Əli bəy Hüseynzadənin yubileyi İstanbulda qeyd olunub Siyasət

Əli bəy Hüseynzadənin yubileyi İstanbulda qeyd olunub

Aprelin 16-da İstanbulda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, ölkəmizin İstanbuldakı baş konsulluğu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Əvvəlcə nümayəndə heyəti Əli bəy Hüseynzadənin Üsküdardakı Karacaahmet qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri qoyub.
Anım mərasimində ölkəmizin İstanbuldakı baş konsulluğunun, İstanbul Universitetinin əməkdaşları, media təmsilçiləri iştirak edib.
Sonra İstanbul Universitetinin İncəsənət bölümünün Kuyucu Murad Pasa Mədrəsəsinin salonunda böyük mütəfəkkirin zəngin həyat və fəaliyyətini əks etdirən fotosərginin açılışı olub. Mərasimə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm, mədəniyyət xadimləri, təhsil ocaqlarının müəllim və tələbələri qatılıblar. Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib. Əli bəy Hüseynzadə haqqında Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə çəkilmiş sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev görkəmli maarifçinin çoxşaxəli fəaliyyətinin bütün ziyalılar üçün örnək, hər bir türk övladı üçün qürur mənbəyi olduğunu deyib. Bildirilib ki, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının iki qardaş ölkə üçün ortaq sərvətə çevrilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" ideyasına ən gözəl nümunələr sırasındadır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən Əli bəy Hüseynzadənin yubileyinin qeyd olunması ölkəmizin mədəni irsini yaşatmaq və tanıtmaq ənənələrini formalaşdırıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışında həyatını bəşəri dəyərlərə sərf edən Əli bəy Hüseynzadənin irsinin öyrənilməsini türkdilli xalqların keçmişinə verilən yüksək qiymət, bu günümüzün və gələcəyimizin inkişafına göstərilən qayğı kimi dəyərləndirib.
İstanbul Universitetinin prorektoru, professor Şəfəq Sahir Qaramehmetoğlu Əli bəy Hüseynzadənin burada fəaliyyətindən danışıb, onun irsinin bu təhsil ocağının qiymətli elmi sərvəti olduğunu bildirib. Dünya elm tarixində xüsusi yeri olan mütəfəkkirin beynəlxalq aləmdə layiqincə tanıdılmasını Azərbaycan xalqının yüksəlişinə göstərilən diqqət kimi səciyyələndirib.
Ölkəmizin İstanbuldakı bas konsulluğunun konsulu Kənan Murtuzov Əli bəy Hüseynzadənin qoyduğu unudulmaz izlərin bütün türkdilli xalqlar üçün iftixar mənbəyi olduğunu bildirib.
Sonra İstanbul Universitetinin Avrasiya İnstitutu ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan, institutun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, professor İbrahim Yıldırım, filologiya üzrə fəlsəfə doktoru Azər Turan böyük mütəfəkkirin həyatı və fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, 1864-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olan Əli bəy Hüseynzadə valideynləri vəfat etdikdən sonra 1875-1885-ci illərdə Tiflisdə babası Qafqazın şeyxülislamı Axund Əhməd Səlyaninin yanına köçüb və orada gimnaziya təhsili alıb. Görkəmli dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə ilə tanışlıqdan sonra o, təbiət elmlərinə böyük maraq göstərir və bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə gətirib çıxarır. Burada dövrün məşhur elm xadimlərindən dərs alan Əli bəy Hüseynzadə bir müddət sonra imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərdə də yaxından iştirak etdiyi üçün bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.
O, İstanbula gəlir, İstanbul Darülfünununda hərbi-tibb fakültəsini bitirir, yüzbaşı hərbi rütbəsi alır. İstanbul Darülfünununda hərbi-tibb fakültəsində professor köməkçisi işləyir. Ancaq hələ tələbə ikən inqilabçı "Gənc türklər" hərəkatına qoşulduğundan təqiblərə məruz qalır.
Azərbaycana qayıdan mütəfəkkir ədibin "Kaspi" qəzetində publisistik yazıları dərc olunur. "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Beləliklə, Əli bəy Hüseynzadə islahatçı ideya adamı kimi də tanınmağa başlayır. 1905-ci ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi hesabına "Həyat" qəzetini, 1906-cı ildə isə "Füyuzat" jurnalını nəşr etdirir. Onun Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni söz və mətbuat azadlığı uğrunda ardıcıl mübarizə aparmasıdır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük xidmətləri olan ideoloq-mütəfəkkir Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində də mühüm fəaliyyət göstərib. 1931-ci ildə Türkiyədə soyadlar haqqında qanun qəbul edilərkən onun da təklifləri nəzərə alınıb.
O, Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tərtibatçı rəssamı olub. Onun rəsm əsərlərinin məzmununda milli oyanış, azadlıq mübarizəsi, bəşəri dəyərlərə olan rəğbət bütün dövrlərdə tədqiqatçıların diqqətini çəkib. Kətana köçürdüyü rəngarəng maraqlı əsərlər bu gün də bir sıra nüfuzlu muzeylərin ən dəyərli eksponatları kimi qorunur.
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. 1920-ci ildə Azərbaycanda milli hökumətin devrilməsi ilə başlanan məlum ictimai-siyasi proseslər uzun illər görkəmli şəxsiyyətlərimizi unutdurmağa çalışsa da, zaman hər şeyi öz axarına saldı. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olundu, 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda möhkəm sütunlar üzərində milli dövlətçilik ənənələri quruldu. Əli bəy Hüseynzadənin timsalında bütün tarixi şəxsiyyətlərimizin fəaliyyətinin dəyərləndirilməsi də bu ənənələrə daxildir.
Çıxışlardan sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov iştirakçılara üzərində Əli bəy Hüseynzadənin şəkli olan xatirə hədiyyələri və təşəkkürnamələr təqdim edib. Azərbaycanın Əməkdar artisti Anar Şuşalı "Çıpınırdın, Qara dəniz" və "Ölkəm" mahnılarını ifa edib, Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızı Əli bəy Hüseynzadənin şeirlərindən parçalar

XC