“Sarkisyan hakimiyyəti Qarabağ problemində geri çəkilməlidir” Siyasət

“Sarkisyan hakimiyyəti Qarabağ problemində geri çəkilməlidir”

Tofiq Abbasov : "Buna alternativ yoxdur və olmayacaq"

Asim Mollazadə: "Rusiya bu məsələdə Ermənistan qarşısında konkret şərtlər qoymalıdır"

Elman Nəsirov: "İstənilən vaxt müharibə başlaya bilər və heç kim buna təminat verə bilməz"

Cəbhədə vəziyyət yenidən gərginləşir. Erməni silahlı qüvvələri hər gün atəşkəsi pozur və iriçaplı silahlardan istifadə edir. Bəllidir ki, atəşkəsin pozulması təsadüfi deyil və təxribat xarakteri daşıyır. Ermənistanın konstruktiv addım atmayacağı ehtimalı daha çoxdur. Belə olduqda isə müharibə ehtimalı artır.
Amerikalı ekspert, "Atlantik Şurası" analitik mərkəzinin transatlantik əlaqələr proqramının direktoru Frensis Barvell deyib ki, regionda münaqişələrin yaşanmasında və mövcud vəziyyətin qorunmasında maraqlı olan əsas qüvvə var: "Buna görə də yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox da nikbin deyiləm".
Onun sözlərinə görə, regionda qeyri-sabitlikdə maraqlı olan əsas güc Rusiyadır. Xanım F.Barvell NATO və Avropa İttifaqının diqqətinin hazırda başqa məsələlərə yönəldiyini qeyd edib: "Hazırda Avropanın üzləşdiyi problemləri nəzərə alsaq, Aİ yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli iqtidarında deyil".
Politoloq Tofiq Abbasov fikrincə, rəsmi İrəvanın ATƏT və ümumiyyətlə, Qərb istiqamətindəki fəallığı bir məqsədə qulluq edir ki, bu da işğalçı siyasətə bəraət qazandırmaq anlamına gəlir. O bildirib ki, indiki erməni hakimiyyəti gözəl anlayır ki, Azərbycan diplomatiyasının hücum mövqeyi Ermənistanın mövqelərini yetərincə zəiflədib. Sarkisyan hakimiyyəti Qarabağ problemində geri çəkilməlidir və buna alternativ yoxdur və olmayacaq.
Politoloq qeyd edib ki, lakin kompromislərin ciddi tərzdə tələb olunduğu anda İrəvan özünün köhnə silahını işə salır ki, Azərbaycan torpaqlarından çıxmasın. Bu silah süründürmə taktikasından ibarətdir.
T.Abbasovun fikrincə, həm ATƏT, həm digər institutlar anlayırlar ki, ən yaxşı halda Ermənistan gələn ilin aprel ayına qədər vaxt uda biləcək: "Çünki məhz həmin ay bu ölkədə parlament seçkiləri keçiriləcək və Sarkisyan-Nalbandyan cütlüyü çalışır ki, seytnot vəziyyətindən az itkilərlə çıxsın, saxtakarlıq hesabına seçkilərdə hakim Resbulikaçılar Partiyasına qələbə qazandırsın, sonra isə münaqişə ilə bağlı çıxış yolunu araşdısın".
Politoloqun sözlərinə görə, İrəvanda elə düşünürlər ki, artıq parlament üsul-idarəsinə keçdikdən sonra Sarkisyan komandası üçün daha əlverişli reallıq formalaşacaq. Bu isə xülyadan başqa bir şey deyil.
Rəsmi Bakının xəbərdarlıq etdiyini deyən T.Abbasov əlavə edib ki, bu haqda Avropa təsisatları məlumatlıdırlar: "Ermənistan yenə məsuliyyətdən yayınmağa çalışsa, onda Azərbaycanın daha təsirli zərbəsinə tuş gələ bilər. Bunu Qərb təşkilatlarının başbilənləri də yaxşı anlayır".
