“Azərbaycan öz gücünə güvənməli, danışıqlar prosesini davam etdirməklə yanaşı...” Siyasət

“Azərbaycan öz gücünə güvənməli, danışıqlar prosesini davam etdirməklə yanaşı...”

Fikrət Sadıqov: "Vaxtaşırı Ermənistana ötən ilin aprel hadisələrini həm nəzəri, həm də praktiki cəhətdən xatırlatmalıyıq"

"Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupundan çıxarıb, BMT çərçivəsinə daxil etməyin heç bir mənası olmayacaq. Əgər BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə əlaqədar 4 qətnaməsi yerinə yetirilmirsə, daha bir qətnamənin qəbulu və onun yerinə yetirilməməsinin bizim üçün nə faydası ola bilər? Əsas məsələ mövcud olan qətnamələrin yerinə yetirilməsi mexanizminin həyata keçirilməsidir". Bunu politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, vaxtilə BMT TŞ münaqişənin həlli ilə bağlı qətnamələri qəbul etdikdən sonra problemin həllini ATƏT-in Minsk qrupuna həvalə etdi: " Biz münaqişənin həlli ilə bağlı praktiki addımların atılmasında maraqlıyıq. Onsuzda Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bununla bağlı aparıcı dövlət başçılarının bəyanatları, beynəlxalq təşkilatların qətnamələri və qərarları var. Lakin kağız üzərində olan bu qərarlar artıq bizi qane etmir. Bu baxımdan hesab etmirəm ki, məsələnin həllinin BMT-yə həvalə edilməsi hər hansı müsbət nəticələrə gətirib çıxara bilər. Azərbaycan öz gücünə güvənməli, danışıqlar prosesini davam etdirməklə yanaşı vaxtaşırı Ermənistana ötən ilin aprel hadisələrini həm nəzəri, həm də praktiki cəhətdən xatırlatmalıyıq".
Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar ABŞ tərəfindən yeni təkliflərin olduğunu xatırladan politoloq qeyd edib ki, bu barədə ATƏT-in Minsk qrupuna yeni təyin olunan həmsədri Riçard Hoqland da çıxışında qeyd edib: "Hoqland bu planın digərlərindən fərqli olduğunu da bildirib. Biz çox istərdik ki, bu plan Azərbaycanın maraqlarına cavab verməsə də, heç olmasa beynəlxalq hüquq normalarına cavab versin. Çünki, beynəlxalq hüququ normalarına əsasən torpaqlarımızın işğaldan azad olunması prosesi başlanmalıdır. Görünür, Hoqland ABŞ-ın yeni administrasiyasının xarici siyasətinin prioritetlərini yerinə yetirərək fərqli təkliflə çıxış edir. Əgər bu təkliflər həqiqətən də sağlam düşüncəlidirsə, əlbəttə buna əməl etmək lazımdır. Lakin bu təkliflər hələ də tam məlum deyil, bəyanat şəklindədir. Bunu danışıqlar prosesi çərçivəsində müzakirə edib, müəyyən razılığa gəlmək olar. Biz bilirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli aparıcı dövlətlərin siyasətindən asılıdır. Çünki onlar məsələni nəzarət altına götürüb, prosesin əsas oyunçularıdır".