“Ehkamlardan, stereotiplərdən xilas olmaq lazımdır” Siyasət

“Ehkamlardan, stereotiplərdən xilas olmaq lazımdır”

Qüdrət Həsənquliyev: "Hökumət kifayət qədər çevik olmalı, məsələlərə yaradıcı yanaşmalıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsinin davamını oxucularımıza təqdim edirik


(Ardı. Əvvəli ötən sayımızda)

-Əks arqument tərəfdarları iddia edirlər ki, Rusiya ilə bu cür yaxınlaşmaqla 20 faiz torpaqlarımız naminə bu dəfə 80 faiz torpağı əldən vermiş oluruq...

- Bunu deyən adamlar məsələnin nə yerdə olduğunu bilməyənlərdir. Gəlin görək Azərbaycan axı necə Rusiyaya verilə bilər ki? Bu nə yanaşmadır? Tutaq ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmamaqla hansı əlavə üstünlüklər əldə edib ki, Qazaxıstan və elə Ermənistanın özü o hüquqdan məhrumdur? Ermənistan bu gün Rusiyaya arxalanaraq torpaqlarımızı işğaldan azad etməkdən imtina edir. İkincisi də müasir dünyada mütləq mənada suveren dövlət olmaq üçün gərək ABŞ kimi supergüc olasan. Hətta ABŞ da dünyanın iqtisadi nəhəngi və hərbi gücü olmasına baxmayaraq, yenə də bir çox beynəlxalq məsələlərdə müttəfiqlərinin rəyi ilə hesablaşır. Yəni bu gün mütləq mənada suveren dövlət tapa bilməzsiniz. Ona görə də düşünürəm ki, belə birliklərdə təmsil olmaqla Azərbaycan müstəqilliyini itirməyəcək. Bununla bağlı başqa misallar da çəkə bilərəm: Məsələn, bu yaxınlaradək Qəbələdə Rusiyanın, səhv etmirəmsə 1600 nəfərlik hərbi kontingenti vardı. Məgər, Qəbələ RLS-dəki baza bizim müstəqilliyimizi məhdudlaşdırmışdı? Yaxud 1994-99 cu illərdə Azərbaycan Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatının üzvü idi. Bəlkə o dövrdə biz müstəqilliymizi və suverenliyimizi itirmişdik? Yəni "Rusiya ilə münasibətlərin dərinləşməsi geridə qalan 80 faiz torpaqlarımızda da suverenliyimizin itirilməsi deməkdir kimi" fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Dünyada mövcud olan bu və ya digər ittifaqlara qoşulmaq suverenliyin müəyyən mənada məhdudlaşdırılmasıdır, onun itirilməsi demək deyil. Tutaq ki, Avropa İttifaqına üzv olan 28 dövlət də bu quruma üzv olmaqla müəyyən mənada suverenliklərindən imtina edirlər və götürdükləri öhdəliklərə görə bu qurumun qəbul etdiyi qərarlarla hesablaşmaq zorunda qalırlar. Yaxud iddia edirlər ki, bizim ərazimizdə rus sülhməramlılarının olması yolverilməzdir. Yaxşı, gəlin görək bu gün işğal olunmuş ərazilərimzidəki kimin qoşunudur? Necə olar ki, terrorçu dövlətin və separatçı qaniçən rejimin silahlı birləşmlərinin torpaqlarımızda at oynatması ilə razılaşırsan, amma o torpaqların qanuni əsaslarla, beynəlxalq zəmanət altında sülhməramlılar yerləşdirilməklə işğaldan azad edilərək öz halal sahibinə qaytarılmasını qəbuledilməz sayırsan? Bir daha deyirəm, bunlarının hamısı söz oynatmaq və ictimai rəyi çaşdırmaq üçün yersiz demaqoqiyadır.

- Yaxşı, başqa bir aktual sual cavabını gözləyir. Sizcə Rusiya dediyiniz şərtlərlə torpaqları geri qaytarmağa hazırdır? Moskva ilə bu formada dil tapmaq mümkündürmü? Moskvanın bu sövdələşmələrdə səmimiyyətinə inanmaq olarmı?

