Neftin qiyməti 82 dollara düşdü İqtisadiyyat

Neftin qiyməti 82 dollara düşdü

Vüqar Bayramov : "ABŞ neftin qiymətinin 55 dollaradək azaldılmasına nail ola bilər"

"Media forum" saytına danışan iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, xam neftin 1 barrelinin dünya bazarında qiyməti 82 dollara düşüb: "Tələb azalır, təklif isə yüksək olaraq qalır. Rusiyanın gözləntilərindən fərqli olaraq Səudiyyə Ərəbistanı neft hasilatını azaltmadı, hətta neft ixracında qiymət endirimləri tətbiq etməyə başladı. "Saudi Aramco" Asiyaya ixrac etdiyi neftin hər barrelinə 1 dollar, Amerika Birləşmiş Ştatlarına göndərdiyi neftə 40 sent güzəşt tətbiq edib. Bir müddət öncə 2015-cü il üçün neftin hər barrelini 10 dollar aşağı salan "Vest Texas İntermediate" isə proqnoz qiymətə yenidən baxmaq niyyətindədir.
Rusiya dünyada ən iri neft istehsalçısı statusunu saxlasa da, bazardakı son dəyişikliklər şimal qonşumuzun mövqelərinin zəiflədiyini göstərir. Gündəlik hasilat Rusiyada 10.9, Səudiyyə Ərəbistanında 9.8, ABŞ-da isə 8.5 milyon barreldir.
Bununla yanaşı Birləşmiş Ştatlar mavi qaz istehsalından gündəlik olaraq 3 milyon barrel likvid neft əldə edir. Gündəlik neft idxalını 2007-ci illə müqayisədə 8.7 milyon barrel azaltmağı bacaran ABŞ artıq hər gün dünya bazarına 400 min barrel neft göndərir. Qərbin müttəfiqinə çevrilmiş Liviyanın gündəlik neft hasilatı isə 240 mindən 800 min barrelədək yüksəlib.
Rusiyaya tətbiq edilən sanksiyalar fonunda ABŞ Rusiyanın əsas gəlir mənbəyini ciddi şəkildə məhdudlaşdırmağa çalışır. İxracının 68 faizi neft, neft məhsulları və mavi qaz olan xaricə göndərdiyi hər 100 dollarlıq məhsulun 54 dolları xam neftdir. Vaşinqton-Moskva münasibətlərində gərginlik davam edərsə, ABŞ neftin dünya bazar qiymətinin hər barrel üçün 60, hətta 55 dollaradək azaldılmasına nail ola bilər. Neftin dünya bazar qiymətinin uzun müddət deyil, hətta 6 ay belə aşağı səviyyədə saxlanması Rusiya iqtisadiyyatının ciddi silkələnməsi demək olar".