AŞ PA Sarkisyanın seçki yalananı üzə çıxardı Siyasət

AŞ PA Sarkisyanın seçki yalananı üzə çıxardı

"Aşağı seçici fəallığı Ermənistanda keçirilən referendumun siyasi maraqlardan irəli gəldiyinin göstəricisidir"

"Aşağı seçici fəallığı referendumun Ermənistan ictimaiyyətinin ehtiyaclarından deyil, siyasi maraqlardan irəli gəldiyinin göstəricisidir".
Bu barədə AŞPA müşahidə missiyasının dekabrın 6-da Ermənistanda keçirilən konstitusiya islahatları referendumu ilə əlaqədar yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, islahatlar prosesi kifayət qədər inklüziv olmayıb: "Parlamentin islahatlar mətnini müzakirə etmək üçün bir neçə həftə vaxtı olub. İctimai debatların isə iki aylıq məhdudlaşdırılması razılığın əldə olunmasının qarşısını alıb. Konstitusiya dəyişikliyinin əsasında duran əsas məsələ - prezident idarə üsulundan parlament idarə üsuluna keçid vətəndaşların əksəriyyəti tərəfindən hazırkı prezidentin ikinci səlahiyyət müddəti başa çatandan sonra hakimiyyətdə qalmaq üçün vasitə kimi dəyərləndirilib".
Məlumatda, həmçinin, seçici siyahılarında daimi əsasda xaricdə yaşayan, həlak olmuş şəxslərin adlarının qeyd edilməsi, "karusel", seçicilərin iradəsinə təsir etmək, icra strukturlarının səlahiyyətlərindən sui-istifadə etməsi, səslərin sayılması prosesi zamanı çatışmazlıqlar və fiziki imkanları məhdud olan şəxslər üçün əlverişli şəraitin yaradılmaması kimi problemlərin qeydə alındığı bildirilir.
"Nümayəndə heyəti Ermənistan hakimiyyətini səsvermə prosesində və siyasətdə inam yaratmaq üçün bu problemləri aradan qaldırmağa və Ermənistanın demokratik gələcəyini təmin etməyə çağırır", – deyə AŞPA-nın məlumatında vurğulanır.
Xatırladaq ki, Ermənistan müxalifəti də referendumun nəticələrini tanımadığını bəyan edib. Ermənistan Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan müxalifətin parlamenti boykot etdiyini bildirib: "Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələri hakimiyyət tərəfindən saxtalaşdırıldığı üçün Ermənistan parlamentinin sessiyasını boykot edirik. Yaranmış vəziyyətdə sizinlə bir masa arxasında əyləşib, həmişəki kimi işləyə bilməyəcəyimiz üçün boykot elan edirik. Boykotun səbəbi referendumun nəticələrini saxtalaşdırmaqla xalqın iradəsini utanmazcasına zorlamaqdır. Seçkilərdə bülletenlərin topa şəklində atılması, zorakılıq, təzyiq, rüşvət verilməsi kimi hallar müşahidə olunub".
Ermənistan parlamentinin sədri Qalust Saakyan Levon Zurabyanın çıxışına müdaxilə edərək "fərqli nöqteyi-nəzərlərimiz var" deyib və mikrofonu söndürüb. Buna cavab olaraq müxalifətçi deputatlar Levon Zurabyan, Aram Manukyan və Qaqik Canqiryan iclas zalını tərk ediblər.
Qeyd edək ki, dünən Ermənistanda konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Aşağı seçici fəallığı ilə keçən referendumda konstitusiya islahatlarının lehinə vətəndaşların 63,35 faizi səs verib.