“Lapşinin ekstradisiyası Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir“ Siyasət

“Lapşinin ekstradisiyası Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir“

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının, xarici siyasətinin ikili standartlar üzərində, Ermənistanın kriminal hakimiyyəti üzərində növbəti qələbəsidir. Bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.
B.Sadıqov bildirib ki, Prezident İlham Əliyev çox uğurlu siyasət yürüdür: "Bu, Azərbaycanın siyasi nüfuzunu artırır, iqtisadi baxımdan qüdrətli dövlətə çevirir, ölkəmizin digər dövlətlərlə əməkdaşlığını milli maraqlarımız öndə tutulmaqla inkişaf etdirir. Bu proseslər Lapşinin ekstradisiyası fonunda çox aydın göründü. Belarus siyasi rəhbərliyinin və hüquq mühafizə orqanlarının qanunun aliliyini əsas tutaraq, Azərbaycanın müraciətini dostcasına qəbul edərək və bütün hüquqi prosedurlara əməl edərək dövlətimizə qarşı cinayət törətmiş Lapşini ölkəmizə ekstradisiya etməsi təqdir edilməlidir".
B.Sadıqov qeyd edib ki, Lapşinin ekstradisiyası Ermənistanın növbəti məğlubiyyətidir: "Biz Lapşini Azərbaycana gətirməklə ölkəmizin dünyada nüfuzunun artdığını, diplomatiya sahəsində Ermənistanı qat-qat üstələdiyimizi bir daha sübut etdik. Bunu başda cənab İlham Əliyev olmaqla, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki ən böyük uğurlarından biri sayıram".
Deputat vurğulayıb ki, Lapşinin ekstradisiyası Azərbaycan sərhədlərini pozan digər insanlara da ciddi xəbərdarlıqdır: "Lapşinin ekstradisiyası indiyə qədər Azərbaycan sərhədlərini pozub adları qara siyahıya düşmüş insanlara və bundan sonra da ölkəmizin işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan getmək istəyən insanlara ciddi xərbərdarlıqdır - vaxt gələcək siz Azərbaycanın ədalət məhkəməsi qarşısında bu özbaşınalığınıza görə cavab verəcəksiniz".