Azərbaycanda bu il muzdlu işçilərə 95 mln. manat kompensasiya ödənilib İqtisadiyyat

Azərbaycanda bu il muzdlu işçilərə 95 mln. manat kompensasiya ödənilib

Pandemiya və neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində bu ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 mln. manat kompensasiya ödənilib.

Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 mln. vəsait verilib.

"Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 mln. manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 mlrd. həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 mln. manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub", - deyə M. Cabbarov qeyd edib.

Nazir əlavə edib ki, 3 mln. manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq.