“Ermənistan təkcə Rusiyaya deyil, İrana qarşı da ərazi iddialarını gündəmə gətirib” Siyasət

“Ermənistan təkcə Rusiyaya deyil, İrana qarşı da ərazi iddialarını gündəmə gətirib”

Cümşüd Nuriyev: "Urmiya gölünün birmənalı şəkildə böyük Ermənistanın ərazisi olduğunu iddia edirlər"

"Əslində, bu görüşdə müsbət məsələlər həll olunmalıdır. Çünki həm Rusiya, həm də İran Azərbaycanın hazırkı strateji mövqeyi ilə razılaşmaq məcburiyyətindədir. Birincisi, İran uzun müddət iqtisadi sanksiyalara məruz qalanda , Azərbaycan onun yanında olub, eyni zamanda, Rusiya da onu dəstəkləyib. İndi isə yerdəyişmə baş verib, Rusiya iqtisadi sanksiyalara məruz qalıb, yenə Azərbaycan Rusiya bazarını təmin etməkdə köməklik edir. Eyni zamanda da İran artıq Rusiyaya yardımçı olmaq istəyir. Yəni, Ruhani, Putin, Əliyev üçbucağının Bakıdakı görüşünün birinci məqsədi sırf siyasi məqsəddir".
Bunu politoloq Cümşüd Nuriyev bildiirb. O, əlavə edib ki, ikincisi, iqtisadi məqsəddir, çünki burada Azərbaycan artıq Rusiya ilə İran arasında yeni bir dəhlizə çevrilir: "Bakı- Astara- İran Astarası dəmir yolunun çəkilişindən sonra Rusiya birmənalı şəkildə həm Fars körfəzinə çıxır. Həm də Əfqanıstan, Pakistan, Hindistan üzərinə dəmir yolu vasitəsilə yük daşımalarını həyata keçirə biləcək. Bu da o deməkdir ki, Rusiyanın Avropaya yolu bağlansa da, yenidən Türkiyə üzərindən Avropaya çıxa bilər".
Politoloq daha sonra qeyd edib ki, bu görüşdə Dağlıq Qarabağın status-kvo məsələsi mütləq müzakirə olunmalıdır: "Bakıdakı görüşdə isə masaya yatırılan məsələlər birincisi, siyasi həmrəylik gücü, ikinci, bu və ya digər formada iqtisadi birliyi əldə etmək olacaq. Təbii ki, bunların hamısından öncə Azərbaycanın ərazi bütövlüyü məsləsidir. Çünki bu məsələ Azərbaycan üçün çox önəmlidir. İndiyə qədər də bu məsələnin həll olunmasına Rusiya maneçilik törədirdi, İran da bu və ya digər formada onu dəstəkləyirdi. Buna baxmayaraq, Azərbaycanın ədalətli mövqe tutduğuna görə, indi hər iki dövlət Azərbaycana sağ ol deməlidir. İlham Əliyevin yürütdüyü ağıllı siyasət artıq onlar tərəfindən də dərk olunmağa başlayıb. Deməli, Dağlıq Qarabağın status-kvosu mütləq dəyişməlidir. Status-kvonun dəyişməsi də Azərbaycanın işğal olunmuş rayonlarının ən azı 5-6-nın qaytarılması deməkdir. İlkin mərhələ olaraq Azərbaycana qarşı bu addımı atmalıdırlar. Xüsusilə İran Azərbaycan sərhəddinin 120 km işğal olunmuş bütün ərazisindən erməni qoşunlarının çıxarılmasında maraqlıdır. Çünki İran o sərhəddin birmənalı şəkildə Azərbaycan tərəfindən qorunmasını istəyir. Əks təqdirdə İranın özü üçün də çox ciddi problemlər var.
