“Mən şərəfli yolu seçdim...” Müsahibə

“Mən şərəfli yolu seçdim...”

Vaqif Abışov: "O illəri itirilmiş illər kimi yox, şərəfli bir yol, tarixə yazılmış, Azərbaycan xalqı üçün lazım olan bir dövr kimi qiymətləndirirəm"

İllərdir onu tanıyıram və hörmət edirəm. Bu hörmət tək onun insani keyfiyyətlərindən yaranmayıb, həm də Vətəni, Dövləti, Milləti, Xalqı təmənnasız sevgisindən və bu sevginin bir qolunun da bu millətin əsrlərdir yaşadığı soyqırımı həqiqətlərini bir tarixçi alim kimi tədqiq etməsindən, heç yorulmadan həmin həqiqətlərin Rusiyanın, Türkiyənin arxivlərindən araşdıraraq bu günə qədər yazdıqları və yazacaqları kitablarda, elmi məqalələrdə vicdanla qələmə almasından yaranıb. O, yenə də Vətəndən uzaqda-Moskvada elmi araşdırmalarla bağlı ezamiyyətdədir. Söhbət fevralın 27-də-bu gün 60 yaşı tamam olan tarixçi alim, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi Vaqif Abışovdan gedir. Vaqif bəylə yubley ərəfəsində görüşdüm və bu dəfə onun həyat yolunu birgə vərəqlədik.

-Vaqif bəy, başlayaq sizin doğum tarixinizdən, uşaqlığınızdan, gəncliyinizdən... Harada anadan olmusunuz?
- 1955-ci il fevralın 27-də İmişli şəhərində anadan olmuşam və orta məktəbi də orada bitirmişəm. 1973-cü ildən də rayondan çıxmışam. İndiki BDU olan ADU-ya sənədlərimi verdim. Müsabiqədən keçmədim və sovet ordusu tərkibində hərbi xidmətə getdim. O vaxt Almaniya Demokratik Pespublikasında 2 il hərbi xidmətdə olmuşam. 1975-ci il may ayında hərbi xidmətdən qayıtdım və bir həftə İmişlidə ailəmin yanında qalıb Bakıya gəldim. 1975-ci ildə 7 ay yarım indiki 20-ci sahədəki texniki peşə məktəbində avtonəqliyyat üzrə 4-cü dərəcəli avtonəqliyyat ustası adını aldım. Bir müddət Qaraçuxurda avto cilingər işləmişəm. 1975-ci ildə peşə məktəbində oxuyarkən keçmiş Lenin adına toxuculuq kombinatında əvvəlcə fəhlə, maşinist, sonra usta köməkçisi kimi müxtəlif vəzifələrdə çalışmışam. O vaxt ADU-nun nəzdində fəhlə fakültələri açılmışdı. Kombinatdan göndərişlə universtetin fəhlə fakültəsinə göndərildim və müsabiqə yolu ilə daxil oldum. Dövlət fəhlələrə qayğı göstərərək onlara pulsuz təhsilini davam etdirmək üçün şərait yaratmışdı və onlara təqaüt də verilirdi. Buranı oxuyub bitirdikdən sonra yenidən imtahan verib bu və ya digər ixtisaslara qəbul olunmaq mümkün idi. Demək istəyirəm ki, o vaxt universtetə girmək çox çətin idi. Sayılıb-seçilən ali məktəb idi ki, universitet statusu vardı. Digərləri pedaqoji sayılırdı. Ora girmək hər adamın işi deyildi.
-Tarix fakültəsi isə universitetin nüfuzlu fakültələrindən hesab olunurdu.
