Sənayedə yeni trend məhsullar: qızıl, gümüş və mis İqtisadiyyat

Sənayedə yeni trend məhsullar: qızıl, gümüş və mis

Qlobal xammal bazarında “yaşıl keçid” və qiymətli metallara tələbatın artması fonunda Azərbaycan 2027–2030-cu illəri əhatə edən yeni strategiyası ilə regional metallurgiya mərkəzinə çevrilməyi hədəfləyir. Ölkə Prezidentinin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ağ-mədən və metallurgiya sənayesinin gələcək inkişaf strategiyası müəyyən olunub. Qəbul edilən dövlət proqramı ölkənin qeyri-neft sənaye xəritəsini köklü şəkildə dəyişə bilər.
Rəsmi proqnozlara əsasən, həyata keçiriləcək layihələr sayəsində mis, qızıl və gümüş üzrə ümumi ixrac həcmi 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manat səviyyəsinə çatdırılacaqdır. Bu proqnoz konservativ yanaşma ilə, 2025-ci ilin orta daxili və dünya qiymətləri əsasında hesablanmışdır. Dünya bazarında qiymətlərin yüksəlməsi fonunda faktiki ixrac gəlirlərinin daha yuxarı olması istisna edilmir. Dövlət Proqramı çərçivəsində 2027–2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat həcmində investisiyanın yatırılması nəzərdə tutulur. Bu sərmayə axını həm dövlət büdcəsi və yerli şirkətlərin daxili resursları, həm də xarici birbaşa investisiyalar və birgə müəssisələr hesabına təmin olunacaq.
Mis istehsalı əhəmiyyətli dərəcədə artırılacaq. Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək. Nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir.
Dünya mis, qızıl və gümüş bazarında baş verən struktursal dəyişikliklər Azərbaycan üçün nadir tarixi şans yaradır. Bərpa olunan enerji keçidi və qiymətli metallara artan qlobal tələbat fonunda Azərbaycanın dağ-mədən sənayesinə böyük həcmli investisiya yönəltməsi və ixracı artırmaq planı ölkənin post-neft dövrü inkişaf modelinin möhkəm sütununu təşkil edə bilər.
Xammal hasilatından son dəyər zəncirinə keçidmiş bu strategiya təkcə valyuta daxilolmalarını artırmayacaq, həm də regionlarda minlərlə yeni yüksək ödənişli iş yerlərinin açılmasına, ağır sənayenin modernləşməsinə və Azərbaycanın regional metallurgiya habına çevrilməsinə şərait yaradacaq.

Qlobal metallurgiya sənayesində yeni trendlər
Bəşəriyyətin bərpa olunan enerji keçidi, rəqəmsallaşma və geosiyasi qeyri-müəyyənliklər dövrünə qədəm qoyması qlobal əlvan və qiymətli metallar bazarında tamamilə yeni konyunktura formalaşdırmışdır. Əvvəllər daha çox klassik sənaye dövrü və maliyyə böhranlarından qorunma vasitələri kimi baxılan mis, qızıl və gümüş bu gün qlobal iqtisadiyyatın zəncirvarı inkişafını təmin edən strateji xammal resurslarına çevrilmişdir.
Yaşıl texnologiyalar, elektromobillər, süni intellekt məlumat mərkəzləri və bərpa olunan enerji şəbəkələrinin sürətli genişlənməsi mis və gümüşə olan sənaye tələbatını kəskin artırır. Diqqətçəkən digər məqam isə mərkəzi bankların ehtiyatlarının diversifikasiyası və inflyasiya riskləri fonunda qızılın əldə etdiyi tarihi rekord göstəricilərdir.
Bu qlobal trendlərin tərkib hissəsi kimi, Azərbaycan dağ-mədən və metallurgiya sənayesini qeyri-neft iqtisadiyyatının drayverinə çevirmək məqsədilə irimiqyaslı addımlar atır. Ölkədə qəbul edilən yeni Dövlət Proqramı hasilatın və ixrac potensialının kəskin artırılmasını hədəfləyir.
Dünya mis bazarında müasir tendensiyalar
Mis müasir iqtisadiyyatda "yaşıl keçidin döyünən ürəyi" hesab olunur. Dünya elektrotexnika, energetika və nəqliyyat sektorlarının elektrifikasiyası misə olan tələbatı görünməmiş səviyyəyə qaldırmışdır.
Sənaye analitiklərinin hesablamalarına görə, mis konsentratı bazarında qlobal defisit artıq özünü aydın göstərir. Çili və Peru kimi ən böyük istehsalçı ölkələrdə filizlərin tərkibindəki metal payının ilbəil aşağı düşməsi, su resurslarının çatışmazlığı və yeni yataqların istismara verilməsindəki ləngimələr təklif tərəfini ciddi şəkildə məhdudlaşdırır. Digər tərəfdən, Çində əridilmə güclərinin həddən artıq genişlənməsi mis konsentratına olan tələbatı artırmış və spot emal haqqlarının kəskin düşməsinə gətirib çıxarmışdır.
Ənənəvi tikinti və infrastruktur sektorlarından fərqli olaraq, mis tələbatının yeni drayverləri aşağıdakılardır.

