Sabiq nazirdən sensasion açıqlama Siyasət

Sabiq nazirdən sensasion açıqlama

Əvəz Ələkbərov: "Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaratdı"


1999-2006-cı illərdə maliyyə naziri işləmiş Əvəz Ələkbərov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı sensasiya sayıla biləcək açıqlamalar verib. Eks-nazir Modern.az-a açılamasında deyib ki, vəzifəsindən getməsinin başında Eldar Mahmudov olub.

"Mənim işimə cənab prezidentin heç vaxt iradı olmayıb. Bütün çıxışlarımda, yazılarımda, elmi əsərlərimdə hər zaman demişəm ki, özümü bu komandanın üzvü sayıram. Cənab prezidentin gördüyü işlərin, verdiyi qərarların, təyinatların hamısı ölçülüb biçilir və xalq tərəfindən yüksək səviyyədə qəbul edilir.

Cənab prezident dəfələrlə məmurlara tapşırıqlar verib ki, camaatın içində olun, vətəndaşlarla ünsiyyət saxlayın, onları incitməyin, onların problemlərini həll edin. Bürokratlığı, rüşvətxorluğu yerə qoyun.

Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də dövlət orta sahibkara arxalanmalıdır.

Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaratdı. Camaatı bir-birinə vurdu. Öz maraqları çərçivəsində kimisə qabağa çəkdi, kiməsə zərbə vurdu, kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli idi. Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi. Çox hadisə olub. Hamısını deyə bilmərik axı. Sözü də deyəndə söz naminə yox, əsaslı demək lazımdır. Yeri gəlmişkən, Çingiz Abdullayevin yeni dedektiv romanlar yazması üçün mövzular var".

Əvəz Ələkbərov bildirib ki, MTN daima dövlətin ana sütünu olub, daima dövlətçiliyi yüksək səviyyədə həyata keçirib: "Çox güman ki, bundan sonra da belə olacaq. MTN əməkdaşları xalqımıza dövlətimizə xidmət edəcəklər. Cənab prezidentin verdiyi göstərişləri həyata keçirəcəklər. Orda çoxlu tanıdığım və tanımadığım peşəkar insanlar var. Layiqli adamlar ora toplaşıb. Ona görə də o sistemi qaralamaq, ona başqa rəylər də vermək düzgün deyil. Millətimizin gələcək perspektivinin inkişafında da o orqanın rolu olacaq. Bir nəfər gəldi, müəyyən ambisiyalı, qərəzli formada keçmiş dostlarını, qohumlarını öz ətrafına yığdı. Sonra da çıxdı getdi. Düşünürəm ki, bundan şou düzəltmək də doğru deyil. Hər kəs öz cəzasını almalıdır. Layiqli ilə layiqsiz tanınmalıdır. O zaman cəmiyyətimiz də daha tez saflaşar".