“Azərbaycanda yeni effektiv idarəetmə institutu yaradılır” Siyasət

“Azərbaycanda yeni effektiv idarəetmə institutu yaradılır”

Hüseynbala Mirələmov: "Bu, idarəetmədə daha çevik və səmərəli mexanizmin formalaşdırılması baxımından önəmlidir"

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılacaq bir sıra məsələlər birbaşa vətəndaşların hüquqlarının etibarlı təminatçısı olması ilə diqqəti çəkir. Ümumiyyətlə, bu əlavə və dəyişikliklərin hüquqi sahədə - qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması və digər istiqamətlərdə əhəmiyyəli rol oynayacağı şübhə doğurmur. Millət vəkili Hüseynbala Mirələmov bildirib ki, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Ölkəmizdə insan və vətəndaş hüquqları Konstitusiya tələblərinə görə qorunur. Hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi istiqamətində islahatlar ardıcıl xarakter daşıyır. Bununla yanaşı, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə də hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi, insan hüquqlarının qorunması və digər bu kimi istiqamətləri əhatə edən məsələlər öz əksini tapıb: "Konstitusiya Aktının layihəsində Konstitusiyanın 24-cü maddəsində III hissəyə "Hüquqlardan sui-istifadəyə yol verilmir" məzmunlu cümlənin əlavə edilməsi qeyd edilib. Bu, hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, hüquqlardan sui-istifadə hallarına qarşı mübarizəyə xidmət edən addım kimi səciyyələndirilə bilər. Hüquqların qorunmasından bəhs edərkən layihədə 32-ci maddəyə "Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır", "Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz" və "Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir" məzmunlu VI, VII və VIII hissələrin Konstitusiyaya əlavə edilməsi də qeyd edilib. Layihədə təhlükəsizliklə bağlı məsələlər də yer alıb. Göründüyü kimi, bütün bunlar demokratik inkişaf fəlsəfəsinə və hüquqi dövlət quruculuğuna uyğun olmaqla sırf qanunların aliliyi prinsipinə xidmət edir". Onun sözlərinə görə, hazırda Azərbaycanda həyata keçirilən davamlı, ardıcıl institusional islahatlar idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirir. Referendum Aktının layihəsində vitse-prezidentlik institutunun yaradılması da nəzərdə tutulub ki, bu da ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir: "Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya "Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir" məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Buna əsasən deyə bilərik ki, Azərbaycanda yeni effektiv idarəetmə institutu yaradılır və bu, idarəetmədə daha çevik və səmərəli mexanizmin formalaşdırılması baxımından önəmlidir". Millət vəkili qeyd edib ki, Azərbaycanda reallaşdırılan demokratik islahatlar ölkəmizin davamlı inkişafına xidmət edir. Bu kontekstdə idarəetmə mexanizminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir ki, bu baxımdan yerli idarəetmə sistemi də xüsusi yer tutur: "Əlbəttə, yerli özünüidarəetmə orqanı olan bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli idarəetmə mexanizmi formalaşdırmalıdırlar. Bu, ilk növbədə, müasir çağırışlara adekvat cavab vermək qabiliyyətinin formalaşdırılmasından asılıdır. Bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsi, vətəndaşlara münasibətdə onların məsuliyyəti məsələsi, bələdiyyə qulluqçularının qanunlara müvafiq fəaliyyət göstərməsi və digər məsələlər də ayrıca qeyd edilməlidir. Bu baxımdan, Konstitusiyaya bu məsələlərlə bağlı əlavənin edilməsi müstəsna əhəmiyyət daşıyır. Referendum Aktının layihəsində Konstitusiyaya "Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar" məzmunlu cümlənin əlavə edilməsi qeyd edilib. Hesab edirəm ki, bu, vətəndaşların mənafeyinə uyğun olmaqla bərabər bələdiyyələrin və bələdiyyə qulluqçularının işinin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayacaq".
Deputatın sözlərinə görə, vətəndaşlarla görüş zamanı onlara Konstitusiya dəyişikliklərinin əhəmiyyəti barədə izahlar verilir və bu dəyişikliklərin sırf dövlətin qüdrətinin artmasına, hüquqi dövlət və vətəndaş cəmiyyətinin təməllərinin gücləndirilməsinə, idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə, hüquq və azadlıqların müdafiəsinə və digər bu kimi məsələlərə xidmət etdiyi diqqətə çatdırılır: "Bunun müqabilində insanlar görüş zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər. Azərbaycan ictimaiyyəti qəti şəkildə əmindir ki, Konstitusiya dəyişiklikləri inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir".