Qarabağ məsələsini dolaşdıran Rusiyadır Siyasət

Qarabağ məsələsini dolaşdıran Rusiyadır

Postsovet məkanındakı bütün münaqişələr Moskvanın imperialist siyasətinin "bəhrəsi"dir

Cavid

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu NTV kanalarının canlı efirində baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci hadisələri ilə bağlı bəyanatından danışarkın bildirib ki, Qarabağ məsələsi dolaşıqlı bir məsələdir, amma burada da addım-addım sülh təmin edilə bilər.
Bəs Dağlıq Qarabağ münaqişəsində dolaşıq məqam nədən ibarətdir?
Tanınmış amerikalı politoloqu Pol Qobl Dağlıq Qarabağ müharibəsində atəşkəsin 20 illiyi ərəfəsində "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, atəşkəsin əldə olunması ilk vacib addım idi: "Eyni zamanda hiss edirdim ki, Minsk qrupu həll yolu deyil, çünki bir tərəf - Rusiya Federasiyası nəinki münaqişənin həllində maraqlı deyildi, əksinə, onu səngiməyə qoymurdu. Bunu həmin vaxt da deyirdim - onda Karnegi Fondunda çalışırdım - indi də fikrimi dəyişməmişəm. Cənubi Qafqazda sülh görmək istərdim; narahatlığım ondandır ki, indi də bəziləri "həll yolları" təklif edirlər, ancaq bu təkliflər sülh gətirmək gücündə deyil. Olsa-olsa, müharibə müvəqqəti dayandırılır".
"Danışıqlar üçün əsas əngəli nədə görürsünüz" sualına cavabında Pol Qobl deyib ki, münaqişənin həllinin açarı Moskvanın əlində qalır: "Keçmişdə olduğu kimi, indi də əsas əngəl odur ki, Moskva münaqişənin həllini istəmir, çünki özünün bu münaqişədən faydalandığını düşünür. Moskva münaqişənin davam etməsində maraqlı olmasaydı, bu münaqişə istənilən vaxt və sürətlə başa çatardı. Təəssüf ki, Putin rejimi bunda maraqlı deyil".
Müstəqil analitik-jurnalist Mübariz Azərbaycanlının fikrincə, Ermənistan Cənubi Qafqazda Rusiyanın maraqlarının təmin olunması üçün yüz illərdir oynadığı rolu davam etdirir: "Rusiyanın "Krım qələbəsi"ndən sonra Ermənistan prezidenti Sarkisyan vaxt itirmədən dərhal Rusiya prezidenti Putinə telefon açdı və onunla Dağlıq Qarabağ probleminin "nizama" salınmasını müzakirə etməsini istəyib. İstər uzaq, istərsə də yaxın tarix təsdiq edir ki, ermənilər mövcud olduqları dövrdən bu günə kimi dəyişməyən xislətlə "yaşayıblar". Yəni onlar həmişə olduğu kimi, dünyada baş verən siyasi qarmaqarışıqlıqdan hiyləgərliklə istifadə edərək başqalarının hesabına özlərinə "gün ağlayıblar".
Bütün dünya ölkələri və beynəlxalq aləm yaxşı bilir ki, Ermənistan Rusiyanın de yure olmasa da, de fakto forpostu və ya artıq Krımla bərabər sayı 22-yə çatan subyektlərindən biridir. Əslində Sarkisyanın Putini "Krım qələbəsi" münasibətilə birinci təbrik etməsi Qarabağı da Rusiyaya xatırlatmaq istəyilə bağlı idi".
Ermənistanda da Qarabağla münaqişəsinin indiyədək həll olunmamasının real səbəblərini etiraf edənlər var.
Məsələn, erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan bildirib ki, Qarabağ məsələsini Ermənistan və Azərbaycan birlikdə həll edəcəklər: "Mən dəfələrlə demişəm ki, ilk addımı Ermənistan atmalıdır. Ermənistan indi addım ata bilmir, ona görə ki, hələ Kremlin əli altındadır. Onun addım atmasına təsir edilməlidir. Biz qonşular problemlərimizi özümüz həll etməliyik. Üçüncü tərəf bizə lazım deyil. Azərbaycan və Ermənistan ləyaqətlə yaşamalıdır".
Ekspert Tərlan Həsənovun fikrincə, Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında çoxdan çözülə bilərdi: "Amma rəsmi Moskva Ermənistanı özündən asılı vəziyyətə saldığından bu münaqişə həll olunmur, əksinə daha da uzadılır. Münaqişənin həll olunması Rusiyanın regional maraqlarına xeyir gətirmədiyindən onun həlinin uzadılmasında maraqlıdır. Bu münaqişəni Ermənistan yaratmayıb ki, o da həllində hansısa addım ata bilsin. Davudoğlu düz vurğulayıb ki, münaqişə dolaşıb. Amma bu münaqişəni dolaşdıran dövlətin adını çəkməsə də hamıya aydındır ki, nəzərdə Rusiya tutulub".
Ekspert Hail Cəlilin də fikrincə, Qarabağ münaqişəsini dolaşdıran, onun həllinin mümkünlüyünü çətinləşdirən imperialist Rusiyadır: "Russiya postsovet məkanında bütün münaqişələri yaratdığı kimi dolaşdırıb. 90-cı illərin əvvəllərində olduğu kimi bu gün də, sabah da Kremlin imperialist siyasəti davam edəcək. Bu siyasət millətlərarası münaqişələrə yol açır və onların həllini mümkünsüz edir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya Dağlıq Qarabağ münaqişəsini Qordi düyününə çevirib. Bu düyünü yalnız özü aça bilər. Bunun üçün isə gərək Moskvanın imperialist maraqlarının qurbanına çevriləsən. Rəsmi Bakı isə Rusiyanın əyalətinə çevrilmək istəmədiyindən, müstəqil siyasət yürütdüyündən, Qarabağ məsələsində qəti mövqe tutduğundan Kremlin hədəfindədir. Moskva Qarabağ məsələsindən Azərbaycana təsir mexanizmi kimi istifadə edir. Amma onun hədə-qorxusu rəsmi Bakını mövqeyindən çəkindirmir. Dünya birliyi də Qarabağ münaqişənin həlli açarının Rusiyada olduğunu dərk edir. Amma hələ ki, bu kimi məsələlərdə ona təsir etmək mümkün deyil. Görünür, Qarabağ məsələsinin həlli də onların maraq dairəsində deyildir. Amma bütün hallarda postsovet məkanında bu kimi münaqişələrin yaradılmasında birbaşa günahkar Rusiya və onun hakimiyyətindədir".