Azərbaycan Yaxın Şərqdə sülhün tərəfdarıdır Siyasət

Azərbaycan Yaxın Şərqdə sülhün tərəfdarıdır

"Azərbaycanın Fələstin ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. "
Bunu açıqlamasında Milli Məclisin depuatı Elman Nəsirli bildirib. Onun sözlərinə görə, 60 ildən artıqdır ki, həllini tapmayan Yaxın Şərq regionun ən mürəkkəb problemlərindən biri Fələstin-İsrail münaqişəsi ilə bağlıdır:
"Bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının da çoxsaylı qətnamələri var. Onlar da faktiki olaraq, işlək vəziyyətdə deyil. Bu münaqişə ilə bağlı Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa söykənib. Biz münaqişənin həllini istəyirik. Azərbaycan da beynəlxalq hüquqa hörmət edən bir dövlət olaraq, BMT Təhlükəsizlik Şurasının münqaişə ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi mövqeyini dəstəkləyir. Fələstinin Azərbaycanda səfirliyi də fəaliyyət göstərir. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı kontekstində biz fələstinlə bağlı öz mövqeyimizi bildirmişik".
Elman Nəsirli Azərbaycan və İsrail münasibətlərinin lazımı səviyyədə olduğunu qeyd edib:
"Bir çox məsələlərdə strateji tərəfdaş kimi çıxış edirik. Yəni, İsrail dövləti Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Azərbaycanın haqlı, ədalətli mövqeyini dəstəkləyir. Eyni zamanda Azərbaycan ilə İsrail arasında münasibətlərdən danışsaq, bu münasibətlər həm siyasi dialoq, həm də iqtisadi ticarət, xüsusi ilə də enerji sektorunda əlaqələrin inkişafı baxımından diqqəti cəlb edir. Hesab edirəm ki, geniş prespektivlər var. İsrail neftə ola tələbatını məhz Azərbaycandan reallaşdırır. Bu gün siyasi dialoqun da yüksək səviyyədə olması onda özünün göstərir ki, İsrail dövlətinin prezidenti, baş nazirləri Azərbaycana səfər edib. Bu gün də İsrailin baş nazirinin Azərbaycana səfəri gözlənilir. Bunu özü siyasi dialoq sahəsində əlaqələrin kifayət qədər inkişaf etdiyini göstərir."
İkitərəfli münasibətlərdən bəhs edərkən deputat hərbi- texniki əməkdaşlıq prinsiplərinə xüsusi diqqət ayırmağın lazım olduğunu vurğulayıb:
"İsrail Azərbaycanın silah aldığı dövlətlər sırasındadır. İsrailin ən müasir silah alıcılarından biri də Azərbaycandır. Bu əlaqələr bundan sonra da inkişaf etməkdədir. Amma burada bir həqiqəti söyləməyə xüsusi ehtiyac var. Azərbaycanın İsrail ilə münasibətlərinin inkişafı heç bir üçüncü tərəfin əlehinə deyil. Başqa bir dövləti hədəfə almayıb. Azərbaycan dövlətinin prezidenti İlham Əliyev müstəqil xarici siyasi kursu həyata keçirir. Bu kurs Azərbaycanın milli maraqlarına söykənib və heç bir tərəfə yönəlməyib. Azərbaycan dövləti heç bir dövlətin, yaxud da beynəlxalq təşkilatların, siyasi qurumların təzyiqi altında bu və ya digər dövləti hədəf seçməyib. Hesab edirəm ki, Azərbaycanın İsraillə münasibətləri beynəlxalq təşkilatlar səviyyəsindədir. Bu bizim dəyişməz siyasətimizdir. Azərbaycan dövləti də həmin siyasətə sadiqdir."