Elektromobillər (EV): ənənəvi daxili yanma mühərrikli avtomobillərlə müqayisədə elektromobillər 3-4 dəfə çox mis tələb edir.
Bərpa olunan enerji: külək və günəş elektrik stansiyalarının şəbəkəyə qoşulması minlərlə ton mis kabel və transformator ehtiyacı yaradır.
Süni intellekt data mərkəzləri: yeni nəsil hesablama mərkəzlərinin enerji təminatı və soyutma sistemləri mis istehlakını sürətlə artırır.
Dünya bazarında misin tonunun qiymətinin yüksək diapazonda sabitləşməsi və uzunmüddətli perspektivdə 12,000–15,000 ABŞ dolları həddinə doğru hərəkəti məhz bu struktur defisiti ilə izah edilir.
Qızıl və gümüşün tarixi yüksəlişi
Qiymətli metallar – qızıl və gümüş həm maliyyə aktivləri, həm də sənaye xammalı kimi son illərin ən gəlirli əmtəələrinə çevrilmişdir. Qızıl bazarı ənənəvi olaraq faiz dərəcələri ilə tərs mütənasib əlaqədə olsa da, son dövrlərdə geosiyasi gərginliklər və de-dollarlaşma meylləri bu qaydanı dəyişdi.
İnkişaf etməkdə olan ölkələrin mərkəzi bankları (xüsusilə Çin, Hindistan, Türkiyə və Qazaxıstan) valyuta ehtiyatlarını dollar aktivlərindən qızıla doğru sürətlə keçirirlər. Qlobal dövlət borclarının artması investorları təhlükəsiz liman kimi qızıla yönəldir. Unsiya üzrə qiymətlərin tarixi maksimumları yeniləməsi fonunda qızıl hasilatı həyata keçirən şirkətlərin mənfəət marjası rekord həddə çatmışdır.
Gümüş bazarı qızıldan fərqli olaraq daha yüksək volatillik və güclü sənaye tərkibi ilə seçilir. Günəş panellərinin (fotovoltaik hüceyrələr) istehsalında gümüşün əvəzolunmaz rolu, elektronika və avtomobil sənayesindəki istifadəsi metalı dalbadal 5-ci il struktur təklif kəsiri ilə üz-üzə qoyub. Sənaye tələbatının artması və qızıl/gümüş nisbətinin tarixən gümüşün lehinə tənzimlənməsi bu metalın qiymətində kəskin sıçrayışları şərtləndirmişdir.
Azərbaycanda dağ-mədən sənayesinin potensialı
Azərbaycan zəngin metal filizi ehtiyatlarına malik olmasına baxmayaraq, uzun illər bütöv iqtisadi model karbohidrogen resurslarının – neft və təbii qazın hasilatına köklənmişdi. Lakin neft hasilatının təbii azalma mərhələsinə qədəm qoyması və qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi zərurəti dağ-mədən sənayesini yeni strateji prioritetə çevirmişdir.

Ölkədə filiz hasilatı və emalı əsasən iki iri operator tərəfindən idarə olunur:
- "Anglo Asian Mining" (AAM): Gədəbəy, Qoşa, Zəfər və Ordubad müqavilə sahələrində qızıl, gümüş və mis hasilatını reallaşdırır.
- "AzerGold" QSC: Dövlət şirkəti olaraq Çovdar, Tulallar, Filizçay və digər regional sahələrdə genişmiqyaslı kəşfiyyat-hasilat işləri aparır.
Son illərdə "AzerGold" QSC-nin maliyyə göstəriciləri dağ-mədən sektorunun sıçrayışlı inkişafını nümayiş etdirir. Şirkətin EBITDA göstəricisi 2017-ci ildəki 46 milyon manatdan 2025-ci ildə 260 milyon manata çataraq təxminən 6 dəfə artmış, vergi ödənişləri isə 15 dəfəyədək yüksəlmişdir. Ən mühüm nailiyyət isə ehtiyat bazasının geoloji kəşfiyyatlar hesabına davamlı olaraq genişləndirilməsidir.
Ərazilərin işğaldan azad edilməsi Azərbaycanın dağ-mədən sənayesinə tamamilə yeni nəfəs verib. Zəngilan (Vejnəli), Kəlbəcər (Söyüdlü/Zod, Qızılbulaq, Dəmirli) və Tərtər rayonlarında yerləşən zəngin mis, qızıl, gümüş və molibden yataqlarının geoloji qiymətləndirilməsi və yenidən istismara cəlb olunması ölkənin ümumi balansını dəfələrlə artırmaq gücünə malikdir.
Bunlarla yanaşı, genişmiqyaslı planların uğurla həyata keçirilməsi üçün Azərbaycan dağ-mədən sektoru bir sıraya qlobal və regional çağırışları nəzərə almalıdır. Belə ki, ekoloji dayanıqlılıq və ESG standartları mühüm amildir. Müasir dünyada investorlar və beynəlxalq alıcılar mədən şirkətlərindən ESG standartlarına tam əməl olunmasını tələb edirlər. Mədən tullantılarının idarə olunması, su resurslarının təkrar emalı və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi ekoloji riskləri sıfırlamaq üçün mütləqdir.
Kadr potensialına və texnoloji transferə ehtiyac var. Rəqəmsal dağ-mədən texnologiyalarının (dron kəşfiyyatı, 3D geoloji modelləşdirmə, avtomatlaşdırılmış emal zavodları) tətbiqi üçün yerli mühəndis və geoloq kadrlarının hazırlanması sürətləndirilməlidir.
Logistika və emal infrastrukturu vacibdir. Hasil edilən məhsulların dünya bazarlarına çıxarılması üçün dəmir yolu və dəniz nəqliyyatı dəhlizlərinin effektivliyi artırılmalıdır. Eyni zamanda, sahil və daxili rayonlarda metallurgiya komplekslərinin tikintisi logistik xərcləri minimuma endirə bilər.
Mahir Həmzəoğlu