T.Abbasov vurğulayıb ki, Ermənistan diplomatiyası Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynamyer və digərlərindən ümidverici vədlər alsa belə, gərək yaddan çıxarmasın ki, öz torpaqlarını azad etməkdən ötrü Azərbaycan heç kəsdən icazə almayacaq: "Buna görə də İrəvan gərək mətləbdən uzaqlaşmasın və problemin əməli həllinə dəstək verə biləcək mexanizmlərin ortaya çıxmasına diqqətini ayırsın. Qarabağ probleminin siyasi müstəvidəki həlli beynəlxalq institutların səlahiyyətində olsa da, fiziki açarlar bölgədədir. Yəni, onlar Bakının ixtiyarında olduğundan istənilən an hər şey gözlənilmədən dəyişə bilər. Bunu İrəvan rəsmiləri nəzərdən qaçırmalı deyillər".
Bu arada rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Ermənistan hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakını dayandırıb: "Həm həmsədrlər, həm də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan rəhbərliyini danışıqlar masasına qaytarmağa çalışır. Bu ilin aprel ayında Qarabağda dörd günlük müharibədən sonra aydın oldu ki, bu münaqişə dondurulmuş deyil, hər an müharibə başlaya bilər". Politoloq vurğulayıb ki, bundan sonra müvəqqəti güzəştlərin əldə edilməsi məqsədi ilə substantiv danışıqlara başlanılıb. "Bu güzəşt 2011-ci ildə işlənib-hazırlanmış Kazan formuluna əsaslanmalı imiş. Kazan formulunun prinsipləri artıq hər kəsə məlumdur. Söhbət ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından gedirdi. Dağlıq Qarabağın statusu isə gələcəkdə müzakirə olunmalı idi. Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi. Hazırda müxtəlif qüvvələr, o cümlədən həmsədrlər və Avropa İttifaqı cəhd edir ki, yenidən İrəvanı danışıqlar masasına qaytarsın. Ona görə də hesab edirəm ki, İlham Əliyevin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təklifi substantiv danışıqların bərpa olunmasına cəhdlə bağlıdır. Çünki, bu gün yenidən münaqişə bölgəsində təhlükəli vəziyyət yaranıb. Münaqişə hər an alovlana bilər. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar isə dondurulub. Azərbaycan prezidenti danışıqların bərpa olunmasının tərəfdarıdır".
Millət vəkili Asim Mollazadə bildirib ki, Ermənistan indiyədək beynəlxalq ictimaiyyəti aldatmaq üçün danışıqlarda iştirak edib: "Son hadisələr göstərdi ki, Ermənistan Rusiyanın, şəxsən Putinin də imicinə böyük zərbə vurur". Rusiyalı poltiloq Sergey Markovun Ermənistanla bağlı son fikirlərini şərh edən A.Mollazadə qeyd edib ki, bu vaxta qədər danışıqlarda müsbət irəliləyişin əldə olunmamasının da əsas səbəbkarı məhz Ermənistandır: "Sarkisyan Rusiyanın da təkliflərini rədd etdi. Biz istərdik ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı nailiyyət əldə olunsun. Rusiya bu məsələdə Ermənistan qarşısında konkret şərtlər qoymalıdır. Azərbaycan isə həmişəki kimi öz ədalətli mövqeyindədir".
Millət vəkili Elman Nəsirov hesab edir ki, rusiyalı politoloqun yanaşması doğru deyil: "Sergey Markovun nədən belə bir açıqlama ilə çıxış etməsini deyə bilmərəm. Amma, onun "...Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi" kimi məsələyə yanaşması düzgün deyil. Məgər, Serj Sarkisyan razı olan vaxt Ermənistanda sosial vəziyyət, sosial baza yaxşı idimi? Xeyr. Ermənistan ac-yalavac dövlətdir. Dəyişən heçnə yoxdur. Prezidentə etimad sıfır səviyyəsindədir. Bu əvvəl də, indi də belədir. Hətta bir az da kəskinləşib. Ermənistan tərəfi heç vaxt münaqişənin həllinə razı olmayıb. Çünki, Ermənistan güc, zor dilini yaxşı tanıyır. 4 günlük müharibədən sonra Serj Sarkisyan kifayət qədər mülayimləşmişdi və artıq öz zəifliyinin fəqində idi. Generalları Müdafiə Nazirlyi sistemindən qovmaqla bu zəifliyini etiraf etdi. Bunlar hamıya yaxşı bəllidir. Ermənistanın zəif, cırtdan dövlət olduğunu hər kəs bilir. Sadəcə himayədarları ona pul və silah verir, lobbiçilik dəstəyi göstərir, eyni zamanda təbliğatını aparır. Ermənistan isə bu dövlətlərin hesabına öz aqressiv siyasətini davam etdirir".