- Ən çətin və rəqabət çox olan fakültə idi. İmtahanı 5-6 müəllim götürürdü və çəkdiyin biletdən əlava suallar verilirdi. Bir neçə gündən sonra nəticələrin elanını ali məktəbin xüsusi lövhəciyində yerləçdiridilər. Yadımdadırr, ADU-nun indiki əsas korpusuna gəldim. Elə ki, adımı universitetə daxil olanlar sırasında gördüm Elmlər Akademiyası metrosuna qədər necə getdiyimi bilmədim. Bu hadisə 1980-ci ildə olub. O vaxt bu çox böyük bir hadisə idi ki, öz gücünə ADU-ya daxil olmusan. Fəhlə fakültəsindən gəldiyim üçün artıq müəllimlər məni tanıyırdılar. Onu da qeyd edim ki, fəhlə fakültəsində tarixçilər, hüquqşünaslar, kitabxanaçılar, jurnalistlər, filoloqlar birlikdə oxuyurduq. Sonra ixtisas bölgüsündən imtahan verib ayrıldıq. Yəni demək istəyirəm ki, çox mehriban kollektiv vardı və bugün də çoxu ilə görüşürük. Yenidən 1981-ci ildə imtahan verərək tarix fakültəsinə daxil oldum. Artıq 2-ci kursdan məni tarix fakültəsinin partiya təşkilat katibinin mavini seçdilər. Oxuya-oxuya həm də bu işi aparırdım. Baxmayaraq ki, təqaüd alırdım, ancaq yaşamaq üçün yetərli deyildi. Buna gərə də axşamlar 158 saylı məktəbdə mühafizəçi işləyirdim.
-Ailədə neçə uşaq olmusunuz?
-3 qardaş 1 baci olmuşuq. Mən ailənin sonbeşiyi olmuşam.İmişlidə ata həyəti var. O həyətdə mənim qardaşımın uşaqları yaşayır. Qardaşım Rafiqin oğlu 1994-cü ilin yanvarında Ermənistanın hərbi təcavüzü ilə bağlı Fizuli rayonunda gedən döyüşlərdə itkin düşdü.
-Universiteti neçənci ildə bitirmisiniz?
-1986-cı ildə.
-Həmin vaxt tarix fakültəsində sonrakı proseslər üçün-1988 –ci ildən başlayan hadisələr- hansısa işlər görülürdümü? Və yaxud müzakirələr aparılırdımı?
-Açığını deyim ki, bizim fakültədə bu proseslər haqqında kimsə danışmırdı. Bəlkə də bu fakültənin siyasi bir fakültə olmasıyla bağlıydı.
-Vaqif bəy, mən ADU-nu 1985-ci ildə bitirmişəm. Jurnalistika fakültəsində oxuduğum müddətdə müəllimlərim Qulu Xəlilov, Şirməmməd Hüseynov, Tofiq Rüstəmovdan elə söhbətlər eşitmişəm ki, fikirləşmişəm bunlar qorxmurlarmı auditoriyada mövcud sistemin əleyhinə danışırlar? O vaxt rəhmətlik Qulu Xəlilov Əbülfəz Elçibəy haqqında danışıb bizlərə. Sanki prosesləri , ona gedilən yolu görürdü. O, açıq-aşkar bu rejimə qarşı səsini qaldırmışdı. Elə çılpaqlığı ilə danışırdı ki... Yəni baxmayaraq ki, proseslərin başlanmasına 3 il vaxt vardı, ancaq bu abu-hava jurnalistika fakültəsində yaşanırdı.
-Tarix fakültəsi bu proseslərdən tamamilə təcrid olunmuş vəziyyətdə idi. Bu da sistemin özündən irəli gəlirdi. Çünki fakültəni qurtaranların bir çoxu partiya işlərində irəli çəkilirdilər. Həm də ola bilsin ki, tarix fakültəsi daha qapalı olub, nəzarət daha güclü olub deyə, müəllimlərdən belə açıq danışan yox idi.

Rüşvərtsiz 40 saat dərs...

-Universiteti bitirdiniz və təyinat aldınız...
