“BMT və sair bu kimi beynəlxalq təşkilatlara, supergüc dövlətlərə güvənmək əvəzinə...” Siyasət

“BMT və sair bu kimi beynəlxalq təşkilatlara, supergüc dövlətlərə güvənmək əvəzinə...”

Fərəc Quliyev: "Yalnız milli və dövlətçilik maraqlarına söykənərək siyasət yeritmək ən doğru yoldur"

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin 70-ci sessiyası artıq bir neçə gündür ki, öz işinə başlayıb. Oktyabrın 3-ə kimi davam edəcək sessiyada çoxsaylı dövlət və hökumət başçısı, xarici işlər nazirləri çıxış edərək müxtəlif siyasi proseslərə münasibətlərini bildirib, vacib məsələləri qaldırıblar. Sessiya çərçivəsində ABŞ prezidenti Barak Obama da BMT-nin ali tribunasından dünyadakı ümumi siyasi vəziyyətlə bağlı özünəməxsus mövqe sərgiləyib. Özünü azadlıq carçısı, ABŞ-ı demokratiyanın beşiyi sayan prezident sanki dünya jandarmı imiş kimi müxtəlif siyasi çağırışlar da edib.
B.Obamanın BMT ali tribunasından səsləndirdiyi fikirlərə, Yaxın Şərq və digər ərazilərdə tüğyan edən müharibələrə, insan qətliamına dolayısı ilə haqq qazandırmasına münasibət bildirən deputat Fərəc Quliyev Baş Məclisin sessiyasında əksər çıxışları dinlədiyini bildirib. Qeyd edib ki, dövlət başçıları arasında Belarus prezidenti Aleksandr Lukaşenkonun çıxışı daha optimal yanaşmaları özündə ifadə edirdi. Onun sözlərinə görə, Belarus prezidenti BMT-nin ikinci dərəcəli quruma çevrilməsini, ikili standartların tətbiq edilməsini, bəzi hallarda isə laqeydliyini tənqid edib. Konkret ABŞ prezidentinin sessiyadakı çıxışına gəlincə, F.Quliyev deyib ki, hansısa dövlət, yaxud da prezident özünü dünyanın jandarmı kimi aparmağa cəhd edə, fövqəldövlət kimi görünə bilər. Amma müəyyən dəyərlər var ki, onlara hər bir dövlət böyük və kiçikliyindən asılı olmayaraq hörmətlə yanaşmağa borcludur: "Vaxtilə "ərəb baharı" adlandırılan inqilablar baş verəndə Hillari Klinton çox maraqlı bir açıqlama vermişdi. O: "Biz bu "ərəb baharı"nı başlatdıq, ancaq sonunun nə ilə nəticələnəcəyini bilmirik", - deyə etirafda bulundu.
Hadisələrin gedişatından da aydın oldu ki, Qərb tərəfindən Şərq ölkələrində, ərəb dünyasında başladılan bu prosesin nə ilə nəticələnəcəyi bəlli deyil. Əgər burada məqsəd müstəqil dövlətləri dağıtmaq, suverenliyini və ərazi bütövlüyünü pozmaq, müsəlman dünyasını məhv etmək idisə, təbii ki, bu, doğru yanaşma deyil. O sivilizasiya, o dövlət böyükdür ki, bəşəriyyətin ümumi dəyərlərinə xidmət edir, ədalətli mövqe sərgiləyir. Azərbaycan timsalında ciddi bir ədalətsizlik yaşanır. Ölkəmizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Amma dünya birliyi, xüsusən də özünü fövqəldövlət kimi aparan ABŞ, eləcə də digər böyük dövlətlər bu işğala, ədalətsizliyə göz yumurlar. İndi Avropa miqrantlarla bağlı problemlər yaşayır, onları qəbul etmək istəmir. Amma 25 ildən artıqdır ki, Azərbaycan bir milyona yaxın qaçqına qucaq açıb, onların sosial problemlərinin həlli ilə məşğuldur. İndiyə qədər dünya birliyi bu problemdən danışmayıb, işğalçı Ermənistana qarşı hər hansı səviyyədə təzyiq göstərməyə cəhd etməyib".

Millət vəkili BMT-nin bir çox məsələləri həll etmək üçün öz iradəsini ortaya qoymamasına da toxunub. Bildirib ki, 20 ildən artıqdır ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamə Ermənistan tərəfindən icra olunmur. Lakin buna görə Ermənistana hər hansı formada təzyiq göstərilmir, qətnamələrin icrasına məcbur edilmir: "Halbuki bir neçə il bundan qabaq elə həmin qurumun Liviya ilə əlaqədar qəbul etdiyi qətnamənin mürəkkəbi qurumamış icra olundu. NATO qüvvələri Liviyanı bombaladı. İkili yanaşma, ədalətsizlik buradan da qabarıq şəkildə özünü göstərir. Bu gün işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. Başqa dövlətlərin ərazisinə hərbi müdaxilə edən dövlətlər həqiqətən də azadlıq, demokratiya, insan haqları qoruyucusudurlarsa, Ermənistana qarşı da güclərini, təzyiqlərini göstərməlidirlər. Lakin biz bunu müşahidə etmirik. Ona görə də BMT ali tribunasından böyük iddialarla edilən çıxışlar, odlu-alovlu fikirlər ancaq ritorika hesab olunur, acı gülüş doğurur, ciddiyə alınmır.
Hesab edirəm ki, BMT və sair bu kimi beynəlxalq təşkilatlara, supergüc dövlətlərə güvənmək əvəzinə, yalnız milli və dövlətçilik maraqlarına söykənərək siyasət yeritmək ən doğru yoldur. Biz bütün dövlətlərlə, o cümlədən ABŞ kimi böyük ölkələrlə də ikitərəfli münasibətlərə hər zaman hazırıq. Heç bir halda bu münasibətlər həmin dövlətlərin Azərbaycan üzərində ağalığı, nəzarəti və sair kimi qəbul edilməli deyil. Azərbaycan Amerika, Avropa dövlətləri ilə dost və strateji tərəfdaş kimi davranmağa çalışır. Lakin həmin dövlətlərdən adekvat cavab görmürük. Hər bir dövlət bilməlidir ki, bizim üçün milli maraqlar hər şeydən üstündür. Milli maraqlarımıza cavab verməyən istənilən əməkdaşlıqdan, münasibətdən imtina edirik. Hesab edirəm ki, demokratiyanı, bəşəri dəyərləri, ədalət prinsiplərini əməldə ayaqlar altına atmaq, sözdə isə fərqli münasibət ortaya qoymaq keçərli deyil. Artıq XXI əsrdir və dünyada hansı oyunların getdiyini hər kəs yaxşı bilir".