ARDNŞ-dən Yunanıstana cavab İqtisadiyyat

ARDNŞ-dən Yunanıstana cavab

"Azərbaycan qazının qiymətinin Yunanıstan üçün azaldılması mümkün deyil"

TransAdriatik (TAP) qaz kəməri ilə alınan və Yunanıstana göndərilən Azərbaycan qazının qiymətinin azaldılması hazırda mümkün deyil. Bu barədə "Trend"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yüksək vəzifəli məmuru bildirib.
Onun sözlərinə görə, belə qiymət azaldılması beynəlxalq praktikaya uyğun deyil: "Əgər müqavilə 25 illik müddət üçün bağlanılıbsa, orada bazar vəziyyətinin kəskin dəyişdiyi halda qazın qiymətinin dəyişməsi nəzərdə tutulub. Amma bu, yalnız qaz tədarükündən sonra baş verir. Qaz hələ daxil olmayıb, ona görə hazırda qazın qiymətinin dəyişməsini müzakirə etmək mənasızdır".
Dövlət Neft Şirkətinin investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov da bildirib ki,
Yunanıstanın Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan alacağı qazın satış qiymətinin aşağı salınması kimsə istəsə belə, mümkün deyil.
E. Nəsirov qeyd edib ki, bu, qəbul edilən beynəlxalq təcrübənin tələblərinə uyğun gəlmir.
Vitse-prezident Azərbaycan qazının satışı ilə bağlı Yunanıstanla 25 il müddətinə müqavilə imzalandığını xatırladıb: "Müqavilədə tərəflərin qazın alış və ya satış qiymətinin dəyişdirilməsi ilə bağlı danışıqların aparılması mümkünlüyü barədə müddəalar var. Bu da bazar vəziyyətində kəskin dəyişiklərin olduğu zaman baş verə bilər. Amma bu proses qazın tədarükündən sonra baş tuta bilər. Yunanıstan tərəfi hələlik qaz almadığı üçün hər hansı qiymətin dəyişdirilməsindən söhbət gedə bilməz.
Həm də qazın qiymətinin düşməsi nə Yunanıstan, nə Azərbaycan, nə də ki SOCAR-dan asılı deyil. Qiymətlə bağlı müqavilə Yunanıstan şirkəti ilə Yunanıstana qaz tədarük edəcək 7 şirkətin daxil olduğu konsorsium tərəfindən imzalanıb".
O əlavə edib ki, bununla bağlı mexanizm Yunanıstan tərəfi və qazı tədarük edəcək və danışıqları həyata keçirən qrup tərəfindən hazırlanıb:
"Müqavilə imzalandıqdan sonra bu qrup öz fəaliyyətinə xitam verib. Məhz buna görə, qazın qiymətin aşağı salınması ilə bağlı danışıqları aparılacaq heç bir tərəf yoxdur".
E. Nəsirov TAP layihəsi çərçivəsində Azərbaycan qazının nəqli üçün Yunanıstanın tranzit qiymətlərinin qaldırılması ilə bağlı tələbindən də danışaraq qeyd edib ki, bu məsələ birbaşa Avropa İttifaqına ünvanlanacaq məsələdir, lakin Avropa İttifaqının şərtlərinə uyğun deyil.
O qeyd edib ki, bütün bu şərtlərin qarşılığında SOCAR-ın Yunanıstan tərəfindən əsas tələbi tədarük ediləcək təbii qaza görə vaxtında ödənişin edilməsi və kəmərin tikintisinin gecikməməsidir:
"SOCAR mütəmadi olaraq Yunanıstanın yeni hökuməti ilə əlaqədədir. Əgər Yunanıstan iqtisadiyyatı TAP-ın mövcudluğundan daha intensiv templərlə inkişaf edəcəksə, biz bu layihəyə istənilən dəstəyimizi verməyə hazırıq".
Qeyd edək ki, ötən həftə Yunanıstan mətbuatında TAP-la daşınacaq Azərbaycan qazının tranzit haqlarının aşağı olması, Yunanıstanın Azərbaycandan alacağı qazın qiymətlərinin bahalı olması ilə bağlı yeni hökumətdə narazılıq olduğu və Azərbaycanla bununla bağlı danışıqlar aparılacağı barədə məlumat yayılmışdı.