MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Siyasət

MDB Dövlət Başçıları Şurasının iclası keçirilib

Oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
İclası açan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Aleksandr Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi, həmçinin Qırğızıstan xalqını və Prezidentini həmin ölkədə parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbrik edib.
İclasın Qazaxıstanın sədrliyi ilə keçdiyini bildirən Prezident Nazarbayev qeyd edib ki, ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışır. Nursultan Nazarbayev MDB-nin postsovet məkanında 11 ölkənin əməkdaşlığı üçün gözəl meydan olduğunu diqqətə çatdırdı, bu çərçivədə müxtəlif məsələləri müzakirə etmək üçün əlverişli imkan yaratdığını vurğuladı. "Əminəm ki, bugünkü tədbir MDB-nin inkişafına öz töhfəsini verəcək, ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcək", - deyən Qazaxıstan Prezidenti iclasın gündəliyinə 17 məsələnin daxil olduğunu, tədbirin böyük bir hissəsinin təhlükəsizliyin və qanun-qaydaların təmin olunmasına həsr edildiyini söylədi. Qeyd etdi ki, bundan başqa, beynəlxalq sazişlər paketini imzalamaq, proqram sənədlərini təsdiq etmək, BMT-nin yaradılmasının 70 illiyi ilə əlaqədar beynəlxalq terrorizmlə mübarizəyə dair dövlət başçılarının bəyanatını qəbul etmək planlaşdırılır. Təqdim olunan sənədlərin praktik əhəmiyyət kəsb etdiyini deyən Nursultan Nazarbayev onu da bildirdi ki, bu sənədlərin qəbulu və həyata keçirilməsi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə olacaq.
Sonra iclas işini geniş tərkibdə davam etdirilib.
Geniş tərkibdə iclasın əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko MDB çərçivəsində xalqların və dövlətlərin dostluğuna verdiyi töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə "Xalqlar Dostluğu" ordenini təqdim edib.
Məhdud tərkibli görüşdə MDB-nin gələcək inkişafı ilə bağlı cari məsələlərin müzakirə edildiyini deyən Nursultan Nazarbayev bildirdi ki, son vaxtlar dünyanın qlobal dəyişikliklərə məruz qaldığı zamanda MDB də həmin şəraitə uyğun fəaliyyət göstərməlidir. Buna görə, bugünkü iclasda müzakirə olunan məsələlərdən biri təhlükəsizlik sahəsində beynəlxalq vəziyyətdir.
Qazaxıstan Prezidenti BMT-nin razılığı ilə ümumdünya terrorizmə qarşı mübarizə şəbəkəsinin yaradılmasının vacibliyini bildirib, bu sahədə MDB-nin antiterror mərkəzinin potensialından maksimum yararlanmağın zəruriliyini qeyd edib. O vurğuladı ki, bu gün MDB dövlət başçılarının beynəlxalq terrorizmə qarşı BMT-nin yaradılmasının 70 illiyi münasibətilə qəbul etdiyi bəyanat olduqca əhəmiyyətlidir.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, məhdud tərkibli iclasda toplantının gündəliyi və reqlamenti təsdiqlənib, iki mühüm bəyanat - BMT-nin yaradılmasının 70 illiyi və beynəlxalq terrorizmlə mübarizə ilə əlaqədar MDB dövlət başçılarının bəyanatları qəbul edilib. Həmçinin MDB dövlət başçıları Şurasının növbəti iclasının 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.
Sonra Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 30 illiyi ilə bağlı dövlət başçılarının müraciəti müzakirə olunub. Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenkonun məlumatından sonra qəzanın 30 illiyi ilə əlaqədar MDB ölkələrinin birgə müraciətinin dünya ictimaiyyətinə çatdırılması təklif edilib və bununla bağlı qərar qəbul olunub.
Daha sonra iclasda MDB-yə üzv ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurası və Hava Hücumundan Müdafiə Koordinasiya Komitəsinin rəhbərlərinin namizədliyi təsdiqlənib.
MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşıb.