Tikinti ilə bağlı cərimə artdı Siyasət

Tikinti ilə bağlı cərimə artdı

Qüdrət Həsənquliyev: "Tikinti şirkətlərinə mənzil satışı qadağan edilməlidir "


Dünən dördüncü çağırış Milli Məclisin son sessiyasının ilk plenar iclası keçirilib.
Plenar iclasda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Milli Məclisdə xüsusi iclas keçirilməlidir və bu məsələ mütəmadi olaraq gündəliyə daxil edilməlidir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan ictimaiyyətinin daim diqqət mərkəzində saxlanılmalıdır: "Hər kəs bu yaxınlarda şahid oldu ki, Azərbaycan ordusu işğalçı erməni əsgərlərini məhv edən zaman ATƏT-in Minsk qrupu dərhal bəyanat yaydı. Halbuki bundan öncə dəfələrlə Ermənistan hərbiçiləri Azərbaycan ordusunun hərbiçilərini şəhid ediblər. Ancaq ATƏT-in Minsk qrupu səsini belə çıxartmayıb. Biz dünya birliyinə çağırışlar etməliyik ki, Azərbaycan status-kvonun saxlanılmasına əsla razı deyil, artıq buna son qoyulmalıdır".
Qüdrət Həsənquliyev bəyan edib ki, Azərbaycan dövləti bir milyon qaçqın saxlayır: "Həmin qaçqınlar erməni işğalı nəticəsində qaçqın vəziyyətinə düşüb. Azərbaycan ordusu mütəmadi olaraq genişmiqyaslı əməliyyatlar keçirməli və təmas xəttində düşmənə zərbələr vurmalıdır. Düşmən hər an məhv edilməlidir. Bəlkə belə olan halda Ermənistan sülhə gələr".
Milli Məclisin deputatı Zahid Oruc son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı bir sıra kütləvi informasiya vasitələrində (KİV) yayılan informasiyaları parlamentdə gündəmə gətirib.
Zahid Oruc bu cür informasiyaların Azərbaycanın dövlət maraqlarına uyğun olmadığını bəyan edib: "Mən təklif edirəm ki, KİV haqqında qanunda dəyişiklik olunsun. Çünki mətbuatda əks olunan bəzi materiallardan düşmən də öz xeyri üçün istifadə edir. Məsələn, bir neçə gün əvvəl Azərbaycan əsgəri düşmənə sarsıdıcı zərbə vurdu. Amma bu xəbərlər neçəncisə sırada yer aldı. Hesab edirəm ki, KİV qarşısında belə bir qayda qoyulmalıdır ki, onlar Müdafiə Nazirliyinin xəbərlərini hər zaman birinci və baş xəbər kimi versin. Bu proses Qarabağ münaqişəsi həllini tapanacan davam etdirilməlidir".
Zahid Oruc hər iki valideyninin itirmiş uşaqların pulsuz təhsil aldığını, lakin magistratura pilləsinin ikinci ilində həmin gənclərin güzəştlərdən məhrum olunması məsələsinə də toxunub. O, 23 yaşlı gənclərin də güzəştlər kateqoriyasına aid edilməsini təklif edib: "Biz tələbə qəbulu ilə bağlı xüsusi qanun qəbul etməliyik. Artıq tələbə qəbuluna uzanan əllər kəsilib. Ancaq eyni zamanda Azərbaycan gənclərinin xaricdə təhsilə üz tutmasını nəzərə alıb, qanunvericiliyə dəyişiklik edilməsi də zəruridir".
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin etirazına səbəb olan "2015-ci il aprelin 28-də Milli Məclis tərəfindən qəbul edilmiş "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanuna Azərbaycan Respublikası Prezidentinin etirazları barədə" qərar layihəsini müzakirəyə çıxarıb.
Plenar iclasında dövlət başçısının narazılığına səbəb olan məqamlar da açıqlanıb.

Bildirilib ki, qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir. Bundan başqa, qanunun 5-ci və 15-ci maddələrinə əsasən, kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur. Beləliklə, qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cu maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.
Qeyd olunub ki, sadalananlarla yanaşı, qanunda "Normativ hüquqi aktlar haqqında" qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib. Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun imzalanmadan geri qaytarılıb.
Daha sonra qərar layihəsi səsə qoyularaq qəbul olunub və qanuna yenidən baxılacağı bildirilib.

