“Köçkün oğlu fərarilik edirsə, ona qız verməyin” Siyasət

“Köçkün oğlu fərarilik edirsə, ona qız verməyin”

"İşğal altında olan ərazilərin gələcək inkişaf konsepsiyası layihəsi gözəl təşəbbüs və vətənpərvərlik nümunəsidir. Bu təşəbbüsü dəstəkləmək və yaymaq lazımdır".
Bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
O, bildirib ki, hər bir universitetdə, məktəbdə, uşaq bağçasında işğal altında olan ərazilərimiz üçün müəyyən layihə hazırlamağa imkan yaradılmalıdır. "Bu nümunə yayılmalı və geniş vüsət almalıdır. Hər bir rayon, rayon mərkəzi və kəndin özünün milli memarlıq tarixi adət-ənənəsi var və bu hər bir işdə qorunub saxlanmalıdır. Bu gün cocuq sözü ilə başlayan balaca kənd bütün dünyaya səs salır. Cocuq Mərcanlı kəndi qısa müddətdə bütün dünyada tanındı və bu söz işlədilməyə başlanıldı. Bəlkə heç Cəbrayıl sakinlərinin əksəriyyəti Cocuq Mərcanlı kəndini o qədər də tanımırdı".
Ə.Həsənov qeyd edib ki, əvvəllər məcburi köçkün uşaqları hərbi təhsil almaq istəmir və fərarilik edirdi: "2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək nəticələrin aradan qaldırmaq üçün icazə istədik. Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, məcburi köçkün oğlu fərarilik edirsə, ümumiyyətlə ona qız verməyin. Bu adət-ənənə Türkiyədə geniş yayılıb. Orada torpağa, vətənə münasibət dünyanın heç bir yerində yoxdur. Bu istiqamətdə geniş iş başlanıldı. Nəticədə hərbi məktəblərdə və ali təhsil müəssisələrində oxuyan gənclərin sayı 10, 100 dəfə artıb. Bu gün ölkədə fərariliyin səviyyəsi aşağı düşüb. Ən qeyrətli və vicdanlı oğullarımız şəhid olur".