Azərbaycan qaz ixracını artırıb İqtisadiyyat

Azərbaycan qaz ixracını artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16 208 mln. kubmetr təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ehtiyatların 85%-i hasilatın, 15%-i qalığın hesabına formalaşıb. Təbii qazın 39,6%-i istehlak, 41,1%-i ixrac olunub, 3,2%-i itkiyə gedib, 16,1%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 65,6%-i istehsal ehtiyaclarına sərf edilib, 34,4%-i isə əhaliyə satılıb.

Yanvar-iyun aylarında 6 656,2 mln. kubmetr və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16% çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2 212,7 mln. kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,3% çox təbii qaz istehlak edilib, onun 37%-i Bakı şəhərinin, 3%-i Naxçıvan Muxtar Respublikasının, 16,5%-i Aran, 12,2%-i Gəncə-Qazax, 10,6%-i Abşeron, 6,2%-i Lənkəran, 5,2%-i Şəki-Zaqatala, 4,7%-i Quba-Xaçmaz, 2,6%-i Dağlıq Şirvan, 2%-i isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.