İt hürər, karvan keçər... Siyasət

İt hürər, karvan keçər...

Danışmırdım, yazmırdım. Unutmuşdum getmişdi. Amma dövran döndü, elə bir zaman yetişdi ki, danışmalıyam.
Avqustun 28-də Rusiyanın "Rossiya" TV kanalında Azərbaycanda fətullahçılara qarşı mübarizəyə həsr edilmiş geniş reportaj yayımlanıbmış. Ona görə belə deyirəm ki, baxmamışam. Amma xəbərim vardı ki, belə bir şey olacaq. Çünki məndən də müsahibə alınmışdı.
Gecə xəbər tutdum ki, reportaj yayımlanıb, orda mənim də müsahibəmdən bir parçaya yer verilib. Hətta çox deyil, cəmi 2-3 cümləyə. Bunu hardan bilməyimə gəlincə, gecənin bir aləmində Facebook-da gəzişərkən heç tanımadığım bir xanımın mənə özəldən yazdığı sitəm dolu xəbər oldu xəbər verən.
Yarıyuxulu oxudum, sonra o xanımın divarına da bir göz gəzdirdim, bəlli oldu ki, fətullahçıların qızğın müdafiəçilərindəndir. Düşündüm ki, səhər yuxudan qalxıb məsələylə məşğul olaram. Amma gecikdim. Çünki artıq onu görə bilmirəm…
Bununla belə, bəzi məsələlərə aydınlıq gətirmək istərdim ki, o xanım kimi düşünənlər varsa, gözləri açılsın, yanlış yola düşməsinlər.
Çox az adam bilir ki, mən həm də "Qafqaz" Universitetində oxumuşam. Tam deyil, yarımçıq. 1992-ci ildə ilk testlə Bakı Dövlət Universitetinə qəbul olunmuşdum. Oxuyurdum. Bir də bəlli oldu ki, türklər bir gözəl universitet açıb. 1995-ci ildə ora da sənəd verdim, səhv etmirəmsə, 467 balla pulsuz bölməyə qəbul olundum. Elə bütün şübhələr də burdan başladı. Dedim axı, pulsuz oxumalıydım. Amma olmadı. Qeydiyyatdan keçməyə gələrkən bizə bildirdilər ki, 100 dollar (1995-ci ildə 100 dollar tam bir varidat sayılırdı) qeydiyyat pulu ödəməliyik. Etiraz etdim, oxumaqdan vaz keçmək qərarına gəldim. Qardaşım "100 dollara görə təhsildən vaz keçmə" deyib yardım əlini uzatdı və beləcə ilk ili oxudum. Maraqlı proseslər baş verirdi. Özəlliklə də Türkiyədən gəlmiş müəllimlər bizi yavaş-yavaş istədikləri yönə dartmağa çalışırdılar. Özü də sezdirmədən. Amma mən də uşaq deyildim. Həmin il 27 yaşım vardı və kimin nəylə nəfəs aldığını anlayacaq qədər gözüaçıq idim.
İkinci il də qeydiyyat üçün 100 dollar söhbəti çıxdı. Dava saldım. Mənim yerimə özləri ödədilər ki, səsimi kəsim. Amma dalağım sancmışdı. Niyə bunlar belə edir?
Dərslərin gedişində bunu anlamağa başladım. Məni yavaş-yavaş susdurub yenmək üçün əl altdan işlər görürdülər. Tələbə yoldaşlarımın arasında ən yaşlısı olduğum üçün çoxu mənə hörmətlə yanaşırdı. Amma bir neçə nəfər də vardı ki, məni gözdən salmaq üçün əməlli-başlı işləyirdilər. Hətta iş o yerə çatmışdı ki, etirazlarımı rektora çatdırmaq üçün ayrıca görüş də istədim.
Daha bir diqqət çəkən məqam isə Azərbaycanın tarixi şəxsiyyətlərinin gözdən salınması idi. Özəlliklə də Şah İsmayıl Xətai haqqında getdikcə daha dərindən mənfi rəy yaradılırdı. Təbii ki, mən də etiraz etmədən dura bilmirdim…
