“Hazırdakı məsələ ətrafında danışıqlar davam edir” Siyasət

“Hazırdakı məsələ ətrafında danışıqlar davam edir”

Tamerlan Vahabov: "Heç cür demək olmaz ki, münaqişəyə laqeyd yanaşılır"

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etməməsi faktı onu göstərir ki, hal-hazırdakı məsələ ətrafında danışıqlar davam edir". Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib. Ekspertin sözlərinə görə, heç cür demək olmaz ki, münaqişəyə laqeyd yanaşılır: "Çünki Azərbaycan bu münaqişədə əsas zərərçəkən tərəfdir. Ona görə də rəsmi Bakının öz maraqlarını müdafiə etməsi təqdirəlayiqdir. Məhz bunun nəticəsində Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmaq olmaz. Çünki bu fəaliyyət davam edir". O əlavə edib ki, bütün bunlara rəğmən Ermənistanın mövqeyini anlamaq çox çətin olur: "Rəsmi İrəvanın iqtisadi göstəricilərinin aşağı olmasına, bununla da siyasi hakimiyyətin leqitimliyinin aşağı düşməsinə baxmayaraq Ermənistan öz qeyri-konstruktiv mövqeyində qalmasına davam edir. Bunu qismən başa düşmək olar. Çünki hakimiyyətdə qalmağın yeganə üsulu budur. Ancaq bütün bunlar öz nəticəsini vermir. Mənim üçün bu, qeyri-məntiqsizlikdir. Biz yenə də səylərimizi davam etdirməliyik".