“Türkiyəni zəiflətmək, onu parçalamaq üçün çalışırlar” Müsahibə

“Türkiyəni zəiflətmək, onu parçalamaq üçün çalışırlar”

Sərdar Ünsal: " Türkiyə və Azərbaycanın daha da yaxınlaşmasını istəməyən qüvvələr terror aksiyasının həyata keçirilməsində maraqlı olublar"

"Ən qorxulu odur ki, Türkiyəyə dəstək verən Azərbaycanda da terror aksiyaları həyata keçirilsin"

Türkiyə yaxın bir ay ərzində artıq ikinci dəfədir ki, qanlı terror aksiyası ilə üz-üzə qalır. Keçən ay paytaxt Ankarada həyata keçirilən terror aksiyasının ardınca bu günlərdə ankaralılar daha bir şiddətli terraktla qarşılaşdılar. 30-dan çox insanın həlak olması, 100-dən artıq yaralının qeydə alındığı terror aksiyası bu dəfə də prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ərəfəsində baş verdi. Məlumat üçün qeyd edək ki, keçən ay paytaxt Ankarada baş verən terror aksiyası da məhz Ərdoğanın Azərbaycan səfərinə bir gün qalmış baş vermişdi. Bəs görəsən bütün bunlar təsadüfdürmü? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Sərdar Ünsal bundan sonra Türkiyənin ata biləcəyi addımlar barədə də danışıb.
-Sərdar bəy, bu günlərdə paytaxt Ankarada daha bir terror aksiyası həyata keçirildi. Bu dəfə də terror məhz prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri öncəsi reallaşdırıldı. Sizcə, terraktlar həm də Ərdoğanın Azərbaycan səfərinə əngəl törətmək məqsədi daşımırmı?
-Əvvəla qeyd edim ki, Ankarada həyata keçirilən növbəti terror aksiyası ürəyimizi parçaladı. Acımız böyükdür. Hesab edirəm ki, terror aksiyası daxildəki və xaricdəki xain qüvvələrin işbirliyi ilə gerçəkləşdirilib. Bu planlı şəkildə həyata keçirilmiş bir aksiyadır. Bundan əvvəl də oxşar hadisə yaşanmışdı. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın daha da yaxınlaşmasını istəməyən qüvvələr terror aksiyasının həyata keçirilməsində maraqlı olublar. Bu sırada başda Rusiya, bəzi Avropa Birliyi dövlətləri durur. Həmçinin İŞİD-in də bu terraktda barmağı var. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı mühüm sənədlərə imza atacağı, ciddi açıqlamalar verəcəyi şübhəsiz idi. Məncə bəzi xarici qüvvələr, eləcə də Rusya bu işi əngəlləmək üçün bu aksiyanı gerçəkləşdirib. Bir daha qeyd edirəm ki, bu planlı bir terror aktıdır və bu terrorun arxasında da Rusiya dayanır.
-Belə çıxır ki, bəzi xarici güclər qətiyyətlə Türkiyə və Azərbaycanın yaxınlaşmasını istəmir.
-Əlbəttə. Başda Rusiya olmaqla bəzi dövlətlər Azərbaycan və Türkiyənin yaxınlaşmasını əngəlləmək üçün hər cür addımlara, hətta terrora əl atırlar. Ankarada həyata keçirilən terror aksiyaları da bunun göstəricisidir. Rusiyaya məxsus qırıcı təyyarənin hava sərhəddimizi pozmasına qarşılıq olaraq vurulmasından sonra Azərbaycanın Türkiyənin yanında olması və Bakıdan verilən bəzi açıqlamalar rusların ciddi narazılığına səbəb olmuşdu. Hesab edirəm ki, Xəzər dənizindəki Günəşli yatağında baş verən yanğında da Rusiyanın əli vardı. Ən qorxulu odur ki, Türkiyəyə dəstək verən Azərbaycanda da terror aksiyaları həyata keçirilsin. Yaxud Rusiyanın diqtəsi ilə Ermənistan cəbhə xəttində yeni təxribatlara əl atsın.
-Türkiyəni terrorla geri addım atmağa, onu gücsüz duruma sürükləməyə məcbur edə bilərlərmi?
-Türkiyə hər ötən gün güçlənən bir ölkədir. Yaxın keçmişdə də Türkiyədə bir çox terror aksiyaları həyata keçirilib. Ancaq bütün bunlara baxmayaraq Türkiyə ayaqda durmağı bacarıb. Çünki Türk dövləti güclüdür, təməlləri sağlamdır. Qazi Mustafa Kamal Atatürk güclü bir cümhuriyyət qurub. Uzun illərdir ki, bəzi daxili və xarici qüvvələr Türkiyəni zəiflətmək, onu parçalamaq üçün çalışırlar, lakin bunu bacara bilmirlər. Əminəm ki, bundan sonra da bacara bilməyəcəklər. Çünki Türk milləti,Türk ordusu, dövləti bu gün səblə mübarizə aparır. Ancaq səbr daşdığında da Türkiyə dövləti hər kəsə lazım olan dərsi verə biləcək gücdədir.
-Qarşıdakı zaman kəsiyində Türkiyəni nə gözləyir?
-Görünən odur ki, qarşıdakı müddətdə də Türkiyədə terror hadisələri artacaq. Terror olaylarının artması isə Türk millətinin səbrini daşırır. Hesab edirəm ki, indiki vəziyyətdə ediləcək tək bir şey var ki, o da suriyalı qaçqınlardan qurtulmaqdır. Məncə terrorün bir ucu da suriyalı qaçqınlara və onların arasına qarışmış İŞİD terror təşkilatına gedib çıxır. Əgər hökümət daha qərarlı tədbirlər həyata keçirib dəmir yumuruğunu daxildəki və xaricədki terror təşkilatlarına vurarsa Türkiyə bu terror bəlasından qurtular.
-Bəs dünya dövlətləri, böyük güclər nə üçün Türkiyədə baş verən terror aktlarına o qədər də ciddi reaksiya vermir, bir növ səssizlik nümayiş etdirirlər?
-Çünki Türkiyənin daxilində mövcud olan terror təşkilatlarına dəstək verən məhz həmin beynəlxalq güclərdir. Həmin böyük güclər sözdə Türkiyəyə başsağlığı verib terroru pisləsələr də, ancaq əl altından terroru dəstəkləyib belə bir hadisələrin baş verməsinə sevinirlər. Onların əsas məqsədir odur ki, Türkiyə bölgədə ən güclü ölkə imicindən zəif, gücsüz bir dövlət halına düşsün. Çünki Türkiyənin zəifləməsi onların maraqlarına xidmət edir. Məqsədləri isə əvvəlcə böyük İsraili qurmaq, kiçik Kürd bölgələri yaratmaq və Böyük Ermənistana doğru yol almaqdır. Bu işlərin içində isə ABŞ, İsrail, Ermənistan, İngiltərə və bəzi Avropa ölkələri də var. Bir daha qeyd edirəm ki, əsas qorxum Türkiyəyə dəstək verən Azərbaycanda da terror aksiyaları həyata keçirməkdir.