“Heç zaman beynəlxalq hüququn prinsiplərini qurban vermirik” Müsahibə

“Heç zaman beynəlxalq hüququn prinsiplərini qurban vermirik”

Bahar Muradova: "Bir az diqqətli olmaq və Azərbaycan-Amerika münasibətlərinə xələl gətirə bilən hərəkətləri dəf etmək lazımdır"

"Başqaları üçün paradoksal görünsə də, bu gün bir tərəfi, sabahsa başqa tərəfi ifrat dəstəkləmək və yaxud da ifrat ona qarşı çıxmaq mövqeyindən uzağıq"

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovanın Gün.Az-a müsahibəsi:

- Bahar xanım, ötən ilin ortalarından ABŞ, Qərb dövlətləri və institutları, bəzi tanınmış siyasətçilər, diplomatlar tərəfindən Azərbaycana, Azərbaycan hakimiyyətinə qarşı demokratiya və insan haqları məsələləri ilə bağlı aramsız, ardıcıl ittihamlar səsləndirilir, rəsmi səviyyələrdə olmasa da, bəzilərinin dili ilə sanksiya təhdidləri, tələbləri ortaya atılır, dövriyyəyə buraxılır. Son günlər bu istiqamətdə Azərbaycana yönəlik fəaliyyətlər bir növ səngisə də, ancaq bunun ardının gəlməyəcəyini düşünmək, iddia etmək də sadəlövhlük olardı. Bu baxımdan, siz bu məsələlər, bu iddialar, bu ittihamlar, bu çağırışlarla bağlı nə deyərdiniz?

