Türk deputatların AŞ PA xəyanəti Siyasət

Türk deputatların AŞ PA xəyanəti

Fazil Mustafa: "Beynəlxalq arenada türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir"

AŞPA-da millət vəkili Elxan Süleymanovun böyük zəhmət bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər.
Bu haqda millət vəkili Fazil Mustafa açıqlama verib.
Deputat AŞPA-dakı gərgin müzakirə ilə bağlı daha önəmli bir məsələyə diqqət çəkib: "Avropa prezidentləri, Minsk Qrupuna həmsədrlik edən Rusiya, ABŞ və Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı və bu ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu. Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam. Çünki ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaq. Ona görə də bu yazacaqlarım qətiyyən Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın. Sadəcə, qısa bir epizod olaraq türk məsuliyyətsizliyindən yazmaq istəyirəm. Demək, Uolterin məruzəsində 66 lehimizə, 70 əleyhimizə oldu. Türkiyə nümayəndə heyəti 18 nəfərdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbiidir. Məhz 16 nəfərin hamısı səs versəydi, qətnamə qəbul olunurdu. Cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etmədi. Bu 4 səs nəticəyə ciddi təsir etdi. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri də səsvermədə iştirak etmədi. Halbuki, iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu soyqırım qədər əhəmiyyətli məsələdir və Azərbaycanla yanaşı Türkiyəyə də ciddi arqument verəcək".
Deputatın sözlərinə görə, Türkiyə rəsmiləri bu məsuliyyətsizliyin izahını verəcəklər: "Beynəlxalq arenada soyqırım məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır. Bu arada hər iki qətnamə layihəsini dəstəkləmiş Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Macarıstan və başqa ölkələrdən olan deputatlara öz təşəkkürümü bildirməyi borc hesab edirəm".
Xatırladaq ki, Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin 18 əsas, 18 əvəzedici üzvü var.
Əsas üzvlər:
Talip Küçükcan (nümayəndə heyətinin sədri) – AKP
Mehmet Babaoğlu – AKP
Deniz Baykal – CHP
Gülsün Bilgehan – CHP
Utku Çakırözer – CHP
Lütfiye İlksen Kurt – AKP
Şaban Dişli – AKP
Markar Eseyan – AKP
Emine Nur Günay – AKP
Ekmeleddin İhsanoğlu MHP
Erkan Kandemir – AKP
Demir Kerestecioğlu – HDP
İlhan Kesici – CHP
Ertuğrul Kürkçü – HDP
Suat Önal – AKP
İbrahim Turhan – AKP
Leyla Usta – AKP
Serap Yaşar – AKP
Qətnaməni dəstəkləməyən HDP üzvləri Demir Kerestecioğlu və Ertuğrul Kürkçüdür. AKP-dən erməni əsilli Markar Eseyanın xəyanətkar qrupun üzvləri arasında ola biləcəyi şübhə doğurmur. Digərlərini isə müəyyənləşdirmək, təəssüf ki, mümkün olmadı.