdır?
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov ixracın daha da genişləndirilməsinin mümkün olmadığını bildirib: "Azərbaycandan Rusiyaya ixracın həcmi ötən illərlə müqayisədə azalıb. Azalma tendensiyası ildən-ilə artır. Əgər görüşdə Moskvaya idxalın 3 dəfə artdığını deyirlərsə, bunun ümumi ticarətə aidiyyatı yoxdur. Bu o deməkdir ki, Azərbaycan sahibkarlarının Rusiyanın digər şəhərlərinə göndərdiyi məhsulların həcmi azalıb və əsas ixrac Moskva üzərindən həyata keçirilir".
Ekspertə görə, rublun dəyərdən düşməsinə baxmayaraq, fermerlərimiz üçün bu bazar daha cəlbedicidir: "Rusiya əhalisinin alıcılıq qabiliyyəti bizim ölkə ilə müqayisədə yüksəkdir. Bizim tədarüklə məşğul olan sahibkarlarımız məhz buna uyğun iş görürlər. Onlar operativ şəkildə həm rublun kursu, həm məhsulun qiyməti, həm də daşınma ilə bağlı məlumat alırlar. Burada hökumətin bir nömrəli vəzifə borcu ondan ibarətdir ki, o ölkənin ərzaq mallarına olan tələbatını tam ödəsin. Tələbatı tam ödəmək üçün öncə daxili istehsala baxırlar, əgər əskiklik varsa, xaricdən idxal edirlər. Rusiya hökuməti Azərbaycanla müqayisədə istehsalı iki dəfə artıq olmasına baxmayaraq, yenə də narahatdır. Ümumiyyətlə, sivil dövlətlərdə ərzaq təhlükəsizliyi üçün istehsalı artırmağa çalışırlar. Hətta 20 faizə yaxınını ehtiyat fond kimi saxlayırlar. Ancaq artıq məhsulun ixracı haqqında düşünürlər. Hökumətin qarşısında duran ilkin vəzifə daxili tələbatı tam ödəməkdir. Burada həm qiymət, həm də idxal-ixrac siyasətini müəyyənləşdirməlidirlər".
İqtisadçı Vüqar Bayramovun fikrincə, regiondakı son proseslər-Rusiya-Ukrayna arasında olan gərginlik, birmənalı şəkildə Rusiya iqtisadiyyatına, eləcə də Rusiya rubluna mənfi təsir göstərir. Və güman olunur ki, Rusiya rublunun məzənnəsindəki addımlar ciddi şəkildə davam edəcək. Baxmayaraq ki, bu Rusiyanın ixrac potensialını artıra bilər, amma dollara nisbətən, rublun məzənnədən düşməsi, bu Rusiya iqtisadiyyatı üçün ciddi bir problemdir.
Onun sözlərinə görə, Azərbaycan üçün Rusiya rublunun məzənəsinin aşağı düşməsi, həm makro, həm də mikro yanaşma səviyyədə təsirlərə malikdir: "Makro səviyyədə təsir ondan ibarətdir ki, Dövlət Neft Fondu ehtiyatlarının bir qismini rubl ilə saxlayır. Yəni, rublun aşağı düşməsi, həmin ehtiyatlara mənfi təsir göstərəcək, onların dəyərinin azalmasına da gətirib çıxara bilər. Digər neqativ tərəf ondan ibarətdir ki, Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi, rublun manata nisbətən məzənəsinin də azalmasına gətirib çıxaracaq. Yəni, manat da rubla nisbətən möhkəmlənəcək. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabilliyətini müəyyən qədər məhdudlaşdıracaq. Bu, faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalı olmasına gətirib çıxaracaq.
Hesab edirəm ki, rublun aşağı düşməsi davam edərsə, bu Rusiyanın Azərbaycan ixracatının artmasına, Azərbaycanın Rusiyadan idxalının artmasına gətirib çıxaracaq".
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə isə, Rusiya hökumətinin son hərəkəti, iqtisadi vəziyyəti düzəltmək əvəzinə, daha da geri salacaq: "Rusiyanın iqtisadiyyatı onsuz da yaxşı vəziyyətdə deyil. Bildiyiniz kimi, Rusiya o dövlətlərdəndir ki, əsasən enerji resurslarının satışından büdcəni doldurur, gəlir əldə edir. Putinin özü də artıq bəyan edib ki, artıq enerji resurslarına söykənməyə o qədər etibar etmək olmaz. İndi, son hadisələrdən sonra, Putin müəyyən bəyanatlar versə də, iqtisadi fraksiyaları gerçəkləşdirərsə bu təbii ki, Rusiya üçün böyük fəlakət olacaq. Çünki, Rusiyanın özündə büdcəni doldurmaq üçün neftdən, qazdan kənar iqtisadi potensial yoxdur".
P.Heydərovun təbirincə, Rusiyada bu proseslər hələ təzə başladığı üçün proqnoz vermək çətindir: "Azərbaycanla əlaqədar mənfi təsirini gözləmirəm. Rusiyadakı azərbaycanlılara olan münasibətlə əlaqədar olaraq, Rusiyadan pul axınında zəifləmə baş verib. Ona görə də, Azərbaycanla bağlı iqtisadi münasibətlərdə yaxın perspektiv üçün elə də ciddi bir təhlükə gözlənilmir".