- Mən əvvəla, Azərbaycanla Amerikanın strateji tərəfdaşlığa söykənən əlaqələrini, iki ölkə arasında münasibətlərin tarixini, bu gününü və gələcək perspektivlərini nəzərə alaraq vurğulamaq istərdim ki, bu münasibətlər bu və ya digər şəxslərin hansısa maraqlara söykənən açıqlamalarından pozulan münasibətlər deyil və hər iki dövlət rəsmi siyasəti buna imkan verməz.
Bir də ki, Amerikanın qədim demokratiya tarixi var, Azərbaycan da müstəqilliyini yenicə bərpa etdikdən sonra məhz özünün bu istiqamətdə ənənələrini davam etdirərək, demokratik cəmiyyət qurub.
Əlbəttə ki, üzləşdiyimiz problemlər, çətinliklər, Qarabağ məsələsinin doğurduğu, ortaya çıxardığı fəsadlar bu və ya digər istiqamətlərdə fəaliyyətimizə maneçilik törədib və yerləşdiyimiz region, onun əhəmiyyəti, həm siyasi, həm iqtisadi, həm coğrafi üstünlükləri müxtəlif ölkələrdə fəaliyyət göstərən qruplarınmı, hansısa iqtisadi, yaxud da, digər maraqlarını güdən dairələrinmi zaman-zaman maraq çərçivəsindən dəyərləndirilib.
Biz bunun dəfələrlə şahidi olmuşuq. Eləcə də, Amerika cəmiyyətindəki mövcud bir sıra dairələr və konkret şəxslər çox zaman bu münasibətlərin ruhuna uyğun gəlməyən, məzmununa qətiyyən uyuşmayan və münasibətlərin gələcək perspektivinə xələl gətirə biləcək açıqlamaları ilə nəyə görəsə yadda qalmağa çalışırlar. Və bir növ bu böyük ölkə ilə böyük iddialar qarşısına qoymuş yeni müstəqillik əldə etmiş Azərbaycan arasındakı münasibətlərə mənfi çalarlar gətirə bilən fikirlər səsləndirilir.
Bu, əlbəttə, arzuolunan deyil, təəssüf doğurur və çox zaman da bu fikirlər elə fikirlər olaraq qalır, onların arxasında hansısa konkret fəaliyyətin, konkret məqsədin durduğu ortaya çıxmır. Əlbəttə ki, onların Konqresi, Dövlət Departamenti Azərbaycanla bağlı, eləcə də Qarabağ məsələsi ilə bağlı müxtəlif mövqelər sərgiləyirlər.
Bəzi hallarda da bir növ əzələ nümayişi, ictimai rəyi yoxlamaq, bu və ya digər məsələnin həlli istiqamətində konkret fəaliyyətdən əvvəl onu bir müzakirəyə buraxmaq xarakteri daşıyır.
Ona görə də bu Amerikanın rəsmi dairələrinin deyil, yalnız bunların öz təşəbbüsüdür, demək də doğru olmazdı. Amma əksər hallarda bunların doğrudan da, Amerika siyasətində, Amerika siyasi elitasında özünə yer tuta bilməyən, bu və ya digər iddialarını reallaşdırmayan bəzi uğursuzların özlərini gündəmdə saxlamaq və Azərbaycanı hədəf götürməklə, guya demokratiya carçısı, təbliğatçısı kimi çıxış etmək, onunla da diqqəti özünə cəlb etmək məqsədi daşıdığını görməmək mümkün deyil.
Yəni, müxtəlif dəyərləndirmələr ola bilər, amma mənim Azərbaycan iqtidarının nümayəndəsi kimi bildiyim ondan ibarətdir ki, Azərbaycan hökuməti, Azərbaycan prezidenti, Azərbaycan parlamenti, xüsusilə, demokratiya yolunun Azərbaycan üçün bütün inkişafa şərait yaradan bir yol olduğunu düşünən əksəriyyət Amerika ilə münasibətlərə ciddi önəm verir və bu münasibətlərə xələl gətirə bilən hər hansı bir hərəkətə qarşı çıxır.
Elə ona görə də bizim mətbuatda, media orqanlarında ictimai-siyasi sferada olan şəxslər belə açıqlamalara qarşı kəskin mövqelərin dərhal ortaya qoyurlar, onlar çox sayıqdılar, ayıqdılar. Bununla da rəsmiləri həm xəbərdar, həm də bizə təzyiq yolu ilə müəyyən maraqlarını reallaşdırmağa çalışan insanlara, onların buna gücünün çatmayacağına işarə edirlər.
Çünki xalqın, ictimaiyyətin, vətəndaşların əksəriyyətinin dəstəkləmədiyi bir siyasəti hər hansı bir təzyiqlə reallaşdırmaq mümkün deyil. Yəni, Azərbaycanın müstəqil iradə ortaya qoymasını, müstəqil siyasət yürütməsini gözü götürməyən dairələrin planları bu günə qədər də Azərbaycanda alınmayıb, bundan sonra da alınmayacaq.
Çox təəssüf ki, ölkə içində bir qrup yenə də uğursuz, yenə də öz siyasi ambisiyalarını reallaşdıra bilməyən, bu və ya digər səbəbdən incik düşən, ölkə içərisində sosial dayağı olmayıb, dünyada gedən proseslər nəticəsində hansısa bir möcüzə baş verəcəyini, bundan, necə deyərlər, yararlanacağını düşünənlər xaricdən olan belə çağırışlara dərhal üz tuta, dərhal onların səsinə səs verə bilərlər.
Elə bununla da görünür ki, bu kimi çağırışlar Azərbaycanda kimin tərəfindən səslənə bilər və onların tərəfdaşları kimlərdir. Belə insanlar bir-birilərini tez tapırlar və bir-birilərinin səsinə tez səs verirlər. Eyni zamanda, elə bununla da Azərbaycanın nədə diqqətli olması, nəyə daha çox diqqət yetirməsi məsələsi meydana çıxır.
Bu, bir növ nəyə daha çox diqqət yetirməyin vacibliyini ortaya qoyur. Ona görə də düşünürəm ki, demokratiya adına, insan haqları adına, söz və vicdan azadlığı adına Azərbaycana tutulan iradların arxasında dayanan mövqe həqiqətən də həqiqi demokratların mövqeyi deyil, bu və ya digər maraqlarını reallaşdırmaq istəyən dairələrin əlində olan alətlərin səsləri danışır. Bu məsələdə bir az diqqətli olmaq və Azərbaycan-Amerika münasibətlərinə xələl gətirə bilən hərəkətləri dəf etmək lazımdır.