Milli Məclisin dünənki iclasında "Diplomatik xidmət haqqında" qanunun 11.2 maddəsinə əlavə də müzakirəyə çıxarılıb.
Layihə barədə deputat Azər Kərimli məlumat verib.
Bildirilib ki, yeni layihədə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan layihədə bildirilir ki, "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Maddənin hazırkı variantı isə belədir: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər".

"Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" hissəsi 11.2 maddəsinin əvvəlinə əlavə edilir.

Əlavədən sonra 11.2 maddəsi belədir: "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər".
Sözügedən məsələ ilə bağlı çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, hər bir diplomat öz işində məsuliyyətli olmalı və sirr saxlamağı bacarmalıdır. Son vaxtlar Azərbaycanda bəzi diplomatların xarici dairələr tərəfindən ələ alındığını xatırladan Zahid Oruc bunun yolverilməz olduğunu söyləyib: "Əgər sən bu sahədə sonadək çalışa bilməyəcəksənsə, o zaman əvvəlcədən diplomat peşəsindən vaz keç. Ümumiyyətlə, hər bir diplomat xüsusi xidmət orqanlarında olduğu kimi sirr saxlamağı, nə danışmağı bacarmalıdır. Diplomatlar öz işlərində məsuliyyətli olmalıdır. Necə ki, kəşfiyyat orqanlarında çalışanların sabiqi olmursa, mən hesab edirəm ki, bu diplomatik sahədə çalışanlar üçün də eynidir".
Sözügedən çıxışa görə Milli Məclisin sədri Oqtay Əsədov Zahid Oruca cavab verib: "Ay Zahid Oruc, sən Xarici İşlər Nazirliyini Kəşfiyyat Nazirliyinə çevirmək istəyirsən? Bu, təkcə Xarici İşlər Nazirliyində deyil. Hər yerdə nanəciblər var".
Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsindən danışan millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qarşıdan payız mövsümü gəlir və yenə də yeni tikilmiş çoxrmərtəbəli binalar bu ili qazsız keçirəcək: "Elektrik enerjisindən həddindən artıq istifadə həddindən artıq yükləmələr isə digər problemlər yaradılır. Dövlət Neft Şirkəti bildirir ki, bina təhvil verilirsə qazla təmin edilə bilər.
Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışıq. Dövlət məsuliyyəti vətəndaşın üzərinə qoyur ki, gedin tikinti şirkətinin rəhbərinə təzyiq edin ki, binanı vaxtında təhvil versin, olmasa məhkəməyə verin. Məhkəmələr isə illərlə davam edir. Bir çox hallarda bilirik ki, binaların dələduz rəhbərləri bir mənzili bir neçə adama satır. İnsanlarımız da böyük əziyyətlə üz-üzə qalır. Bu məsələnin çox sadə həlli var. Dövlət ona görədir ki, əgər ictimai həyatımızda bu və ya digər sahəsində problem yaranırsa dərhal o qanunvericilik sahəsində tənzimlənir. Qanunvericiliyə kiçik düzəlişlə dəyişiklik edilsə ki, tikinti şirkəti yalnız bina dövlət istismarına bina qəbul edildikdən sonra notarial qaydada mənzil satışı həyata keçirə bilər, bu problem həll olunar. Amma biz marağındayıq ki, özül qazıldıqdan dərhal sonra tikinti şirkətlərinə pul ödənilsin, onlar vətəndaşın pulu ilə binanı tiksin, bina başa çatandan sonra tikinti şirkətinin rəhbəri desin ki, gedin binanı dövlət tərəfindən qəbul etdirin. Beləliklə insanlar neçə illər belə əziyyətlərlə üz-üzə qalır. Yaxşı olar ki, biz tikinti şirkətlərinə mənzil satışını qadağan edək. Qoy onlar notarial qayda da bunu həyata keçirsin. Bu dəqiqə elə binalar var ki, bir neçə ildir insanlar orada yaşayır, ancaq orada qaz yoxdur. Hesab edirəm ki, bununla bağlı Milli Məclis olaraq qanunvericiliyə dəyişiklik edilsin".
Daha sonra layihə səsə qoyulub və qəbul edilib.
Dünən Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinin 88-1-ci və 88-3-cü maddələrinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verilərək bildirilib ki, 88-1-ci maddənin adı dəyişdirilərək "Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi" variantında verilir.
Mövcud variantda maddənin adı belədir: "Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə".
