“Qondarma “DQR”-ni heç Ermənistanın özü belə tanımır” Siyasət

“Qondarma “DQR”-ni heç Ermənistanın özü belə tanımır”

Emin Həsənli: "Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və hər kəs də bunu belə qəbul edir"

Fərəc Quliyev: "Qondarma referendumun keçirilməsi bir daha sübut etdi ki, danışıqların heç bir əhəmiyyəti qalmayıb"

"Qondarma "DQR"-ni heç Ermənistanın özü belə tanımır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və hər kəs də bunu belə bilib, qəbul edir. Bu baxımdan Ermənistan bizim torpaqlarımızda nə keçirsə də, onun hüquqi əsası olmayacaq". Bunu açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Ermənistanın 25 ildən çoxdur ki, əhalisini aldatdığını deyən ekspert qeyd edib ki, düşmən ölkə əhalisi aprel döyüşlərində Azərbaycan ordusunun 2-3 saat ərzində onları darmadağın etdiyini gördü və bununla da Ermənistanda mövcud olan miflər alt-üst oldu: "Ermənistan aprel döyüşlərindən sonra öz əhalisini sakitləşdirmək üçün müxtəlif təxribat, aksiyalara daha çox əl atmağa başlayıb ki, bunlardan da biri ötən gün keçirilən "referendum" idi. Bu qondarma seçkini Ermənistanı himayə edən təşkilatlar belə tanıya bilməzlər. Çünki həmin torpaqların Azərbaycana məxsus olduğunu Ermənistan da daxil olmaqla hər kəs çox yaxşı bilir. Amma çox təəssüf ki, həmin qüvvələr Ermənistana pərdə arxası dəstək göstərir, ABŞ, Rusiya, Fransa onlara maliyyə yardımı ayırırlar. Amma bu proseslərin sonu Ermənistan üçün heç də yaxşı bitməyəcək. Çünki münaqişənin uzanması düşmən ölkənin mövcudluğunu sual altına qoyur. Ermənistandan miqrant axını başlayıb və bu proses getdikcə sürətlənəcək. Bundan əlavə düşmən ölkə iqtisadi cəhətdən də çökür, bütün layihələrdən kənarda qalıb. Azərbaycan isə bütün parametrlər üzrə inkişaf edir. Bütün bunlar göstərir ki, ölkəmiz tezliklə öz gücünə öz torpaqlarını işğaldan azad edəcək. Bu baxımdan hesab edirəm ki, Ermənistanı himayə edənlər onun başına nə qədər tez ağıl qoysalar, bir o qədər yaxşı olar".
E. Həsənli əlavə edib ki, Aleksandr Lapşinin Azərbaycana gətirilməsi bir daha sübut etdi ki, ölkəmiz tezliklə öz torpaqlarının işğaldan azad edilməsinə nail olacaq: "Hazırda biz Xocalı soyqırımının ildönümü ərəfəsindəyik. Bu faciədə əhalimiz vəhşicəsinə qətlə yetirilib, onların meyitlərinin üzərində vəhşilik edilib. lakin ən pisi odur ki, bu vəhşiliyi törədənlər sonradan kostyum geyərək Ermənistanın prezidenti, müdafiə naziri kimi fəaliyyət göstərirlər. Lakin Azərbaycan dövlətinin səyi nəticəsində Sarkisyan, Ohanyan kimi cinayətkarlar tezliklə məhkəmələrimiz qarşısında cavab verəcəklər".
Millət vəkili Fərəc Quliyev diqqətə çatdırıb ki, Dağlıq Qarabağda keçirilən "referendum"un heç bir hüquqi əsası yoxdur: "Çünki dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır". Onun sözlərinə görə, qondarma bir qurumda hər hansı bir aksiya və ya "referendum" keçirmək siyasi gündəmdə onu müstəqil kimi təqdim etmək cəhdidir: "Bundan əlavə, Ermənistan öz daxilindəki vəziyyəti nəzərə alaraq bu cür addımlar atıb, auditoriyasını sakitləşdirməyə çalışır. Düşmən ölkə çox yaxşı anlayır ki, bu kimi qondarma aksiyaların, "referendum"un keçirilməsinin heç bir mənası və hüquqi əsası yoxdur".
F. Quliyev qeyd edib ki, qondarma referendumun keçirilməsi bir daha sübut etdi ki, danışıqların heç bir əhəmiyyəti qalmayıb: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi ilə bağlı beynəlxalq təşkilatlara kifayət qədər imkan verib. Aprel döyüşlərində Azərbaycan qələbənin bir addımlığında olmasına baxmayaraq beynəlxalq təşkilatların təkidi ilə savaşı dayandırdı. Onlar inandırdılar ki, münaqişəni tezliklə dinc yoll həll edəcəklər. Lakin onlar bunu etmədilər, artıq dinc vasitələrin zamanı bitib. Bu baxımdan hesab edirəm ki, beynəlxalq təşkilatlara konkret olaraq hərbi yolla bağlı bildiriş verilməli, ölkəmiz məsələni beynəlxalq konvensiya və konstitusiyaya uyğun olaraq məhz bu yolla həllinə nail olmalıdır. ATƏT-in Minsk qrupu yarandıqda üzərinə öhdəlik götürmüşdü ki, məsələni 1 il müddətində həll edəcək. Lakin həmin dövrdən 24 il keçib. Artıq kvota və ya zaman qoymağın vaxtıdır. Düşmən ölkə bu müddət ərzində torplaqlarımızdan geri çəkilməlidir. Əks halda hərbi yol qaçılmazdır. Çünki Ermənistan danışıqlardan qaçaraq, status-kvonu qoruyub saxlamağa çalışır. Son hadisələr də göstərdi ki, danışıqların heç bir əhəmiyyəti qalmayıb".