Həyatın qiyməti artdıqca onu heç kəs itirmək istəmir Ədəbiyyat

Həyatın qiyməti artdıqca onu heç kəs itirmək istəmir

Ədəbiyyatın intihar mövzusundakı çabaları çox hallarda oxucunun daha da ümidsizləşməsinə rəvac verir

İntihar elə mövzudur ki, intellektuallıq səviyyəsindən asılı olmayaraq insanları çulğayır. Əslində intihara bir düşüncə tərzi kimi baxmaq, təqdim etmək artıq heç kəsdə təəccüb doğurmur. Bu yazıda məqsəd isə intiharın insanlığa, insanlara gətirdiyi bəlaların səbəbini izah etməkdir. Bəşər tarixi başdan-başa qan-qada, təhlükə, çoxsaylı problemlərlə doludur. Bu, o deməkdir ki, dünya tarixən heç zaman rahat olmayıb. Yəni daim müharibələr, insanlararası, eləcə də millətlərarası qovğalar insan psixikasının, daxili dünyasının gərginliklərlə dolmasına səbəb olub.
Gərginlik elə bir haldır ki, başlayır və artır. Əgər insan daxilən güclü deyilsə, gərginliyə tab gətirmir, zaman isə daim insanı yenməyə çalışır. Gerçəklik təzadlı, insanı daim özündən ayıran məqamlarla doludur. Zaman güclü insan sevmir, istəmir ki, onun inamı, idrakı, mənəviyyatı və iradəsi zamanın diqtəsindən güclü olsun. Məsələnin qəlizliyi ondadır ki, şəraitin diqtəsinə uyğun yaşayan adamlar üçün həm də zamanın qoruyucusu olmaq funksiyası qaçılmazdır. Adam gerçəkçi olduğundan o, təbiətin verdiyi bütün balaca nemətləri xoşbəxtlik sanır və ondan beşəlli yapışır. İnsanın təbiətinin ikili, təzadlı olması onun həyata, dünyaya, insana və təbiətə münasibətinin qarışıq formalaşmasına səbəb olur.
İnsanın ikili təbiəti dedikdə burada onun təbiətin verdiyi imkanlarla, qabiliyyətlə məhdudlaşmasını nəzərdə tuturuq. Məsələ burasındadır ki, insan daxili imkanlarını aşkarlamaq, özünü ruhən böyütmək istəyində olmayanda zamanın verdiyi ölçüləri, həddi, səddi hər şey sanır. Zaman da ki, çox dəyişkəndir. Qəfildən dəyişən hadisələr, gerçəkliyin ziqzaqlı məqamları istər-istəməz zamanın diqtəsindən kənara çıxa bilməyən insanın psixikasına təsir edir, nəticədə o, qəfil "çökür".
Bu yazımızda intihara səbəb olan insan psixikasından, eləcə də intihardan qurtulmaq haqqında danışacağıq. Əsrlərdən bəri ədəbiyyatın, incisənətin, ümumən yaradıcı sahələrdə çalışan bütün peşə adamlarının məqam-məqam daxilini oynadan intihar mövzusunun, həmçinin heç bir yaradıcılıqla məşğul olmayan insanların ağlında, ruhunda yaratdığı təbəddülatlardan söhbət gedir. Əsrlərdir bu mövzu çoxunu düşündürüb, amma intiharın yaranması, səbəbləri, eləcə də ona dov gəlməklə bağlı hələlik böyük mənada məntiqi bir açıma rast gəlinmir. Məsələ burasındadır ki, ədəbiyyat adamları intihar mövzusunu bədiyyatın tələbləri baxımından təsvir edir, müəyyən məqamlarda onu hətta vəsf etmiş də olurlar. Yəni həyatdan yazıçının qələminə gələn, ikinci bir ömür bağışlanan intihar mövzusu bədiiləşdikcə "ülviləşir", hətta "sehrli" bir məzmun da kəsb edir. İnsan ağlı elə ki, zəif olur, belə təsvirlərdən və təsirlərdən canını qurtara bilmir. Əksinə, dəbdə olana meyl etmək xəstəliyi onun təhtəlşüurunu alışdırır və ağlın, şüurun labüd, qarşısıalınmaz qənaəti kimi ona təlqin edir...
