“İxracın stimullaşdırılması məhsulların bahalaşmasına səbəb olmamalıdır Siyasət

“İxracın stimullaşdırılması məhsulların bahalaşmasına səbəb olmamalıdır

"Ölkədə artıq istehsal olunan və valyuta gətirəcək məhsulların xarici bazarlara çıxarılması mərhələli şəkildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, eləcə də qeyri-neft sektorunun daha da inkişafına səbəb olacaq". Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ölkə başçısının aqrar məhsulların xarici bazarlara çıxarılması ilə bağlı xüsusi tapşırıqlarının olduğunu deyən iqtisadçı-ekspert söyləyib ki, bu tapşırıqlar ölkəmizə xarici valyutanın daxil olması, ölkəmizin neftdən asılılığının aradan qaldırılması baxımından vacib məqamdır: "Təbii ki, burada söhbət istehsal tələbatı yüksək olan məhsullardan gedir. Bildiyiniz kimi Azərbaycan bəzi meyvə və tərəvəz məhsullarının yerli istehsalı daxili istehlakdan daha çoxdur. Ölkə bazarı 9 milyonluq bazardır və bu baxımdan istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasına ehtiyac var. Lakin ölkə başçısının tapşırığına əsasən, aqrar məhsullar ənənəvi deyil, yeni bazarlara çıxarılmalıdır. Təbii ki, burada söhbət Avropa Birliyi, Körfəz və Asiya ölkələri bazarından gedir. Avropa Birliyi 450 milyonluq istehlaka malik olmaqla dünyanın ən böyük bazarlarındandır. Bu baxımdan Azərbaycanın kənd təsərrüfatı məhsullarının həmin bazara daxil olmasına ciddi ehtiyac var".
Vüqar Bayramov qeyd edib ki, ölkədə ixracın stimullaşdırılması, dəstəklənməsi ilə əlaqədar həyata keçirilən siyasət yerli məhsulların qiymətlərinin artırılmasına gətirib çıxarmamalıdır: "Apardığımız müşahidələrə əsasən deyə bilərik ki, bəzi hallarda tərəvəz məhsulları artıq istehsal olunur və belə olduqda onların yerli istehlakında ciddi problemlər yaranır. Bəzən məhsullar çürüyür, yarasız hala düşürlər. Bu baxımdan ixracın stimullaşdırılması həm də kənd təsərrüfatı məhsullarının istehsalının artmasına səbəb olacaq. Bu da həm daxili bazardakı qiymət artımını, həm də idxaldan asılılığı aradan qaldıracaq. Əslində fermer nə qədər çox məhsul istehsal edəcəksə, bir o qədər çox ölkəyə xarici valyuta cəlb etmək imkanı qazanacaq. Belə olan halda, o istehsalını genişləndirəcək və nəticə etibarı ilə daxili bazara daha çox məhsul çıxarılacaq".