- Bəzən belə iddialar da ortaya qoyulur ki, Krım hadisələri ilə başlayan məlum Ukrayna hadisələrindən sonra daha çox Rusiyaya yaxınlaşan Azərbaycanı bu cür təzyiq yolu ilə yenidən ABŞ, Qərb istiqamətinə döndərmək məqsədi güdülür...

- Mən şəxsən, Amerika, Qərb rəsmi siyasətçilərindən birindən də bununla bağlı hansısa bir fikir eşitməmişəm. Bu, sadəcə, Azərbaycanın bayaq söylədiyim kimi, müstəqil siyasət yeritməsindən narahat olan və məhz bu siyasəti özlərinin hədəfləri qarşısında bir maneə kimi görənlərin fəaliyyətidir.
Azərbaycan isə bloklara qoşulmamaq siyasətini davam etdirir və bunu açıq şəkildə edir. Burada gizli heç bir məqam yoxdur. Biz əhalisinin sayından, iqtisadi imkanlarından asılı olmayaraq, bütün ölkələrlə ikitərəfli bərabərhüquqlu tərəfdaşlığa, münasibətlərə üstünlük veririk və bu münasibətlərə də hər zaman sadiqik.
Mövqeyimizə də hər zaman sadiqik və bu münasibətləri qurarkən də yalnız beynəlxalq hüququn prinsiplərindən çıxış edirik. Bu və ya digər şəxsi, qrup, region maraqlarına görə heç zaman beynəlxalq hüququn prinsiplərini qurban vermirik.
Ona görə başqaları üçün paradoksal görünsə də, bu gün bir tərəfi, sabahsa başqa tərəfi ifrat dəstəkləmək və yaxud da ifrat ona qarşı çıxmaq mövqeyindən uzağıq. Bu baxımdan, bu balanslaşdırılmış siyasət, bu bərabərhüquqlu tərəfdaşlığa üstünlük vermək bəzilərinə qəribə görünə bilər.
Onlar bunu Rusiyaya meyillənmək kimi və yaxud da, əgər Rusiyadan hansısa bir narahatedici fikirlər səslənərsə, onda bunu bir növ Amerikaya, Qərbə meyllənmək kimi dəyərləndirə bilərlər. Bu, onların dəyərləndirməsidir.
Azərbaycan isə öz siyasətinə sadiqdir, Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin zamanın o tələblərinə, çağırışlarına, təhdidlərinə, təhlükələrinə uyğun olaraq çevik şəkildə müəyyənləşdirdiyi, ayrıca həyata keçirdiyi məqsədyönlü bir siyasətdir.
Və bu gün Azərbaycanın müstəqil siyasət yeritməsinin, iqtisadi inkişafının, daxili ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qoruyub-saxlamasının əsas səbəbi də məhz bu siyasətdən qaynaqlanır. Odur ki, "bizim haqqımızda belə dedilər və yaxud da deyəcəklər", - deyə, bu siyasətimizə gündə bizə ziyan gətirə biləcək hansısa korrektələr edə bilmərik.
Bu, bizim siyasətimizdir, biz bunu açıq şəkildə bəyan edirik. Biz Qoşulmamaq hərəkatının üzvüyük. Qoşulmamaq hərəkatının üzvü olan bir ölkə, yəni, hər hansı hərbi birliklərin, hər hansı blokların üzvü olmayan ölkə necə siyasət aparmalıdır ki? O, məhz hamı ilə ikitərəfli əməkdaşlığa üstünlük verir və verməlidir. Baxın, biz Avropa İttifaqı ilə də bərabərhüquqli ikitərəfli əməkdaşlıq qurmaq istəyirik.
Baxmayaraq ki, onlar bizi digər respublikalarla bir gözdə görərək, hamıya eyni standart tətbiq etməklə bunu həyata keçirmək istəyirlər və məhz ona görə də problemlərlə üzləşirlər. Həm özləri problem yaşayır, həm də o ölkələrlə ki, münasibətlər qururdular onlar çox çətin ziddiyyətlər girdabına düşüb və bu gün də onların oradan tez çıxa, özünü düzəldə, özünəməxsus siyasət yeridə biləcəyi çox şübhəli görünür. Bu, inandırıcı görünmür.
Ona görə də Azərbaycan onu inkişafa, uğura aparan bu siyasətdən hansısa Kramerlərin, Kozlariçlərin fikrinə görə niyə dönməlidir ki? O necə dəyərləndirir-dəyərləndirsin, biz Rusiya ilə əməkdaşlığa önəm verdiyimiz kimi, Amerika ilə də əməkdaşlığa üstünlük veririk, Fransa ilə əməkdaşlığı, xüsusilə, əhəmiyyətli hesab edirik.
O, üç ölkə həm BMT Təhlükəsizlik Şurasının üzvləridir, həm Minsk qrupunun həmsədrləridir. Necə ola bilər ki, bu ölkələrdən hər hansı birinə üstünlük verək və yaxud da biri ilə münasibətlərimiz digər ölkəyə qarşı olsun? Bunu kimlərsə belə dəyərləndirə bilər, öz maraqlarının ifadəsi üçün. Amma Azərbaycan qətiyyən, bu mövqedə deyil və biz ikitərəfli münasibətlərimizi beynəlxalq hüququn prinsiplərdən yanaşaraq, ona da sadiqlik nümayiş etdiririk.