Həyat isə gözləmir. Qarışıq əhvallar, nizamsız ömürlər artdıqca, həyatdakı gərginliklər də çoxalır, çünki adamlararası münasibətlər gərginləşdikcə bu, yeni-yeni gərginliklər dalğası yaradır. Cəmiyyətdə intiharların artmasının səbəbləri çoxdur. Əvvəla, bəşəriyyətin keçib gəldiyi çoxəsrlik yolda insan taleyi, insanın xoşbəxtliyi, arzularının gec-tez yerinə yetəcəyi ilə bağlı "cahanşümul" və ümidli fikirlər olsa da, bu gün həqiqət adamların ağlına intuitiv olaraq bu məntiqi nəticəni çatdırır. Bəşərin bütün dəbdəbəli, amma əslində daxildən boş olan tarixi başdan-başa insanlara ümidsizlik bağışlayır. Şübhəsiz ki, tarixin müəyyən məqamlarında rast gəlinən ülvi, müqəddəs əməl yolçularının əməlləri bəşərin yaşamasına, müəyyən nailiyyətlərin qazanılmasına səbəb olub. Yəni dünya azadlığı hər şey sanan Babəksiz, dərisi soyulan Həsimilərsiz, Füzulilərsiz, tonqalda yandırılan Cordano Brunolarsız, Cəlaləddin Rumilərsiz və b. çox balaca görünərdi.
Ancaq bütün bunlarla belə fakt budur ki, Azərbaycanda intiharlara az rast gəlinmir. Əvvəlki dövrlərlə müqayisədə intihar faktlarının artıb-azalmasını müzakirə etməyin əhəmiyyəti bu yazımızda axtarılmır. Əsas məsələ intihar istəklilərin sayının minimumua endirilməsindən gedir. Buradaca demək ki, intiharları tamamilə yox etmək olar; ciddi səslənməz. Yəni insanların xarakteri müxtəlifdir, təbiət çəkdiyi alınmayan rəssama oxşayır.
Həsillər bir-birini əvəz edir, daim dünya müxtəlif təəssüratlı, psixikalı yeni-yeni adamların meydanına çevrilir. İnsan doğularkən onun insani cəhətləri ilə yanaşı antiinsani xarakterləri də meydana çıxır. Bayaq insanın ikili təbiətindən danışdıq; o, ruhən böyük potensiala, yəni insani imkanlara (inama, idraka, mənəviyata və iradəyə) malikdir. Digər tərəfdən də o, insani imkanlarının aşkarlandığı bədəninin tələbləri ilə yaşamağa məcburdur və məhkumdur. Bədənin tələbatı insaniliyin məntiqi baxımından gərəksiz, amma şərait diqtəsi baxımından zəruri hesab edilir. İnsan mahiyyətcə bədən və ruh təzadından ibarətdir. Bu mənada zəif insan gerçəkliyin tələbinə uymayanda, digər tərəfdən də ruhunun imkanlarına çatmayanda gerçək aləmlə insani istəkləri arasında uçurum yaranır. Müəyyən hallarda bu, intiharla sonuclanır.
İntiharın daha çox kişilər tərəfindən edildiyi bildirilir.
İntiharların təkcə maddi problemlər, pulsuzluq üzündən edilməsi ilə bağlı təəssüratlar təbiidir ki, yanlışdır. Məsələ burasındadır ki, Avropanın inkişaf etmiş ölkələrində belə intiharlara az rast gəlinmir.
İndi isə intiharın psixoloji gedişlərini xarakterizə edək: həyat başlayandan, insan özünü azdan-çoxdan dərk etməyə başladığı andan adamların yaşamaq ehtirası ilə yanaşı intihara meyli də yaranıb. İntihar bəşər tarixində həmişə bəraət qazandırılması qeyri-mümkün olan bir hadisə kimi qəbul edilib.
Təbiətin insana verdiyi ömür payı çox azdır. Çətinliklər, təhlükələr həmişə olub, bundan sonra daha çox olacaq. Əslində insan intihar etməklə aqibət payını kəsir, arzularını boğur. İnsan gedir, arzuları yarımçıq qalır. Bir zamanlar güclü, möhtəşəm idi, qeyri-adi duyğuları ilə yerə-göyə meydan oxuyurdu, indi isə artıq o, yoxdur.
Tanınmış psixiatr Şaiq Sultanov hesab edir ki, intihar edən şəxsə elə gəlir, artıq yaşamağın mənası yoxdur. Şübhəsiz ki, insan ən zəif, iradəsiz məqamında daha çox intihara əl atmaq təhlükəsi ilə üz-üzə qalır. Çox zaman o, tərəddüdlər məngənəsində çapalayır, nə edəcəyini bilmir.
Əslində ən özünə inanmayan, ümidsiz adam belə son anda, yəni ölüm çağında özünü öldürmək fikrinə düşdüyünə peşman olur: "Amma burada bir məqam var. Bu fikri çıxılmaz şəraitdə qalan, əqidəçiliyini qorumaq bahasına bilərəkdən, məqsədli şəkildə canından keçənlərə şamil etmək olmaz. Bu mənada bir millət olaraq yaponların məşhur xarakiri qaydası bizim anladığımız intihar mövzusunun qəlibinə sığmır."
