“İstanbul sammitdə problemlərdən çıxış yolları axtarılacaq” Siyasət

“İstanbul sammitdə problemlərdən çıxış yolları axtarılacaq”

Elşən Musayev: "Sammit Avropaya bir mesajdır"

"Türkiyədə keçirilən BMT-nin Dünya Humanitar Sammitinə Prezidentİlham Əliyevin və Mehriban xanım Əliyevanın dəvət edilmələri beynəlxalq humanitar məsələlərin həllində dövlətimizin oynadığı rol və topladığı təcrübə ilə bağlıdır".
Bunu BayMedia-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.
O qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkünün yerləşdirilməsi və onların başqa problemlərini uğurla həll edən Azərbaycan dövləti dünyaya nümunədir: "Sammitdə dünyada yığılıb qalmış humanitar problemlərdən, xüsusilə də qaçqınlar məsələsindən çıxış yolları axtarılacaq və müvafiq fikir mübadiləsi aparılacaq. Tədbir çərçivəsində dövlət başçımızın nitqi və keçirəcəyi ikitərəfli görüşlər çox faydalı olacaq. Cənab Prezidentin Türkiyəyə səfəri dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirəcək və nüfuzunu daha da artıracaq".
Millət vəkili, politoloq Elşən Musayev isə deyib ki, Azərbaycan humanitar sahələri prioritet olaraq üstün tutmaqla yanaşı, bununla bağlı dünya siyasətinə də öz tövsiyələrini verib: "Bu baxımdan Azərbaycan Prezidentinin İstanbulda keçirilən sammitdə iştirakı təqdirəlayiqdir". Onun sözlərinə görə, son illər Azərbaycanın humanitar məsələlərlə bağlı mövqeyinə nəzər salsaq görərik ki, ölkəmizin bu sahə ilə bağlı dünyaya, Avropaya, eyni zamanda öz vətəndaşlarına verə biləcəyi məqamlar çoxdur: "Bu gün Avropada humanitar məsələlərlə ən çox maraqlanan Azərbaycan və Türkiyə Respublikalarıdır. Bunun da köklü səbəbləri var. Hazırda dünyada beynəlxalq konvensiyalara əməl edilməməsi, humanitar normaların və vətəndaş hüquqlarının pozulması kimi problemlər var. Bu gün ölkəmizin əsas problemi Dağlıq Qarabağ münaqişəsidir. Ərazi bütövlüyümüzlə bağlı beynəlxalq sənədlərin olmasına baxmayaraq, onlara əməl edilmir".
Elşən Musayev qeyd edib ki, bütün humanitar norma və proqramlar vətəndaş marağına yönəlib: "Bu gün Avropada mövcud olan problemlərin kökü də humanitar sahə ilə bağlıdır. Dünyada bütün məsələlər humanitar aspektə yönəlib. Hətta Türkiyənin keçmiş baş naziri sayılan Əhməd Davudoğlu AŞPA-dakı1 saatlıq çıxışını məhz bu məsələyə həsr etmişdi. Bundan başqa, Azərbaycan Prezidentinin bütün beynəlxalq tədbirlərdə etdiyi çıxışları bu xəttə, istiqamətə yönəlib. Ölkə başçımız çıxışlarında dəfələrlə vurğulayıb ki, bu gün dünya, Avropa ikitərəfli oynayır. Onların söylədikləri həqiqətlərlə eyni deyil. hazırda dünyada miqrant, qaçqın və köçkün problemi yaşansa da, Avropa bu məsələyə çox diqqətsiz yanaşır. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın humanitar sahə ilə bağlı ortaq mövqe nümayiş etdirməsi, eləcə də İstanbulda keçirilən sammit Avropaya bir mesajdır".