- Sizcə, bu durumda Azərbaycan Rusiyapərəst, Qərb- ABŞpərəst, İranpərəst siyasət yeridir və ya yeritməlidir, yoxsa?...

- Azərbaycan Azərbaycanpərəstdir. Biz heç kimin, necə deyərlər, qanadı ilə uçmuruq, heç kimin iqtisadi inkişafına, hərbi qüdrətinə, dünyada tutduğu yerə görə öz siyasətimizi qurmuğuq. Əlbəttə ki, münasibətlərimizdə bəzi məqamları nəzərə alırıq, amma bu o demək deyil ki, biz tərəfdaşlarımızı birmənalı olaraq yalnız onların düşündüyünə, planlaşdırdığına uyğun seçirik.
Biz bütün bu münasibətlərimiz içərisində Azərbaycanın maraqlarını əsas götürürük. Və əgər biz bu maraqları qorumaq üçün digərlərinin də maraqlarının ziddiyyətindən çıxmaq istiqamətində doğru yol tapa biliriksə, bu, bizim günahımız deyil, o bizim uğurumuzdur. Hər bir dövlət, onun rəsmi siyasəti ilk növbədə təmsil etdiyi ölkənin xalqlarını, onun vətəndaşlarını və onun maraqlarını irəliyə aparmaq istəyir.
Bu baxımdan, biz də beynəlxalq ictimaiyyətin üzvü olaraq mövcud imkanlardan məhz bunun üçün yararlanmağa çalışırıq. Yəni, biz bir gün Rusiyanın, bir gün Amerikanın, bir gün Fransanın və yaxud da Almaniyanın maraqlarının ifadəçisi rolunda çıxış edə bilmərik.
Bunun üçün başqa ölkələr var. "Yaxşı qonşularımız" var, bu rolu oynamaqla kimlərin ki, maraqlarını ifadə edirlər, bunu onlar üçün çox böyük uğurla həyata keçirə bilirlər. Amma özlərini və xalqlarını çox dərin bir quyuya saldıqlarının fərqindədirlərsə, bundan çıxa bilmirlər. Fərqində deyillərsə də, bunun üçün xalq düşünməlidir ki, bu iqtidar onlara nə dərəcədə sərf edir. Ona görə heç kim gözləməsin ki, Azərbaycan nə vaxtsa belə bir addımlar ata, belə bir səhvlərə, yanlışlıqlara yol verə, bununla da kimlərisə sevindirə, kimlərisə ruhlandıra bilər. Bu, qətiyyən olmayacaq.