-Mən universteti bitirən vaxt İmişlidə təyinatıma uyğun yer olmadı. Vətənpərvərlik hissi o qədər güclü idi ki, mənim üçün hansı bölgədə işləməyin fərqi yoxuydu. Düşünmürdüm ki, adam tapım İmişliyə qayıdım və ya Bakıda qalım. Dedim üç il gedib təyinatım üzrə çalışaram sonra qayıdaram. Fikirim vardı ki, universitetə qayıdım. Təyinatım verilən vaxt Laçında və Lənkəranda boş yerlər oldu. Onu da deyim ki, orta məktəbdə oxuyanda Lənkərana pioner düşərgəsinə getmişdim. O yerlər çox xoşuma gəlmisdi. Ona görə də Lənkəranı seçdim. Kimsəni tanımırdım, el-obadan kənar düşmüşdüm. Orada iki təhsil şöbəsi vardı- biri rayon, digəri şəhər təhsil şöbəsi idi. Təyinatımı rayon təhsil şöbəsinə vermişdilər. Orada məsləhət verdilər ki, imkan varsa təyinatını şəhərə dəyiş. Yəni şəhərdə 3 saylı məktəbdə yer vardı. Oradan Bakıya- Təhsil Nazirliyinə gəldim. Dedim ki, şəhərdə filan məktəbdə yer var. İmkan varsa məni ora dəyişin. Dedilər yaxşı. O vaxt pul söhbəti yoxuydu, rahatçılıq idi. Beləcə 3 saylı məktəbdə işləməyə başladım. Mənə 40 saat dərs verdilər. Məktəbin direktoru İsrafil müəllim yaxşı insan idi. Dedi nə ehtiyacın var kömək edəcəm. Kirayədə qaldığım evdə stol, stul belə yox idi. Məktəbdən direktor verdi ki, hələlik alınca istifadə eləyim. Bu minvalla orada tədrisə başladım. Hətta bir müddət 1986-1987-ci illərdə dərs dediyim sinifdə muzey də yaratmışdım. Dedim kimin küncdə-bucaqda sınmış qabı, bıçağı, köhnə tüfəngi, qədim qəlp pulları var, gətirin tarix muzeyinə. Tüfəng, xəncəl, mis qablar o zaman bunlara baxan kim idi. Əməlli-başlI muzey düzəltdim. Elə ki, 1988-ci il hadisələri başladı, 1990-cı ildə də İranla sərhəd açıldı mis qablar, pullar, qədim əşyalar İrana daşınınırdı. Yaxşı ki, vaxtında mən bunları yığmışdım. Heç kimə də vermədim.
2000-ci ildə Bakıya gələndə bildim ki, bunları dağıdacaqlar. Lənkərada keçmiş xan evi vardı. Oranı təmir edərək muzey yaratmışdılar. Getdim ora direktorla danışdım, işçilərin götürüb məktəbə gətirdim. Akt tərtib etdim ki, hansı inventarları verirəm. Hər birimiz həmin akta imza atdıq. O aktın surətini indiyə kimi özümdə saxlayıram.

Şuşaya ərzaq aparmaq lazımdır

-1987-ci ildə ziyalılarla bir klub yaratmısınız. Klubu yaratmaqda məqsəd nə olub?
-Məqsəd Azərbaycanın milli musiqisini təbliğ etmək, rəssamlıq məktəblərində rəssamlıq işlərini göstərmək, əski əlifbanı öyrənmək üçün fars-ərəb dillərini bilmək idi. Orada rəssamlar məktəbi vardı və biz onun otağında yığışırdıq. Etiraf edim ki, o vaxt siyasi söhbətlər belə ciddi getmirdi. 1988-ci il yanvarın 26-da başlayan proses məni özünə çəkdi. İlkin mitinqlər başlayanda kənarda da dayana bilərdim. Orada məni kim tanıyırdı? Oturub dərsimi deyə, proseslərə qarışmaya da bilərdim. Ancaq elə bil məni nəsə arxadan itələyirdi. Sən hökmən gedib qoşulmalısan, ziyalı kimi sözünü deməlisən. Başqa rayonları deyə bilmərəm, ancaq o vaxt Lənkəranda proseslərin önündə aparıcı ziyalılar olub. Buna görə orada nizam-intizam, qayda-qanun vardı. Hər hansi bir dağıntıya, toqquşmaya imkan verilmirdi. Xalq Hərəkatı getdikcə öz məcrasından çıxır, daha geniş dairəni əhatə edir, hadisələr daha da qızışırdı. Ermənistandan 1988-ci il yanvarın 26-dan başlayaraq soydaşlarımız qaçqın olaraq gəlməyə başladılar. Bir qismi də Xocalı və Şuşada yerləşdirilmişdi. 1988-ci il noyabırında mitinq keçirilirdi. Mitinqdə çıxış edən də ziyalılar idi. Onda yerli hakimiyyət, təhsil şöbəsi bizə maneələr yaradırdılar və deyirdilər ki, müəllimlər mitinqlərdə iştirak edə bilməzlər, yoxsa işdən çıxardarıq, həbs etdirərək. Dəfələrlə belə təzyiqlər olurdu. Lakin artıq vəziyyət elə idi ki, xalqı meydanlarda başsız qoymaq ağlımızdan belə keçmirdi. Çünki Vətənin, Xalqın ağır günləriydi...
