“Azərbaycan hər il “Eurovision“da əsas favoritlərdən olur” Müsahibə

“Azərbaycan hər il “Eurovision“da əsas favoritlərdən olur”

Yan Ola Sand: "Hər kəs bu yarışmaya ev sahibliyinin öhdəsindən Azərbaycan kimi uğurla gələ bilmir"
"Eurovision" mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sandın APA-ya müsahibəsi.

- "Eurovision 2014" mahnı müsabiqəsinə ev sahibliyi edən Danimarkanın yarışmaya hazırlıq səviyyəsi ilə razısınızmı?
- Bu il biz Danimarkanın əsas yayımçısı olan "DR" televiziyası ilə işləyirik. Düşünürəm ki, onlar hər şeyi yüksək səviyyədə təşkil etmək üçün əllərindən gələni edirlər. Bütün ölkə təmsilçilərinin səhnə performanslarını yüksək səviyyədə təşkil edə bilmək üçün bütün resurslarından istifadə edirlər, Baş tutan məşqlərin nəticələri göstərir ki,, onlar bu işin öhdəsindən yaxşı gəlirlər. Ümidvaram ki, görulən işlər bu axşam baş tutacaq ilk yarimfinal şousunun canlı yayımı zamanı da effektiv olacaq.
- Düşünmürsünüz ki, Danimarka bu yarışmanın hazırlığına çox ciddi yanaşmayıb. Yarışmanı işıqlandırmaq üçün Kopenhagenə üz tutan jurnalistlər bəzi problemlərlə üzləşirlər.
- Onu deyə bilərəm ki, hər kəs bu yarışmaya ev sahibliyinin öhdəsindən Azərbaycan kimi uğurla gələ bilmir. Sizin ölkəniz bu yarışmaya çox ciddi hazırlaşmışdı. Şou üçün yeni məkan, nəqliyyat sistemi, jurnalistlər üçün hər bir şəraitin yaradılması Bakıda baş tutan şounu hələ uzun illər yaddaşlarda saxlayacaq. Sadəcə bunu da nəzərə almaq lazımdır ki, bu şəraiti yaratmaq hər ölkənin imkanları daxilində deyil. Danimarka da ev sahibi olaraq bu işin öhdəsindən bacardığı qədər yaxşı gəlməyə çalışır.
- İldən-ilə "Eurovision"da iştirakçı ölkələrin sayı azalır. Sizcə buna səbəb nədir?
- Əsas səbəb Avropada baş verən maliyyə problemləridir. Bəzi iştirakçı ölkələrin yayım kanalları məhz bu səbəbdən iştirakdan imtina edirlər. Bəzilərində isə daxili təşkilatçılıqla bağlı problemlər mövcuddur. Onlar bu problemləri həll etmək üçün müvəqqəti olaraq iştirak haqqından imtina edirlər.
- Düşünmürsünüz ki, 2015-ci ildə 60 illiyini qeyd etməyə hazırlaşan "Eurovision" mahnı yarışması artıq son illərini yaşayır?
- Mən bu fikirlə tamamilə razı deyiləm. Bu şou Avropa tamaşaçıları arasında hələ də yetəri qədər maraq doğurur. Maliyyə problemləri aradan qalxan kimi iştirakçı ölkələrin sayı daha da artacaq. Bu yarışmaya ev sahibliyi etmək təcrubəsini hər bir yayımçı kanal əldə etmək istəyir.
- Necə oldu ki, bu ilki "Eurovision" mahnı yarışmasının məkanı kimi məhz gəmiqayırma zavodu seçildi? Başqa seçim yox idi?
- Kopenhagen şəhərində bu yarışmanı keçirıilməsi üçün yeganə uyğun məkan futbol stadionu idi. Bu səbəbdən yayım televiziyası olan DR gəmiqayırma zavodunun bu şou üçün uyğun vəziyyətə salına biləcəyi fikri ilə cıxış etdi. Biz də Avropa Yayımları Birliyi olaraq məkana baş çəkdikdən sonra razılıq verdik. Düşündük ki, bu seçim yarışmaya fərqlilik qatacaq.
- Bu ilki yarışmanın büdcəsi haqqında nə deyə bilərsiniz?
- Bu barədə açıqlama vermək bir az çətindir. Çünki xərclənən məbləğ hələ tam məlum deyil.
- Hansı ölkələr yarımfinal və final şousunu canlı yayımlayacaq?
- Bu il baş tutacaq şoular 37 iştirakçı ölkə ilə bərabər yarışmada iştirak etməyən Kipr, Xorvatiya, Serbiyada da canlı yayimlanacaq. Bundan əlavə bu ilki şoular Yeni Zelandiya, Avstraliya, Qazağıstan, Çin və Kanada da canlı olaraq yayımlanacaq.
- Azərbaycanın bu ilki təmsilçisi barədə nə düşünürsünüz? Favoritiniz varmı?
- Favoritimi açıqlamaq istəmirəm. Azərbaycan təmsilçisi Dilarə Kazımova haqqında isə onu deyə bilərəm ki, o olduqca istedadlı ifaçıdır. Mahnı və səhnə performansı çox uğurludur. Ümumiyyətlə, Azərbaycan hər il bu yarışmaya çox ciddi hazırlaşır və əsas favoritlərdən olur.