- İngilislərin sözüdür və hər zaman bunu xatırlatmaq zorunda qalırıq ki, siyasətdə əbədi dostlar yox, əbədi maraqlar olur. Rusiyanın bu bölgədə maraqları naminə qan su yerinə axıdaraq regionu qan çanağına döndərməyə hazır olduğunu biz də, dünyanın digər supergücləri də bilir. Dünya onu da bilir ki, Ermənistan əbədi olaraq Rusiyanın aləti, əlaltısı olmağa məhkumdur və bu dövlətin nə zamansa müstəqil, hətta yarımmüstəqil dövlət olacağını gözləmək də sadəlöhvlük olardı. Eyni zamanda Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı hansı düşmənçilik siyasətinə kökləndiyini də heç zaman nəzərdən qaçırmamalıyıq. Ona görə də biz Rusiyanın bölgədəki maraqlarının qismən də olsa təminatı üçün güzəştə getsək və onu inandıra bilsək ki, işğal olunmuş torpaqlarımızın geri qaytarılması naminə bölgədə sülhə töhfə versin, o zaman real nəticələrdən danışmaq olar. Digər tərəfdən, mən niyə davamlı olaraq bu təklifləri səsləndirirəm? Ona görə ki, mən və mənim kimi çoxsayda insan rəsmi Bakının, ümumiyyətlə Rusiya ilə bu səpkili danışıqlara hazır olub-olmadığını bilmir? Yəni bu istiqamətdə danışıqların nə zamansa, yaxud hal-hazırda aparıldığı, Rusiyanın şərtlərinin nədən ibarət olduğu bəlli deyil. Məncə buna görə də rəsmi Bakı cəmiyyəti müəyyən qədər məlumatlandırmalıdır ki, bu istiqamətdə hansı danışıqlar aparılır və ya heç aparılmır. Əgər Rusiya açıq şəklidə Azərbaycanla müttəfiqlik etməkdən boyun qaçırırsa və torpaqlarımızın iğladan azad edilməsinə töhfə verməyə hazır deyilsə, yəni bu münaqişəni dondurulmuş saxlamaqda israrlı olacaqsa, o halda Azərbaycan hakimiyyəti açıq formada xalqı məlumatlandırmalıdır ki, bu problemin sülh yolu ilə həlli üçün bütün şansları sınaqdan keşirdik, amma Rusiya buna imkan vermir. O halda xalqı ölüm-dirim savaşına hazırlamaq lazımdır. Bu zaman millət böyük dağıntılara və itkilərə də hazır olmalıdır. Yəni ermənilərin arxasında Rusiyanın duracağını və Ermənistandakı rus hərbi bazalarının bu savada aktiv iştirak edəcəyini, hətta Gürcüstanda olduğu kimi Rusiyanın həyasızcasına ərazilərimizi bombalamağa hazır olduğunu bilə-bilə rəsmən Ali Baş Komandan müqəddəs savaş elan etməli və ermənilərin üzərinə gedilməlidir. Ermənistan da bilməlidir ki, arxasında Rusiya ikiəlli dayansa da yenə əsas ağırlıq və güc elə onların öz üzərinə düşəcək və nəinki Xankəndində, Ermənistanın özündə belə daş üstə daş qalmayacaq. Təbii ki, Azərbaycanda da güclü dağıntılar və itkilər olacaq, amma Ermənistan adlı dövlət yer üzündən silinəcək. Ona görə də mən həmişə deyirəm ki, Azərbaycan peşəkar ordu qurmalıdır. Bildiyim qədər, artıq bu istiqamətdə də işlər başlayıb. Hesab edirəm ki, bu işlər sürətləndirilməlidir. Silahlı Qüvvələrimiz tamamilə peşəkarlardan ibarət olmalıdır. Bununla yanaşı müasir silahlar alınmalıdır və təkcə Rusiyadan deyil, dünyanın ən müasir texnolgiyalarına sahib ölkələrin silahlarını alıb ordunun ixtiyarına vermək lazımdır. Yaxşı olardı ki, prezident xüsusi bir sərəncam imzalasın və Dövlət Neft Fondundan iki milyard dollar ayrılaraq yeni silahların alınması istiqamətində addımlar atılsın. Bunun psixoloji tərəfləri də var. Dünya görəcək ki, Azərbaycan ölüm-dirim savaşına başlayır, bu zaman erməniləri zorla sülhə məcbur etməyə başlayacaqlar. Özü də həmin iki milyarda ancaq reaktiv sistemlər alınmalıdır ki, canlı qüvvədən çox istifadə edilməsin və Ermənistanın ərazisini şumlamaq mümkün olsun. Düşünürəm ki, belə radikal qərarlar qəbul olunsa, ciddi rezonans doğurar və bu problemin sülh yolu ilə həllinə yaxınlaşmaq olar. Ermənistandakı yeni nəsil də çox radikal və terrorçu ruhda tərbiyə olunublar. Onları inandırıblar ki, guya ermənilər güclü bir etnosdur. Ona görə də daim bizə yuxarıdan aşağı baxacaqlar. Yəni onlar bütün bu olanlardan sonra Azərbaycanın Ermənistana qalib gələcəyini düşünmürdülər. Baxmayaraq ki, aprel döyüşləri onların qanlı dişlərini sındırdı, amma yenə də erməni erməniliyindən imtina edən deyil və onların burnunu ovub diz çökdürməsək ölkəmizə dinclik verməyəcəklər. Onlara ancaq Rusiya təzyiq edə bilər. Rusiya isə maraqlarını təmin etmədən erməniləri yerində oturdan deyil.