Layihədə təklif olunan maddənin 1-ci hissəsində deyilir ki, "Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir". Hazırda bu cərimələrin yuxarı həddi cəmi 32 manatdır. Maddənin ikinci hissəsində isə bildirilir ki, qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat miqdarında cərimə olunacaqlar. Hazırda isə bu cərimənin yuxarı həddi cəmi 35 manatdır.
88-3. maddəsinə edilən dəyişikliyə görə, torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə 1500 manat miqdarında cərimə tətbiq ediləcək. Hazırda isə bu cərimə 60 manatdan 90 manata qədərdir. Layihə səsə qoyularaq qəbul olunub. Milli Məclisin iclasında Azərbaycanda dövlət orqanlarının, həmçinin inzibati və yardımçı vəzifələrin təsnifatında da dəyişikliklər edilib.
Bununla bağlı məsələ "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərdə əksini tapıb. "Dövlət qulluğu haqqında" qanunun 8.1.1-ci maddəsinə, dövlət orqanlarının təsnifatı ilə bağlı siyahıya ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin adının da əlavə edilməsi nəzərdə tutulur. Bundan əlavə, qanunun 11-ci maddəsinə edilməsi nəzərdə tutulan əlavələrə görə isə bundan sonra Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi inzibati vəzifələrin ali təsnifatına, Ali Məhkəmənin Aparat rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarının bölmə rəhbəri vəzifələri inzibati vəzifələrin ikinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarındakı mütəxəssislər isə inzibati vəzifələrin üçüncü təsnifatına aid ediləcək.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Milli Məclisin müzakirəsinə çıxarılan növbəti məsələ "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı olub. Bildirilib ki, Prezident tərəfindən təqdim olunan layihəyə əsasən Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığında çıxma qaydaları dəyişdirilir.
Əlavə və dəyişikliklər layihəsinə əsasən, qanunun 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrinə belə bir bənd əlavə edilir: "Azərbaycan Respublikasının vətəndaşlığına bərpa və yaxud vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur".
Xatırladaq ki, Konstitusiyanın 109-cu maddəsi "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri" adlanır və burada 20-ci bənd Prezidentin səlahiyyətlərində "vətəndaşlıq məsələlərini həll edir" kimi əsas götürülür. Layihədə qanunun 16-cı (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar) maddəsinin ikinci hissəsinin ("Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində") ləğvi də nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən qanunun 18-ci (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) maddəsində qaydalara məhkəmə tərəfindən verilən qərarla itirilməsi qaydaları da əlavə edilir. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Milli Məclisin iclasında "Publik hüquqi şəxslər haqqında" yeni qanun layihəsi barədə məlumat verən deputat Rəfael Cəbrayılov bildirib ki, bu qanun və ondan irəli gələn vəzifələr Azərbaycanda yeni olsa da, bəzi inkişaf etmiş ölkələrdə mövcuddur. Azərbaycan Prezidenti tərəfindən təqdim olunan qanun layihəsi 9 maddədən ibarətdir. Yeni qanuna əsasən, Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları müəyyən edilir. Qanunda göstərilir ki, publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından, yaxud publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Müzakirə zamanı deputat Şəmsəddin Hacıyev qanunda "publik" sözünü işlənməsinə irad bildirərək, bunun "ictimaiyyət" sözü ilə əvəzlənməsini istəyib. Ona spiker Oqtay Əsədovun cavabı belə olub: "Şəmsəddin Hacıyev, parlamentin Elm və təhsil komitəsinin sədri kimi bu sözə alternativ, mənasını əhatə edən söz tap, dəyişək. Yəni, ictimaiyyət sözü həqiqətən məna etibarı ilə bunu əvəz edirsə, dəyişək. Sonra irad bildir".
Daha sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.