Mitinqdə bildirildi ki, Şuşaya ərzaq aparmaq lazımdır. Yəni böyül yük maşınında ərzaq və 2000 rubl Şuşaya çatdırılmalıydı. Ərzaqla yüklənmiş maşın gecə çıxmalıydı. Açığı deyimki, çox qorxulu idi. Bilmirdin getdiyin yollarda səni nələr gözləyir. Dedim mən gedirəm. Biri əhsən dedi, biri təriflədi. O zaman ailə həyatı təzə qurmuşdum. Evə gəlib xanımıma dedim ki, axşam gedəcəm. Gecə 2000 rubl pul, maşın dolu ərzaq, bir nəfər də köməkçilə Lənkərandan çıxdıqr. Səhərə yaxın saat 6-da Ağdamın girişinə çatdıq. Orada rus hərbiçiləri post qurmuşdular. Bizi sorğu-sual elədilər. Onlara gəlişimizin məqsədini anlatdıq və bildirdik ki, Ağdam royonunun birinci katibiylə görüşüb yolumuza davam eləməliyik. Raykomin həyətində bizi ağdamlı uşaqlar qarşıladı. Sanki əzizləri gəlmişdi. Bizi apardılar yemək yedik, vəziyyəti müzakirə elədik. Qayıtdıq raykomun binasına. Raykomun birinci katibi dedi ki, qorxuludur, hər an nəsə ola bilər. Ancaq bildirdim ki, getməliyik. Bizə bir nəfər milis işçisi verdilər ki, mühafizəmizi təmin eləsin. Əsgəran postuna gəlib çatdıq . Postda duran rus əsgərləri Şuşaya getməyiməzə mane olsalar da onlarla da dil tapa bildik. Ancaq qarşıdakı təhlükədən xəbərimiz yox idi. Xankəndinin kənarıyla Şuşaya gedən yoldakı postda saxlamadan maşını sürməyi tapşırdım. Deməyəsən postu keçəndə maşının kənarı posta toxunub, hərbiçilər də fit çalıblar eşitməmişik. Maşınımızı saxladılar ki, qanunu pozmusunuz və əmrə tabe olmamısınız. Bildirdilər ki, bizimlə hərbi hissəyə getməlisiniz. Mayor rus idi və ona dedim ki, apardığımız ərzaqlar xarab olacaq, istəyirsiniz açıb baxın. Nəsə ağılına batdı. Ermənilər də maşının ətrafını əhatəyə almışdılar. Ancaq rus hərbiçiləri orda olduğuna görə girişə bilmirdilər. Hadisələrin daha qabarıq vaxtında olsaydı bəlkə də tikəmiz ələ gəlməzdi. Mayor dedi ki, yaxşı maşın getsin, ancaq sən bizimlə gəlməlisən. Mən 2000 rublu verdim sürücüyə və tapşırdım ki, əgər mən gəlməsəm verərsən üçüncü katib işləyən Ruhangiz xanıma. Mən əyləşdim bunların maşınına, arxamızca da bizi mühafizə edən milis gəldi. Biz Xankəndinin içindən keçdik və hərbi hissəyə çatdıq. Məni çıxartdılar yuxarı. Milis də arxamca gəlirdi. Saldılar otağa və danışdırmağa başladılar. Dedim bura mənim öz torpağımdır, Ermənistandan soydaşlarımız qovulub onlara ərzaq yardımı aparırıq. Burada nə var? Bir günah o olub ki, fit səsin eşitməmişik və maşını saxlamamışıq. Yenə də başladılar ki, qanunu pozmuşuq, erməni-azərbaycanlı bir-birini qırır və s. Orada milis həqiqətən kömək etdi və dedi ki olub-olub da ölüm-itim yoxdu burada. Nə varsa xərcini ödəyək, ancaq biz gedib apardığımız yardımı təhvil verməliyik. Bizi buraxdılar. Milis maşına oturan kimi sürətlə sürməyə başladı. Hər an bizi ermənilər öldürə bilrərdi. Şuşa qapısının qabağına çatanda gördüm hərbiçilər maşını dayandırıblar. Maşındakı ərzaqı töküb baxırdılar ki, birdən silah olar. Gəldim hərbiçiyə başa saldım ki, məni Xankəndiyə aparıb danışdırdılar. Niyə tökmüsünüz yerə, burada nə var. Uzun danışıqdan sonra hərbiçilər kömək etdi. Yenidən ərzaq maşına yığıldı və Şuşanın içinə girdik . Pulu sürücü cibindən çıxarıb mənə verəndə tez hərbiçilərdən biri gəldi. Çıxardıb dedim ki, puldur, yardım pulu. Onu da bildirim ki, hərbiçilər Xankəndində xəbərdarlıq elədi ki, günortaya kimi vaxt vermişik siz qayıtmalısınız. Burda isə maşının boşaldılması, yenidən ərzağın yığılması vaxt itkisi demək idi. Getdik Şuşa rayon katibliyinin binasına. Üçüncü katib vəzifəsində işləyən Ruhangiz xanımla görüşdüm və nələr gətirdiyimizi bildirdim. Onun göstərişindən sonra ərzağı aparıb anbara boşaltdıq. Yenə də ildırım sürətiylə geri döndük, gəlib Ağdama çatdıq. Həmin günün səhəri Lənkərana yollandıq.