Digər tərəfdən də, artıq Ermənistan təkcə Rusiyaya deyil, İrana qarşı da ərazi iddialarını gündəmə gətirib. Urmiya gölünün birmənalı şəkildə böyük Ermənistanın ərazisi olduğunu iddia edirlər. Bunun da səbəbi odur ki, İran Ermənistan artıq ABŞ və Qərb dövlətləri tərəfindən ələ alınmağa çalışılır. Rusiya üçün bu, Qafqazı itirməklə nəticələnə bilər. Gürcüstan üzərindən Ermənistanın əldə saxlanılması Rusiya üçün o qədər də maraqlı deyil, çünki bu qış vaxtı problemlər yarada bilir. Amma İranla Azərbaycan üzərindən əlaqələrin qurulması hazırda Rusiya üçün çox sərfəlidir.
Bundan başqa, Rusiya özü yeni bir güc mərkəzi kimi formalaşmaqdadır və bu güc mərkəzinin formalaşması üçün ona müsəlman dövlətləri lazımdır. Ona görə Rusiya TÜRKSOY-a gedəcəyini elan etdi, Rusiyanın Türk Birliyinə girməsi birmənalı şəkildə Ermənistanın çökdürülməsi deməkdir. Çünki TÜRKSOY-da əsas açar dövlətlər Türkiyə, Azərbaycan və Qazaxıstandır. Rusiyanın bu dövlətlərin ikisi ilə münasibətləri yaxşıdır, Türkiyə ilə də münasibətlərin yaxşılaşdırır".
C.Nuriyev Ərdoğanın avqustun 9-da baş tutacaq Sankt-Peterburqa səfəri haqqında da danışıb: "Avqustun 8-də masaya yatırılacaq bütün məsələlər konfidensial olaraq ayın 9-da Türkiyə ilə bir qədər ayrı formada müzakirəyə çıxarılacaq. Sankt-Peterburqda keçiriləcək görüşdə Rusiya-Türkiyə məsələləri müzakirə olunacaq. Burada həm iqtisadi, həm də hərbi məsələlər aiddir. Çünki Türkiyə NATO-nun üzvü olduğuna görə və dövlət çevrilişinə cəhdi də NATO-nun xətti ilə ABŞ-ın etməyə çalışdığına görə, (bu barədə artıq kifayət qədər sənədlər ortadadır) Türkiyə maraqlı deyil ki, onun ərazisində NATO-nun hərbi bazaları qalsın. Həmin hərbi bazaları Rusiyaya da icarəyə verə bilər. Bu o deməkdir ki, Türkiyə NATO-nun üzvlüyündən çıxa bilər və çıxmağıyla da yeni müttəfiqlər qazana biləcək. Bunların içərisində Türkiyəni sevməyən Fransa, onu həmişə aşağılayan İngiltərə, onu saymayan Almaniya, çevriliş etmək istəyən ABŞ varsa, bu tərəfdən də onu dəstəkləyən Rusiya, Pakistan, Çin var, İranla münasibətləri yaxşılaşdırılacaq. Yəni bütün bunların fonunda Türkiyə də öz seçimini edəcək. Bu da o deməkdir ki, Rusiya birmənalı şəkildə özünün yaxın orta şərq siyasətini, türkdilli ölkələrlə və müsəlman dövlətləriylə siyasətinə yeni bir çalar, yeni bir istiqamət verəcək. Bunu da ancaq Ərdoğanın əli ilə əldə edə bilər.
Ayın 9-da masaya yatırılacaq məsələlərin içərsində bundan başqa Atom elektrik stansiyasının tikintisi, Türkiyənin türizm sektoru, Rusiyanın kənd təsərrüfatı məhsulları ilə təminatı, NATO gəmilərinin Qara dənizə buraxılmaması məsələləri var. Bundan başqa Qara dəniz höfzəsində boğazlar var ki, Türkiyənin nəzarətindədir. Ümumiyyətlə, Rusiya nə qədər Türkiyəyə lazımdırsa, ondan daha çox Türkiyə Rusiyaya lazımdır. İki gün ard-arda masaya yatırılacaq məsələlərin nəticəsi Qafqazın, yaxın orta şərqin taleyini həll edəcək".