“Bu gün Rusiya...” Siyasət

“Bu gün Rusiya...”

Elman Məmmədov: "Özünü Cənubi Qafqazda möhkəmləndirmək, ermənilərə daha yüksək səviyyədə havadarlıq edib onları qorumaq üçün nəsə planlaşdırır"

"Bu gün Ermənistan-Azərbaycan arasında müharibənin başlayıb-başlamasını əsas Rusiya dövləti müəyyən edir. Çünki bu konfiliktin kökündə hələ yüz ildən artıq bir dövr ərzində rəsmi Moskva dayanır". Bunu millət vəkili Elman Məmmədov Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin 2016-cı ildə Azərbaycan və Ermənistan arasında müharibə başlayacağı ehtimallarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycan üçün bu problemin bünövrəsini hələ erməniləri dünyanın müxtəlif yerlərindən köçürüb tarixi Azərbaycan torpaqlarında yerləşdirməklə gətirmişdi: "Hələ də bu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edir. Məhz ona görə də müharibənin nə zaman başlayıb-başlamaması haqqında Rusiya tərəfi öz proqnozlarını verir. Uzun illərdir ki, tək Azərbaycan və Ermənistan arasında yox, eləcə də keçmiş post-sovet məkanına aid olan ərazilərdə (Ukraynada, Moldova, Gürcüstanda, Azərbaycanda da və s.) bu məsələləri rəsmi Moskva həll edir. Bu gün Rusiya özünü Cənubi Qafqazda möhkəmləndirmək, ermənilərə daha yüksək səviyyədə havadarlıq edib onları qorumaq üçün nəsə planlaşdırır".
E.Məmmədov əlavə edib ki, onsuz Rusiya desə də, deməsə də Azərbaycan torpaqlarının sülh yolu ilə işğaldan azad olunması baş tutmayandan sonra ölkəmiz məcburdur ki, öz torpaqlarını işğaldan azad etmək üçün hərbi gücdən istifadə etsin və işğalçıları Azərbaycan torpağından çıxarsın: "Bu bütün beynəlxalq hüquq normalarına uyğun bir hərəkətdir. Məhz bunun üçün Rusiya bu cür əl-ayağa düşüb və proqnozlar verir. Bu sahədə həm Rusiyanın, həm də digər iki həmsədr dövlətin – ABŞ, Fransanın üzərinə böyük məsuliyyət düşür. Onlar imkan verməməlidirlər ki, məsələlər o dərəcədə gərginləşsin və sonda da müharibə başlasın".