-Təyinatınızın vaxtı bitsə də, siz Lənkəranda qalıb işlədiniz.
-Bəli ya geri qayıtmalı, ya da işləməliydim . Ancaq hadisələr başlayanda mən hadisələrin nüvəsində olduğuim üçün orda qalmağa üstünlük verdim. Bəziləri xalq hərakatına qoşulmadı, karyeralarını düşündülər. Mən isə fərqli düşündüyüm üçün karyeranı fikirləşmirdim . 1986-cı ildən 2000-ci ilin yanvarın 9-na kimi Lənkəranda pedaqoji fəaliyyətlə məşğul oldum. 2000-ci ilin yanvarın 9-da rəhmətlik Əbülfəz Elçibəy məni beynəlxalq məsələlər üzrə köməkçi təyin etdi. Həmin vəzifədə qalmaqla aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasına işə düzəldim. O vaxt Milli Münasibətlər İnisitutu vardı. Oranın rektoru rəhmətlik Vaqif Arzumanlı idi. Sonra həmin institut Akademiyanın digər insitutları ilə birləşdi-sosial, fəlsəfə, hüquq, tarix ilə. Mən də tarixçi olduğum üçün 2003-cü ildə Tarix İnstitutunda öz işimi davam etdirdim. Bu günə kimi də Tarix İnİstitutunda aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru kimi elmi dərəcə ilə fəaliyyət göstərirəm.
-Vaqif bəy, bu qədər yol gəlmisiniz. Bəzən insan gəldiyi yola dönüb baxanda deyir ki, bunu bu cür etsəydim şəxsi həyatım ücün, kariyeram üçün daha yaxşı olardı. Siz gəldiyiniz yolun hansısa dönəmində fikirləşmisinizmi ki, kaş ki, bunu bu cür etməzdim. Məsələn, mənim biliyimə görə siz gec ailə qurmusunuz, eyni zamanda, namizədlik müdafiəniz gec olub. İndi də doktorluq müdafiəsi üzərində işləyirsiniz. Bildiyimə görə birinci oxunuşdan keçib.
- Mənim elmə meyilim güclü olub. Fikirim var idi ki, 3 illik təyinatı bitirib qayıdım universtetə və bu prosesi davam etdirim. 1986-cı ildə tarix fakültəsinin dekanı Yaqub Mahmudov idi. İndi Akademiyanın Tarix İnistitutunun direktorudur. Hətta onunla söhbətdə mənə demişdi ki, sənin savadına bələdəm. Gedib təyinatını başa çatdırdıqdan sonra tarix fakultəsinə gəlib fəaliyyətini davam etdirə bilərsən. Açığı sizə deyim ki, mənə bu sualı bir neçə dəfə veriblər. Yəni bu hadisələrdən kimi özünə kariyera qurdu, kimi istifadə etdi. Səmimi deyirəm ki, məndə bu fikir heç vaxt olmayıb. 1988-ci ildən başlanan bu hərəkatda iştirakımın şəxsi həyatıma mənfi təsir göstərməsi, kariyera qura bilməməyim və ya elmi işimi davam etdirə bilməməyimlə zərrə qədər peşimançılıq yoxdur. Yəni söhbət nədən gedir? Şərəfli bir yoldan. Mən deyirəm ki, o dövrdə bu hərəkatda ziyalılar öndə getməliydi. Bu şərəfli yolu seçdim. Mən o illəri itirilmiş illər kimi yox, şərəfli bir yol, tarixə yazılmış, Azərbaycan xalqı üçün lazım olan bir dövr kimi qiymətləndirirəm. Heyfislənmirəm, çünki, gec də olsa istər ailə, istərsə də elm baxımından öz cığırımla addımlayıram.