- Qüdrət bəy, bir müddət öncə kazinolarla bağlı parlament tribunasından səsləndirdiyiniz təklif də cəmiyyətdə süngü ilə qarşılandı. Amma kimsə bunu anlamaq istəmir ki, kazinoda ancaq varlılar və pulunun miqdarını bilməyənlər oynadığı halda on minlərlə vətəndaşımızı bədbəxt edən TOPaz larda millətin ən kasıb təbəqəsi var-yoxundan olur, ailələrə fəlakətlər gəlir. Yəni necə olur ki, kazino deyəndə daş atıb başlarını tutanlıar TOPaz oyunlarının millətə gətirdiyi faciələri görməzdən gəlirlər?

- Mən bir dəfə parlamentdə söyləmişəm ki, TOPaz da qumarın bir formasıdır və əslində daha geniş insan kütləsi bu oyunlara cəlb olunur. Həmin oyunlara da ciddi nəzarət yoxdur ki, neçə yaşında uşaqlar həmin oyunları oynayır və hesab yazır. Amma düşünürəm ki, kazinolar Azərbaycana turist cəlb edilməsi baxımından əhəmiyyətli rol oynaya bilərdi. Mən o təklifi səsləndirəndə misal da çəkmişdim ki, Malaziyada müsəlmanları kazinolara buraxmırlar, ancaq xaricilər kazinolara girə bilər. Yəni bu metoddan da istifadə etmək olardı. Amma hökumətdə bir çox hallarda verilən təklifə heç bir əsaslandırma edilmədən, ciddi arqumentləşdirmə olmadan, səbəbini izah etmədən sadəcə "yox" cavabı verilir. Cəmiyyət isə inkişaf edir və tutaq ki, dünən məqbul sayılmayan şey bu gün məqbul ola bilir. Cəmiyyət inkişaf etdikcə idarəetmə təkmilləşdirlir, islahatlar aparılır. Bu baxımdan da hesab etmişdim ki, Azərbaycana turist cəlb etmək baxımından bu təklifə də baxmaq olar. Sözsüz ki, təkcə kazino yaratmaqla turistlər ora axışan deyil, xidmətin səviyyəsi yüksəldilməli və qiymətlər aşağı salınmalıdır. Turistlərin öz vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif infrastruktur yaradılmalıdır, turistlərin əylənməsi və pul xərcləməsi üçün sözsüz ki, kazinolar da əlverişli olardı. Təsəvvür edin ki, indi vəziyyət necədir, Bakıda bu işlə məşğul olan turist agentlikləri fəaliyyət göstərir və onlar Azərbaycandan adamları yığıb onlara pulsuz aviabiletlər alırlar, təki onlar gedib Kiprə və ya başqa bir ölkədəyə gedib oradakı kazinolarda oynasınlar. Bəllidir ki, kazinoda pul udmaq mümkün deyil və bütün dünyada qəbul olunub ki, kazinoda udmaq deyil, uduzmaq üçün oynayırlar. Mənim də tanıdığım adamlar var ki, soruşanda deyir ki, mən xaricə gedəndə on min dollar ayırıram ki, mən bunu kazinoda uduzacam, yəni bu bir ehtirasdır və bəziləri bilə-bilə uduzmaqdan zövq alırlar. O baxımdan xeyli dərəcədə vəsaiti Azərbaycana cəlb etmək olardı. Siz gedin araşdırma aparın görün ki, Tiflisdə və Batumidəki, Kiprdəki kazinolarda nə