E.Nəsirov qeyd edib ki, aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olması ilə bağlı mifi dağıdıb: "İstənilən vaxt müharibə başlaya bilər və heç kim buna təminat verə bilməz. Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətizliyi fonunda hadisələrin məhz müharibə ssenarisi üzrə inkişafı son dərəcə labüdləşə bilər. Həmsədrlər bu vəziyyətdən nəticə çıxarmalıdır. Onlar yenə də köhnə qaydalarına qayıdıblar. Yəni, ciddi cəhdlə çalışırdılar ki, öncə xarici işlər nazirləri, ardınca isə prezidentlər səviyyəsində görüşlər keçirsinlər və bununla öz hesabatlarını "zənginləşdirsinlər". Eyni zamanda həmsədrlərdə belə bir əminlik vardı ki, keçirilən belə görüşlər münaqişənin müharibəyə çevrilməsinin qarşısını alır. İndi yenə də həmin taktikanı tətbiq etməyə çalışırlar, Ermənistana heç bir təzyiq göstərmirlər. Sadəcə yenidən istəyirlər ki, Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşdürsünlər və ilin sonuna qədər heç olmasa bir dəfə prezidentlər səviyyəsində görüşə nail olsunlar.
Amma, hadisələrin gedişatı - bir yandan ABŞ dövlət katibi Con Kerrinin məsuliyyətsiz, erməni maraqları ilə üst-üstə düşən bəyanatı, digər yandan ABŞ-da prezident seçkilərinin gedişi, eyni zamanda münaqişənin həlli ilə bağlı konkret mövqenin və Ermənistana təsir mexanizmlərinin işə salınmadığı bir reallıqda münaqişənin həlli oböyük düyünə düşüb. Bu reallıqda Ermənistanın yeni təşkil olunmuş hökumətinin proqramına hətta belə bir bənd salınıb ki, münaqişənin həlli ilə bağlı heç bir güzəştə gedilməyəcək. Bütün bu reallıqları nəzərə aldıqda münaqişənin həlli prosesinin aprel döyüşlərindən sonra yenə də dalana dirəndiyi reallığı üzə çıxıb".
Politoloq vurğulayıb ki, münaqişənin müharibəyə çevrilməsində maraqlı qüvvələr var: "Bu reallığın qorunub-saxlanmasında kimlər maraqlıdırsa, deməli onlar əslində münaqişənin müharibəyə çevrilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Azərbaycan bu reallığın fərqindədir. Ölkə prezidenti İlham Əliyev son çıxışlarında bu məsələyə toxundu. Qeyd etdi ki, həmsədr dövlətlərdən biri ona pul, digəri silah verir, başqa biri lobbiçilik dəstəyi göstərir, təbliğatını aparır. Məqsəd odur ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində güzəştə getsin. Azərbaycan heç bir güzəştə getməyəcəyini bəyan edib. Biz güclənməkdəyik. Ordumuz ən müasir silahlarla təchiz olunub. Bundan sonra Ermənistan öz mövqeyindən çəkilməsə, qeyri-konstruktiv mövqeyini davam etdirsə və ATƏT-in Minsk qrupu da bu məsələdə passiv mövqe nümayiş etdirərsə, hadisələr arzuolunmaz ssenarilər üzrə inkişaf edə bilər. Bu halda bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın, ATƏT-in Minsk qrupunun, beynəlxalq ictimaiyyətin üzərinə düşəcək".

Əli