“Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq” Siyasət

“Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq”

Dünən Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı Səfiri Erkan Özoralla jurnalistlər arasında görüş keçirilib. Görüşdə öncə 11 dekabr tarixində Türkiyədə baş vermiş terror hadidəsi nəticəsində şəhid olmuş Türkiyə vətəndaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivlərindən və iki dövlət arasındakı tarixi qardaşlıq münasibətlərindən danışıb. O, bir neçə gün bundan öncə İstanbulda törədilmiş terror aktına münasibət bildirərək qeyd edib ki, Azərbaycan daim Türkiyənin yanındadır və dövlətimiz terroru qəti şəkildə lənətləyir. Yeni səfirin Azərbyacanda ilk dəfə olmadığını vurğulayan Əflatun Amaşov qeyd edib ki, Erkan Özaral əvvəllər də Türkiyənin Azərbaycandakı səfirliyində mühüm vəzifədə işləyib və ölkəmiz haqqında kifayət qədər məlumatlıdır.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral jurnalistlərlə görüşdən böyük məmnunluq hissi keçirdiyini vurğulayıb: "Azərbaycan həmişə Türkiyənin yanında olub, əsl qardaşlıq münasibəti göstərib. Biz bunu 15 iyun hadisələrində, eyni zamanda Türkiyədə törədilən terror hadisələri zamanı şahidi olmuşuq. Yadınızdadırsa, 15 iyun tarixində Türkiyədə dövlət çevrilişinə cəhd etdilər, ancaq türk düşmənlərinin niyyətləri baş tutmadı. Həmin vaxt Rəcəb Tayyib Ərdoğanın Azərbyacana səfəri planlaşdırılmışdı. Ancaq baş verən bu hadisələrdən sonra səfər təxirə salınsa da, Azərbaycan Prezidenti əsl qardaşlıq nümayiş etdirib Türkiyəyə özü gəldi. Bu Azərbaycan və Türkiyə qardaşlığının əsl nümunəsi idi. Hər iki qardaş dövləti təkcə iqtisadi, siyasi, ticarət əlaqələri bağlamır. Bizim aramızda əsl qardaşlıq vardır. Eyni zamanda bütün sahələr üzrə Azərbaycan-Türkiyə arasında geniş əməkdaşlıqlar qurulub. Mən xüsusilə də tibb sahəsinə toxunmaq istəyirəm. Bu gün Azərbaycan və Türkiyənin həkim cərrahlarının əksəriyyəti bir-birilərni yaxından tanıyırlar. Bu sevindirici haldır. Mən 2004-2009-cu illərdə də Türkiyənin Azərbaycandakı Səfirliyində işləmişəm. Bilirəm ki, Azərbaycan daim Türkiyəyə dəstək nümayiş etdirir. Bunu qəzetlər, televiziyalar və müxtəlif internet media qurumlarından həmişə görmüşük. 10 il bundan əvvəlki Azərbaycanla indiki Azərbaycan arasında çox fərq var. Mən sevinirəm ki, bu inkişaf mediada da özünü göstərib və artıq Azərbaycanda oturuşmuş media qurumları var".
Erkan Özaral Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinə də toxunub: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətində ciddi irəliləyiş hiss olunmur. Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Bu problem 25 ildir davam edir. Bu məsələdə Türkiyə Azərbaycanın yanındadır".
Daha sonra çıxış edən BDU-nun professoru Cahangir Məmmədli, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlığı Təşkilatının sədri İlham İsmayılov, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, millət vəkili Cavanşir Feyziyev və başqaları Azərbaycan-Türkiyə arasındakı əməkdaşlığın gələcək inkişafından, hər iki dövlərin media qurumları arasında daha sıx əlaqələrin qurulmasının vacibliyindən danışıblar.