-Neçə uşağınız var?
-Üç uşaq. İki oğlan, bir qız. Narazılığım yoxdur. Verən də, alan da Allahdır. Yəni ailəmdə narahatçılıq yoxdur. Uşaqlar baxmayaraq ki, kiçikdir. Biri 9-da , biri 8-də, biri də 4-cü sinifdə oxuyurlar. Oxumaqlarından narazılığım yoxdur. Bildiyiniz kimi böyük oğlum şahmatistdir. Az- çox tanınır.
-Sizin sahənizi, yolunuzu davam etdirəni var?
-Elə yaşdadılar ki, 8-də oxuyan tarixə daha meyillidir. Ancaq yuxarı siniflərə qalxdıqca fikirlərini dəyişə bilərlər. Çalışmışam ki, düz istiqamət tutsunlar, düz yolda olsunlar.
- Sizin fəaliyyətinizə bələd olduğum üçün deyirəm. Ailənizə zaman ayıra bilirsiniz? Bilirəm ki, elmi işlər, pedaqoji fəaliyyət, ezamiyyətlər və s. zamanınızı məhdudlaşdırır.
-Mən həmişə deyirəm ki, o ailə xoşbəxtdir ki, orada kişi ilə qadın bir-birini başa düşür, qiymətləndirir və ailədə mehribançılıq var. Bu baxımdan mən çox şanslıyam. Uzaq səfərlərə ezamiyyətə gedirəm və ya mən hər gün evə gec gedirəm. Ancaq evimin qapısı üzümə narazıçılıqla açılmır. Bu, mənə imkan verdi ki, elmi sahəyə gec gəlməyimə , yaşımın keçməsinə baxmayaraq sürətlə elmlər namizədi, tarix üzrə fəlsəfə doktoru adını alım, bir sıra kitabların müəllifi olum. Ailəmə, uşaqlarıma qarşı hər zaman diqqətli olmuşam.
- Yoldaşınız işləyir?
-Yox işləmir. Bütün yük mənim üzərimdədir.
-Bəzən uşaqların maddi təlabatları, valideyindən umacaqları çox olur. Valideyin onu uşağa verə bilmədikdə müəyyən mənada sıxıntılardan yorulur. Sizdə necədir?
-Akademiyada əmək haqqı çox aşağıdır. O sıxıntıları yaşasam da uşaqlar məni başa düşəcək səviyyədə onlara açıq demişəm ki, bax buna gücümüz çatmır. Evdə də hamı başa düşür ki, imkan bu qədərdir, güc buna çatır. İndi mən baxıram nə yaxşı ki, vaxtında bunları demişəm. Görürəm ki, məndən artıq nələrsə tələb olunmur. Deyirlər ki, güc çatırsa bunu alaq. Bu uşağın sonrakı təhsili, tərbiyəsi, fəaliyyəti üçün də önəmli məsələdir. Tələb ilə təklif düz mütənasib olmalıdır. 9-cu sinifdə oxuyan oğlum Oğuz şahmat yarışından xaricə gedə bilmədi. İmkan , vəsait olmadı.

20 məqaləm olmasa...

-Doktorluq müdafiəsinə hazırlaşırsınız...