Nə isə, 1997-ci ilin məzuniyyət dönəmi gəldi, BDU-nu bitirdim. "Qafqaz"da isə 2-ci kursu. Bir yandan pulsuzluq, digər yandan da yaşımın çox olmasını nəzərə alıb düşündüm ki, "Qafqaz"ın da başını buraxım. Zatən yola getmirdim onlarla. Buraxdım və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olundum. Qafqazla əlaqəmsə tam kəsildi. Dəfələrlə xəbər göndərdilər ki, geri dön, oxumağa davam et. İmtina edəndə də xəbər gəldi ki, təhsilimi yarımçıq qoyduğum üçün oxuduğum 2 ilin pulunu ödəməliyəm. Hətta qəbul üçün istifadə etdiyim texnikum diplomum indinin özündə də orda qalmaqdadır…
…Hardasa 1999-cu il olardı. "Azadlıq" qəzetində işləyirdim. Təsadüfən "Sahil" bağında "Qafqaz"dan bir tarix müəllimimə rast gəldim. Bilmirəm, bəlkə də təsadüf deyildi. Görüşdük, söhbət etdik. Adam hətta mənə qoşulub "Azadlıq" qəzetinin redaksiyasına da gəldi. Çox səmimi idi və söz arası qayıtdı ki, "bəs, biz onda səni KaGeBe ajanı sanmışdıq"… Güldüm, keçdim…
O dövr üçün bunlar elə də diqqətimi çəkən gəlişmələr deyildi. Sıradan hesab edirdim və üstəlik də Türkiyə dövlətinə olan sevgim nəyəsə ucadan etiraz etməyimi əngəlləyirdi…
Hətta bu son illərədək belə düşünürdüm, belə davranırdım…
…Gecənin bir aləmində tanımadığım bir xanımın məni ittiham edərcəsinə yazdıqları illər öncəsi haqqımda deyilənlərin təkrarına bənzəməsəydi, bəlkə bu yazını da yazmazdım…
Və o xanımın yazdıqları yaddaşımı başqa bir yöndən də dilə gətirdi…
Maraqlı bir müşahidəm var. Son illər ərzində özəlliklə Əli Kərimliyə yaxın çevrələrin məni davamlı şəkildə gözdən salma kampaniyaları təşkil etməsi adi haldır. Bir dəstə yarımqafalı gənci önə sürüb mənə öz ata-analarının, əzizlərinin layiq olduqları sözləri dedirtdirir bu dəstə. Təbii ki, onların səviyyəsinə enmirəm, baş qoşmuram. Necə deyərlər, it hürər, karvan keçər. Onsuz da bu uğursuzlar yığınının mənim arxamca danışması heç nəyi dəyişə bilməyəcək. Di gəl ki, burada da maraqlı bir müşahidəm olub. Zamanında fikir verməmişəm, amma indi düşünürəm ki, yazılası müşahidədir. İş ondadır ki, məlum dəstə məni söyməyə başlayan kimi arada-sırada adını belə bilmədiyim başqa – cəbhəçi olmayan gənclər də onlara qoşulub mənə qarşı münasibətləri sərtləşdirməyə çalışırdılar. Və özlərini təqdim edəndə deyirdilər ki, "mən Azər Həsrətlə "Qafqaz" Universitetində oxumuşam, o, elə o vaxtdan yanlış yoldadır"…
Maraqlı tandemdir, deyilmi? Əli Kərimlinin dəstəsi hücuma başlayır, fətullahçılar da qızışmaqda olan münasibətləri həvəslə körükləndirir. O zamanlar buna fikir vermirdim, amma son olaylardan sonra fikir verməyə başlamışam. Hər halda, bundan sonra da belə işbirliyi müşahidə etsəm, daha diqqətli olacağam yəqin ki…
Bax, belə. Maraqlı müşahidələrdir, deyilmi? Yəni haradan hara? Hələ buraya Əli Kərimlimin təbliğatı üçün yayımlanan məlum verilişə fətullahçıların Türkiyədəki "Barış" TV və "Can Erzincan" kanallarının həvəslə yer verməsini də əlavə edə bilərik. Məncə…
Sözardı: Bəzən fətullahçıları tərifləyib dağ başına çıxaranlara tövsiyəmdir: Aqil Ələsgərin "Terrorun gülən üzü" kitabını oxuyun…

Azər Həsrət,
Mətbuat Şurası İdarə Heyətinin üzvü