EBRD Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb İqtisadiyyat

EBRD Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2026-cı ildə Azərbaycanda 2%, 2027-ci ildə isə 2,5%-lik artım proqnozlaşdırıb.

"APA-Economics" xəbər verir ki, Bank Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı ilə bağlı sentyabr proqnozlarını dəyişməz saxlayıb.

EBRD qeyd edib ki, ilin əvvəlində müşahidə olunan yavaşlamadan sonra Azərbaycan iqtisadiyyatı əsasən qeyri-neft sektorunun dəstəyi ilə mülayim artım mərhələsinə qayıdıb.

Hesabatda bildirilib ki, Yaxın Şərqdə davam edən silahlı münaqişə Şərqi Avropa və Qafqaz ölkələri üzrə iqtisadi artım gözləntilərinə mənfi təsir göstərib. Region üzrə artım proqnozları 2026-cı il üçün 0,3 faiz bəndi azaldılaraq 2,5%-ə, 2027-ci il üçün isə 0,8 faiz bəndi aşağı salınaraq 4,1%-ə endirilib.

EBRD analitiklərinin fikrincə, Azərbaycanın iqtisadi perspektivləri əsasən qlobal karbohidrogen qiymətləri və hasilat həcmlərindəki dəyişikliklərdən asılı olaraq qalır.

Bank hesab edir ki, Ermənistanla sülh prosesində əldə olunan irəliləyiş, yeni regional bağlantı layihələrinin həyata keçirilməsi və bərpa olunan enerji sektoruna yatırımlar ortamüddətli dövrdə iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yarada bilər.