Özbəkistan portalı Zəngilanın Ermənistan tərəfindən işğalından yazır Siyasət

Özbəkistan portalı Zəngilanın Ermənistan tərəfindən işğalından yazır

Özbəkistanın "Sharh.uz" analitik xəbər portalında Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ildönümü ilə bağlı məqalə yayılıb. Zəngilanın qonşu Cəbrayıl və Qubadlı rayonlarının işğalından sonra tam blokadaya düşdüyünü qeyd edən müəllif burada içməli suyun, elektrik enerjisinin verilməsinin kəsildiyini, ərzaq ehtiyatının tükəndiyini diqqətə çatdırır. Müəllif qeyd edir ki, işğal nəticəsində qeyri-bərabər döyüşlərdə Zəngilan 188 şəhid verib, 200-ə yaxın uşaq yetim qalıb, 35 mindən çox rayon sakini Azərbaycanın digər bölgələrində məcburi köçkün kimi yaşamağa məhkumdur.
Bildirilir ki, işğala qədər 83 kənddən ibarət olan rayonda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə məktəbi, 1 musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kino qurğusu fəaliyyət göstərib. İşğaldan sonra bütün sosial və mədəniyyət obyektlərinin, tarixi abidələrin dağıdıldığı, habelə Avropada ən böyük çinar meşəsinin tamamilə məhv edildiyi vurğulanır. Zəngilan rayonunun işğalı bir daha sübut edir ki, ermənilər nəinki Dağlıq Qarabağa, Azərbaycanın digər rayonlarına da ərazi iddiaları irəli sürüb və bu məkrli planı həyata keçiriblər.
Məqalədə bildirilir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilib, 20 mindən çox insan soyqırımı və etnik təmizləmə siyasətinin qurbanına çevrilərək həyatlarını itirib. Bir milyon azərbaycanlı 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Tarixi-mədəni dəyərlər, muzey eksponatları, abidələr ermənilər tərəfindən ya məhv, ya da talan edilib, 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb.
BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması və ölkənin ərazi bütövlüyünün tanınması ilə bağlı tələblərə baxmayaraq, Ermənistan bu günə qədər Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini davam etdirir.