Eldar Quliyev ermənilərin cavabını verdi Siyasət

Eldar Quliyev ermənilərin cavabını verdi

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bu qurumun 48-ci sessiyasında iştirak edir.
Eldar Quliyev assambleyanın plenar iclasında, iqtisadi və siyasi məsələlər üzrə komitə iclaslarında çıxış edib.
Eldar Quliyev QDİƏT PAnın siyasi məsələlər komitəsinin iclasında dini ekstremizm və terrorçuluqla mübarizə haqqında çıxış edərək, Azərbaycanın da vaxtilə terrordan əziyyət çəkdiyini vurğulayıb. O, Ermənistan nümayəndə heyətinin əsassız təxribatlarına kəskin münasibət bildirərək, qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 25 ildir yubanır.
"Ermənistanın qonşu Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları səbəbindən başlatdığı və qarşı tərəfin 20 faizdən çox torpağının işğalı ilə nəticələnmiş bu qanlı münaqişə 25 il vaxt kecməsinə baxmayaraq, öz həllini tapmayıb. Azərbaycan ərazilərinin qeyd-şərtsiz qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmur".
Eldar Quliyev xüsusilə də, bu ilin aprelində cəbhədə baş vermiş hadisələrə toxunaraq qeyd edib ki, həmin vaxt Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində yerləşən yaşayış məntəqələrini, mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri də bu təxribatlara tutarlı cavab verib.
İqtisadi məsələlər üzrə komitə iclasında da çıxış edən Eldar Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında investisiya qoyuluşunun stimullaşdırılması, dövlətlərarası iqtisadi əməkdaşlığın güclədirilməsi və perspektivləri barəsində ətraflı danışıb.