Azərbaycanda vergi amnistiyası elan oluna bilər Siyasət

Azərbaycanda vergi amnistiyası elan oluna bilər

Azərbaycanda vergi amnistiyası elan oluna bilər. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq.
Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ini, fevral ayında 50%-ini, mart ayında isə 70%-ini ödəyərsə borcun qalıq hissəsi amnistiya olunacaq.
Layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bu addım ölkə ərazisində orta və kiçik sahibkarlığın inkişafına böyük təkan verəcək: "Vergi amnistiyası hazırda vergi ödəməkdə müəyyən çətinlikləri olan və onun silinməsilə şirkətlərə, sahibkarlara verilən şansdır".
Vahid Əhmədov bildirib ki, vergi borclarının ödənişi nə qədər tez həyata keçirilərsə, sahibkar bir o qədər çox xeyir götürəcək: "Bu, ümumiyyətlə, kiçik və orta sahibkarlığın inkişafı, iri şirkətlərin maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün əhəmiyyətli addım olacaq. Böyük həcmdə yığılan vergi borclarının azaldılması istiqamətində əhəmiyyətli rol oynayacaq".