“Azәrbaycan parlamenti ilә әmәkdaşlıq edәcәyik” Siyasət

“Azәrbaycan parlamenti ilә әmәkdaşlıq edәcәyik”

ABŞ səfiri: "ATƏT müstəqil dövlətləri nəyəsə vadar edə bilməz"

"Seçkilәrdәn әvvәl dә demişdim ki, biz Azәrbaycan parlamenti ilә, millәt vәkillәri ilә әmәkdaşlıq edәcәyik". Bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. O bildirib ki, ölkәsi dünyanın bütün ölkәlәri ilә münasibətlərində bunu edir: "Burada qeyri-adi heç nә yoxdur. Dövlәt Departamentinin bәyanatında deyilir ki, seçkilәr hakim partiyanın üstünlüyü ilә keçib. Biz hәlә yekun nәticәlәri gözlәyirik. Bununla yanaşı, ATӘT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna müşahidә aparılmasına imkan verilmәmәsindәn tәәssüfləndiyimizi ifadә etmişik vә bütün ATӘT üzvlәri dә bizim bu tәәsüfümüzә tәrәfdar çıxıblar. Bәyanatda da bildirilir ki, biz Azәrbaycan xalqı vә hökumәti ilә güclü, çiçәklәnәn, sabit vә inkişaf edәn Azәrbaycanın qurulmasında әmәkdaşlığımızı, birgә işimizi davam etdirәcәyik. ATӘT İkinci Dünya müharibәsindәn sonra Avropada sülh vә sabitliyi tәmin etmәk mәqsәdilә yaradılmış әn nüfuzlu vә önәmli tәşkilatdır. Bu baxımdan onun nüfuzu şübhәsizdir".
ATӘT kimi nüfuzlu tәşkilatın 20 ildәn çox davam edәn Dağlıq Qarabağ münaqişәsini hәll edә bilmәmәsi barədə sualı cavablandıran Robert Sekuta bildirib ki, hәr hansı tәşkilat, o cümlәdәn ATӘT suveren, müstәqil dövlәtlәri nәyəsә vadar edә bilmәz.
Səfirin qənaətinə görə, ATӘT müharibә sonrası ölkәlәr üçün sülh vә rifah naminә әsas baza prinsiplәrini müәyyәn edib: "Bunların arasında әrazi bütövlüyü, güc tәtbiq etmәmәk vә güc tətbiqi ilə hәdәlәmәmәk, öz müqәddәratını tәyinetmә prinsiplәri var. Burada iqtisadiyyat, insan haqları vә tәhlükәsizlik sahәlәri üzrә dә mәsәlәlәr əksini tapıb. Bu tәşkilat çәrçivәsindә ATӘT-in Minsk Qrupu hәmsәdrlәri iki ölkәni bir araya gәtirmәyə, sülh yolu ilә nizamlanma istiqamәtindә irәlilәyiş әldә etmәyә çalışırlar. Bu tәşkilat münaqişәnin nizamlanma çәrçivәsini müәyyәn edir. Bu struktur olmadan biz әsrin әvvәlindәki vәziyyәtә qayıda bilәrik. Mәhz bu baxımdan tәşkilatın әhәmiyyәti bir daha diqqәtә çatdırılır".
Robert Sekuta ABŞ Əfqanıstandakı əməliyyatlara dəstəyin qanuni çərçivəsinin yenilənməsinə görә Azərbaycan prezidentinə öz minnətdarlığını bildirdiyini qeyd edib. Onun sözlәrinә görә, iki ölkә bu istiqamətdə əməkdaşlıq edir: "Bu əməkdaşlıq iki ölkə üçün vacibdir və bunun davam etdirilməsi hər iki ölkə üçün faydalıdır".
İki ölkə arasında möhkəm əlaqələrin olduğunu deyən diplomat bu əlaqələrin geniş spektrli məsələləri əhatə etdiyini və bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 2-də prezident İlham Əliyev "NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycanın iştirakının təmin edilməsi haqqında" sazişi təsdiq edib. Saziş Azərbaycan müdafiə naziri ilə NATO-nun baş katibi arasında məktublar mübadiləsi formasında imzalanıb.