-Dissertasiya işimdə mənim çalışdığdım mövzu həmişə azərbaycanlılarım soyqırım ilə bağlı olub. Elmi işi götürəndə tarixşünaslığa meyl etdim. Mövzu 1917-1920-ci illərdə Şimali Azərbaycanda sovet hakimiyyətinin qurulmasının tarixi idi. Hadisələrin, yazılan monaqrafiyların, elmi tədqiqat əsərlərinin dərinliyinə getmək üçün tarixşünaslıq mənə daha yaxşı təsir bağışladı . 2015-ci il yanvarın 30-da birinci müzakirəni keçirdik. Birinci müzakirə qəbul olunub və artıq ikinci müzakirəyə hazırlıq görürəm. Həm də monaqrafiyasını hazırlayıram. Çətinlik çoxdur. Ən çətini də odurki, doktorluq işi yazmaq üçün müəyyən prosedurlar, mərhələlər var ki, onları keçməlisən. Ən ağır mərhələ də 20 məqalədir. Demirəm məqalə yazmaq çətindir. Sadəcə o məqalələri pulla çap etdirməlisən. Ən azı üçü xarici jurnalda çap olunmalıdır. Bunun üçün də vəsait tələb olunur
-Bəs bunu necə edəcəksiniz?
- Açığı deyim ki, bu çox çətin, çox ağırdır
-Bəs həmin məqalələri çap etdirməsəniz müdafiə edə bilməyəcəksiniz?
-Bəli.Tələb belədir. Ən aşağı 20 məqalə olmalıdır. Bir-iki jurnal var ki, Elmlər Akademiyasının xəbərləri, Tarix İnstitutunun əsərlər orda işıq üzü görür. Onlarda çap olunmaq pulsuzdur, ancaq vaxt tələb edir. Həm növbədir, həm də məqalələrin sayı çox olur. Gərək gözləyəsən. Elə olur ki, ildə bir dəfə məqələn çıxır.
-Bir məqalənin xaricdə çap olunması neçəyə başa gəlir?
-Daxildə bir səhifəsi 10 manatdır. Xaricdə bir az bahadır. Ən azı 10 səhifəlik məqalən olmalıdır.
-Deməli bir məqalə əlli manatdır.
Bəli, əlli manatdır.
-Bəs xaricdə qiymət neçəyədir?
-Xaricdə daha bahadır. Mənim bir tarixçi dostum var. Elmlər doktoru adını almaq üçün məqalə problemi vardı. Məqaləsini Nyu Yorka göndərmişdi. 1000 manata başa gəldi. Mənim Rusiyada bir elmi jurnalda məqaləm çap olundu. 200 dollardan çox xərcim çıxdı. Yəni bu baxımdan elmlər doktoru adı almaq çox çətindir. Çox təəssüf ki, bunlar sovet ittifaqı dövründən qalma yanaşmalardır. Buna görə də elmlər doktoru adını almağa çalışanlar çox azdır.
-Vaqif müəllim xaricdə də ad almaq belə çətinidir?
-Keçmiş sovet ölkələrində on beş respublikadan demək olar ki, onunda bu prosedura var. Qalan heç bir yerdə belə bir şey yoxdur. Keçmiş SSRİ respublikalarından başqa heç bir ölkədə belə bir qurum yoxdur ki, desin hökmən bu jurnallarda çap et, sonra müdafiə edə bilərsən. Orada elmi işi mütəxəssislərə verirlər. Onlar da oxuyur, təhlil edirlər. Əgər layiq olarsa müdafiə edirsən. Elmi əsərini yazırsan, manaqrafiya çıxır, təhlil edirlər. Layiqdirsə o adı verirlər. Yəni bu çətinlik elmlər doktoru adını almaq isəyənlərin qarşısını alan səbəblərdən biridir. Müdafiə edib bu adı aldıqdan sonra da əmək haqqı cüzi dəyişir. Halbuki bu zəhmətin müqavilində verilən əmək haqqı heç nədir. Düzdür, Azərbaycan tarixi, vətəni , milləti üçün bu lazımdlr. Azərbaycanda elmi ad alan nə qədər çox olsa, o qədər yaxşıdır. Azərbaycanın elmi potensialı artmalıdır.
- Allahdan sizə pul arzulayaq ki, tezlilklə məqalələrinizi çap etdirə biləsiniz.
-İnşallah. Bir neçə yerdə işləməklə çalışırıq ki, öhdəsindən gələk. Çünki insan getdiyi yoldan qayıtmaq istəmir. Bu yol Azərbaycan üçün lazımdır.
-Həm də arzulayaq ki, ALlah Azərbaycan üçün lazım olan bütün yolları həmişə açıq etsin. Sizin də altmış illiyinizi təbrik edirik. Sizə can sağlığı, işləriniuzdə uğurlar arzulayırıq.
-Təşəkkür edirəm.

Arzu Şirinova