qədər azərbaycanlı var. Mən hələ Qərbi Avropa ölkələrini demirəm. Hətta burdan Las-Veqasa qumar oynamaq üçün gedən adamlar var. Bunu biz hamımız bilə-bilə külli miqdarda vəsaitin ölkədən çıxarılmasına göz yumuruq. İkincisi də orada bütün kazinoların qarşısında kameralar var və kim ora gedir və neçə yaşı olan şəxslər buraxılır, bunların hamısına kazino rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Deyirlər ki, kazinolar həm də çirkli pulların yuyulduğu bir yerdir. Amma 1998-ci ildə onların məhkəmə hüquq sistemini öyrənmək üçün ABŞ-da olanda bizi Nevada ştatının Reno şəhərində bir kazinoya apardılar və orada verginin necə yığılmasını bizə əyani şəkildə göstərdilər. Hətta orada stolların arasında gəzərək çay, kofe, spirtli içkilər paylayan qızlar da verilən çaypulunun necə vergiyə cəlb olunduğunu göstərdilər. Öyrəndik ki, elə olur bir gecədə həmin qızların hər biri 2500-3000 dollar pul yığır. Hətta həmin pullar da son sentinədək vergiyə cəlb olunur. Mən soruşdum ki, o qızların bu pulların bir hissəsini gizlətmək və vergidən yayındırmaq imkanları varmı? Bildirdilər ki, kazino elə bir sahədir ki, burada işləyən insanların xüsusi bazada siyahısı və hər birinin identifikasiya kodu var. Onlar bircə dəfə bircə senti yayındırmağa cəhd etsələr bütün ABŞ üzrə heç vaxt heç bir kazinoda işə düzələ bilməzlər. Belə gəlirli bir yerdən isə heç kim imtina etməz.
İndi biz müharibə vəziyyətində olan ölkəyik. Azərbaycana valyuta lazımdır və etiraf edək ki, hələlik qeyri-neft sektorundan əhəmiyyətli valyuta gəlirləri əldə olunmur. Bunun yaxın müddətdə baş verməsi də gözlənilmir. Turizm sektoruna isə qısa zamanda böyük pullar cəlb etmək mümkündür. Götürək İranı. İranda 30 milyon azərbaycanlı var. Onların bir qismini turist kimi Azərbaycana cəlb edə bilsək, xeyli mənfəət götürmək olar. Türkiyəyə baxın, özündə kazino olmasa da Kiprdə kazinolar açıb. Bu bir siyasətdir və rəsmi Ankara Kipri yaşatmaq üçün kazinolar şəbəkəsindən gen-bol istifadə edir. Çünki Kiprin turizmdən başqa gəlir mənbəyi yoxdur. Amma mən əminəm ki, biz Türkiyədən də xeyli sayda turist cəlb edə bilərik. Yaxud ərəb ölkələrindən xeyli turist cəlb etmək olar və onlar sərin yer axtarır vaxtlarını səmərəli keçirməyə. Azərbaycanın da iqlimi elədir ki, Zaqataladan, Balakəndən tutmuş Quba, Qusara qədər bütün zonalarında turistik məkanlarımız var və orada otellər şəbəkəsi də qurulub artıq. Buna görə də hökumət kifayət qədər çevik olmalıdır, məsələlərə yaradıcı yanaşmaq lazımdır, ehkamlardan, sterotiplərdən xilas olmaq lazımdır.