“ATƏT-in Minsk Qrupu demək olar ki, fəaliyyətsizlik göstərdi” Siyasət

“ATƏT-in Minsk Qrupu demək olar ki, fəaliyyətsizlik göstərdi”

Rəfael Cəbrayılov: "Hətta bir sıra hallarda ikili standartlar mövqeyi tutaraq Ermənistanı dəstəklədi"

Tahir Rzayev: "Bu gün bütün dünya bilir ki, Ermənistan adında müstəqil bir dövlət yoxdur"

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlik erməni ideoloqlarını hərəkətə gətirərək düşünməyə vadar edib. Ölkədə mənəvi və psixoloji sarsıntını nəzərə alan müxtəlif beyin mərkəzləri hadisələri təhlil edərək Ermənistanın uğursuzluğuna haqq qazandırmağa çalışırlar. Üzdəniraq ideoloqlar Ermənistanı qalib kimi təqdim etməklə əhalinin ruh yüksəkliyini yüksəltməyi qarşılarına məqsəd kimi qoyublar. Lakin Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Karapet Kalençiyanın "Armenia to day" saytındakı analitik məqaləsini erməni ictimaiyyətinin məğlubiyyəti etiraf etməsi kimi qəbul etmək olar. Erməni analitik Azərbaycana şər-böhtan atmaqla bərabər, yazır ki, hərbi əməliyyatlar Ermənistanın nəinki MDB məkanında, hətta Avropada da müttəfiqinin olmadığını, "siyasi cəhətdən mühasirədə qaldığını" göstərdi. Ermənistan Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının (AŞPA), MDB-nin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının üzvü olduğu halda, bu qurumların heç biri rəsmi Yerevanı dəstəkləmədi. Bu azmış kimi, AŞPA-nin sədri Pedro Aqramunt Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bir daha bəyan etdi. Belarus prezidentinin bəyanatı isə Ermənistan xarici işlər nazirinin əsəblərinə toxundu və bu ölkənin Yerevandakı səfirinə etiraz bildirildi. İran və Rusiyanı da tənqid edən müəllif qeyd edir ki, dünya çox dəyişib. Lakin Ermənistanın xarici siyasəti 60-cı illərdə olduğu kimi qalıb. Ölkə rəhbərliyini müstəqil siyasət apara bilməməkdə günahlandıran analitikin fikrincə, diplomatlar yaxşı işləsəydilər, müxtəlif dövlətlərdən dəstək almaq olardı. Bir çox məqamlarda həqiqəti etiraf edən analitik burada bərk yanılır. Özünün də dediyi kimi, dünya köklü şəkildə dəyişir. Bu gün əksər dövlətlər terrordan əziyyət çəkir və terrorizmə qarşı vahid cəbhə yaranır. Belə bir zamanda diplomatların səylərinə baxmayaraq, heç bir dövlət işğalçını dəstəkləyib öz imicinə zərbə vurmaq, terroru öz ərazisinə cəlb etmək istəməz. Azərbaycan diplomatiyası isə ona görə güclüdür ki, ədalət onun tərəfindədir. Ermənistan Azərbaycan torpaqlarını dünyanın gözü qarşısında işğal edib. Təbii ki, bununla nə Azərbaycan dövləti, nə də xalqı barışmayacaq. Bunu artıq Ermənistanda hər kəs, o cümlədən də siyasətçilər başa düşməlidir. Bu həqiqət nə qədər tez başa düşülsə, işğalçı ölkənin özü üçün də bir o qədər yaxşı olar.
Millət vəkili Rafael Cəbrayılov qeyd edib ki, sülh istəyən dövlət güclü olmalıdır, buna görə də Azərbaycan ordu quruculuğunu inkişaf etdirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu nəinki Azəbaycanda keçirilən, hətta beynəlxalq tədbirlərdə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə belə dəfələrlə açıqlayıb: "Amma əfsuslar olsun ki, Ermənistan Konstitusiya mövqeyini əsas tutmadı, ATƏT-in Minsk Qrupu isə demək olar ki, fəaliyyətsizlik göstərdi, hətta bir sıra hallarda ikili standartlar mövqeyi tutaraq Ermənistanı dəstəklədi". Deputat bildirib ki, Ermənistan təmas xəttində gərginliyi artırmaqla status-kvonun ömrünü bacardıqca uzatmağa çalışır. Amma status-kvo daimi ola bilməz, yalnız müvəqqəti icra oluna bilər: "Yəni bu problem həll olunmalıdır. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Çünki bunu beynəlxalq hüquq deyir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe tutması bu problemin həllinə imkan vermir. Onların bu mövqeyi aprelin əvvəllərində təmas xəttində gərginliyin yaranması ilə də nəticələndi". R.Cəbrayılov bildirib ki, Qarabağ probleminin həlli "2+2" sualının cavabı qədər çox bəsitdir: "Çünki Qarabağ Azərbaycanın ərazisidir. Bütün beynəlxalq birliklər Azərbaycanı məhz bu ərazi ilə birlikdə tanıyır. Azərbaycan geosiyasi baxımdan elə bir maraqlı məkanda yerləşir ki, burada super güclərin, fövqəldövlətlərin maraqları toqquşur. Azərbaycan bu maraqların üz-üzə gəldiyi bir məkan olduğundan bu problemin həlli uzanır. Ona görə də bunun üçün çox zərgər dəqiqliyi ilə bir siyasət aparılmalıdır və Azərbaycanda məhz bu maraqların toqquşmasını dəqiq təhlil edə bilən xarici siyasət aparılır. Bu uğurlu siyasət davam etdirilməli, dünyaya erməninin kimliyi bildirilməlidir. Dünyaya erməni kartının sonda uğursuz olacağını anlatmaq lazımdır".
Millət vəkili Tahir Rzayev hesab edir ki, ermənilərin qəddarlığı, yaltaqlığı, ikiüzlülüyü, etibarsızlığı bütün dünyaya tanışdır. Onların iç üzünə bələd olan, xarakterini bilən hər kəs, dahi insanlar, siyasətçilər, hətta, ermənilərin özləri belə erməni xislətinin çirkinliklərinin, həyasızlığının analoqu olmadığını dilə gətirməkdən çəkinməyiblər. Tarixən belə olub və bu gün də belədir. T.Rzayev bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan vətəni satdığı üçün "fəxr" edir: "Ancaq bu gün bütün dünya bilir ki, Ermənistan adında müstəqil bir dövlət yoxdur. Lakin kiminsə əlinə baxan, kiminsə tapşırıqlarını yerinə yetirən bir dövlət və bu dövlətin kimlərinsə nökərinə belə layiq olmayan, onun-bunun əlinə-ayağına düşən, istənilən vaxt alınıb-satılan Serj Sarkisyan adında bir prezidenti var. Sarkisyan öz xalqını satmaqdan, ölkəni dilənçi kökünə salmağından, qız-gəlinin, qocasının ləyaqətini alçaldmaqdan utanmalı olduğu halda, əksinə başını dik tutur, azərbaycanlıları qətlə yetirdiyinə, körpələri, əlsiz-ayaqsız qocaları öldürdüyünə, Xocalı soyqırımının iştirakçısı olduğuna görə fəxr edir. Bütün bunların fonunda Ermənistanın hakim dairələri işğal olunmuş Azərbaycan torpaqlarında təxribat törədən erməni hərbçilərinin öldürülməsini ermənilərə edilən təcavüz kimi şişirdib beynəlxalq aləmə təqdim etməkdən belə utanmırlar, yalan ayaq tutar, amma yeriməz. Erməni tərəfinin də bu yalanları uzun sürə bilməz. Dünya həqiqəti bilir. Son zamanlar cəbhədə baş verənlər də erməni tərəfinin təxribatının nəticəsi idi. Ordumuz düşmənə layiqli cavab verdi. Amma Prezidentimizin vurğuladığı kimi Azərbaycan sülh tərəfdarıdır. Ona görə də, qan tökülməsinin davam etməməsi üçün atəşkəs rejimini birtərəfli qaydada bərpa etdi. Ermənistan ölkəmizin bu xoşməramlı addımından nəticə çıxarmalı, işğal etdiyi torpaqlarımızı tərk etməlidir. Belə olan halda, məsələ siyasi yolla həllini tapacaq. Əks halda, torpaqlarımız ordumuzun gücünə azad ediləcək".