Bəs şəxsiyyətlə zaman arasında ziddiyyət nə vaxt yaranır? O zaman ki, müəyyən bir ağıl, mənəviyyat səviyyəsinə yetən şəxsiyyət mənəvi tələbatını elə-belə səviyyədə ödəyə bilmir; o, tərənnüm etdiyi ideyanın onu yaşatmasını istəyir. Yəni o dərəcədə ideyaya vurulanlar olur ki, hətta insanlığa aid olan bütün ülvi keyfiyətlər ideyanın ayağına yazılır. İnsan axtarır, axtarır, sonda isə istədiyini tapmır. Faciəviliyin dərki intihar istəyinin reallaşmasını sürətləndirir. Gör o, nəyi arzulayırdı, nəyə çatdı. Bütün ömrünü bu ideyaya sərf etmişdi, amma nəticəsi nə oldu?
Yeri gəlmişkən, müasir Azərbaycan ədəbi gəncliyinin çox hallarda ümidsiz, insanları həyatın burulğanlarında qətiyyətsizləşdirən, ruhsuz məqamlara tuş edən "əsərlər" yaradaraq əlacsızlığı aqibətin qaçılmaz qaydasına çevirmələri göz qabağındadır. Əslində fərdin daxili təbiəti hansı səviyyədədirsə, onun yaradıcılığında bu, bütün çalarları ilə üzə çıxır. Bədbinlik mövzusunu ən təbii şəkildə belə ədəbiyyatın əsas xəttinə çevirmək antixəlqi və antibəşəridir. Əxlaqın primitiv qaydasıdır: gərək zəiflik və zəlillik o cür təsvir edilsin ki, ondan çıxmağın xilas yolu da görsənsin. Bu mənada ədəbiyyatın intihar mövzusundakı çabaları çox hallarda oxucunun daha da ümidsizləşməsinə rəvac verir.
Azərbaycanlıların intihara münasibəti həmişə birmənalı olaraq mənfi xarakter kəsb edib. Ş.Sultanov: "Xalqımız yaşamaq, yaşatmaq, insani keyfiyyətləri aşkarlamaq məsələsində heç bir xalqdan geri qalmayıb. Həmişə bu xalqın duyğuları yüksək olub. Azərbaycanda intihara həmişə yaxşı olmayan hal kimi baxılıb, həmçinin bu halların baş verməsinin qarşısı mümkün qədər vaxtında alınıb".
Ailəcanlılıq, doğmalıq məsuliyyəti məsələsində azərbaycanlıların özünəmxəsusluğu danılmazdır. Hər cür maddi çətinliklər insana haqq vermir ki, o, intihar adlı heç cür bərat qazandırılmayan əmələ əl atsın. İntihar insanın insani imkanlarından şüurlu, ya şüursuzcasına əl çəkməsi, şərə yenilməsidir.
Mütəxəssislər hesab edir ki, şəxsiyyətin intellektual səviyyəsi nə qədər yüksək olarsa, onun özünə sui-qəsd meyli də bir o qədər artır. Söhbət bədii ruhlu şəxslərdən gedir. Bu zaman onlarda qəfil gücü depressiyalar, ruh düşkünlüyü müşahidə olunmağa başlayır. Ola bilər ki, ruh düşkünlüyü insanda zahirən, qəfildən hiss edilsin. Hər bir kəs müəyyən həyat təcrübəsi səviyyəsində özünün kim olduğunu gözəl bilir. Depressiya insanda illərlə yığılır, nəhayət, son həddə çatır. Bu hissə qeyri-adi adamlar arasında rast gəlindiyi dərəcədə adi, yəni intellektual cəhətdən az inkişaf etmiş adamlarda da təsadüf edilir: "İntihara psixoloji cəhətdən zəif şəxslərin aqibəti kimi də baxmaq düzgün deyil. İntiharlar səbəbli və səbəbsiz olur. Əhvalın səbəbsiz enməsinə ruhi xəstələrdə rast gəlinir, bu artıq depressiyadır: təfəkkür səngiyir, əhval tam enir, dalğınlıq zirvə həddinə çatır. Fərd hər hansı bir reaksiyaya cavab vermək iqtidarında olmur. Məhz bu məqamda xəstədə intihara meylin yaranması ehtimalı çox güclüdür. Xəstəliyin tam təsiri altına düşən insanda özünü günahlandırma, qınama, sayıqlama halları müşahidə edilir. İnsan həyatında, yaxın ətrafında baş verən fəlakətlərin səbəbini özündə görür. Qeyri-şüuri özünü öldürmək cəhdi bu zaman çox güclü olur. Səbəbli depressiya zamanında insanda bütün o əlamətlər müşahidə olunur. Əhvalın enməsi səbəbindən həmin an insanda intihar meyli yaranır..."
Bir fransız psixiatrı bu qənaətə gəlib ki, həyatın qiyməti
artdıqca, onu heç kəs itirmək istəmir. Amma başqaları üzərində hegemonluq edənlər məqam gəlir ki, intihar adlı zəifliyə yenilirlər. Həyatın bütün çətinliklərinə, zülmünə, zillətinə baxmayaraq yaşamaq gözəldir. Ən özünə inamsız şəxs belə həyata hədsiz gərəkli olduğuna inanmalıdır...

Uğur