“Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycan və indiki Ermənistan ərazisindəki kəndləri əhatə edirdi” Siyasət

“Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycan və  indiki Ermənistan ərazisindəki kəndləri əhatə edirdi”

Arye Qut: "Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib"

Elmar Həsənov: "Məqsəd türk və müsəlmanları məhv etmək idi"

Azər Həsrət: "Soyqırımla bağlı xeyli sayda danılmaz dəlillər cəmlənib"

Azərbaycanlıların 1918-ci ildə ermənilər tərəfindən məruz qaldığı soyqırımın 99-cu ildönümü tamam olub. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.
Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq məqsədilə Rusiyanın imperiya siyasətindən alət kimi istifadə ediblər.
1918-1920-ci illər Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstəriblər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlanılır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilmiş cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilir ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər öldürülüb.
İsrailin "İctimaiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib ki, 31 Mart azərbaycanlıların 20-ci əsr tarixinin ən dəhşətli səhifələrindəndir: "Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycan və indiki Ermənistan ərazisindəki kəndləri əhatə edirdi. Hadisənin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, hüquqi-siyasi qiymət verilməsinə mane olmuşdular. 1998-ci ildən 31 mart dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir".
O qeyd edib ki, 1918-ci ilin martından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. A. Qut əlavə edib ki, Həmin günlərdə ermənilərin törətdiyi vəhşiliklər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub: "Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib. Həmçinin Quba ərazisində dağ yəhudiləri də məhv edilib. Bu bir faktdır. 3 minə qədər yəhudi Krasnaya Slobada deyilən yerdə öldürülüb".
Ekspert bildirib ki, ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar: "Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər, sinaqoqlar dağıdılmış, Bakı, Şamaxı, Qubanın əsas hissələri xarabalığa çevrilmişdi. AXC qurulduqdan sonra mart hadisələrinə xüsusi diqqət yetirilib. Nazirlər Şurası 1918-ci ilin yayında fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul edib. Şamaxıda, İrəvanda ermənilərin törətdiyi cinayətlər araşdırıldı". A. Qut vurğulayıb ki, bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün XİN nəzdində xüsusi qurum yaradılmışdı: "31 mart 1919-20-ci illərdə ilk dəfə matəm günü kimi qeyd edildi. Soyqırım və işğal prosesinə tarixdə ilk dəfə siyasi qiymət verilmişdi. Lakin AXC-nin süqutu bu işin başa çatmasına imkan vermədi".
Ekspert bildirib ki, 1992-ci ildə Xocalıda ermənilər misli görünməmiş soyqırım törətdi. Onun fikrincə, Xocalıda törədilən genosid azərbaycanlılara qarşı törədilən genosidin davamı idi: "Millətçi ermənilərin başladığı qəsbkar siyasət nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün düşüb, çətin vəziyyətdə yaşamağa məhkum edilib". A. Qut sonda əlavə edib ki, Azərbaycan dövlətinin və xalqının əsas hədəfi 31 martda baş verənlər haqqında dünya ictimaiyyəti məlumatlandırmaq olmalıdır: "Hesab edirəm ki, minimum BMT-nin 5 əsas dilində kitab yazılıb yayımlanmalıdır. TV və radioda sənədli və bədii filmlər hazırlanmalıdır".
Traixçi Elmar Həsənov deyib ki, köhnə təqvimlə 1918-ci mart ayının 18-22 -də bolşeviklər və daşnakların birləşmiş qüvvələri türk və müsəlmanların ən əziz bayramı olan Novruz bayramı günü məqsədli şəkildə soyqırımı törətdilər: "Məqsəd bayramı yasa çevirmək həm də türk və müsəlmanları məhv etmək idi. Biz başımıza gələn faciələri anım günlərində göz yaşı tökməklə, qara geyinib, şam yandırıb anmaq lazım deyil. Bu qanlı- qadalı tariximzdə qürur verici vaktları ortaya qoymaqla millətimizin köləlik, yazıq, qorxu psixologiyasından azad etmək lazımdır. Buna bir örnək kimi Quba soyqırımında baş verən bir hadisəni göstərə bilərəm. Demək Qubada ermənilər sünniləri bir tərəfə, şiələri tərəfə düzərək, sünnilərin əlinə silah verirlər ki, şiələri güllələyin. Məhəmməd və Məşədi Dadaş adllı həmyerlilərimiz əlindəki silahları soydaşlarına, dindaşlarında yox onlara silah verən erməniləri güllələyirlər. İnsanlara bu faktları aşılamaq lazımdır".
Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, tarix boyu hansısa xalq başqa bir xalqa zülm edib, soyqırımı törədib: "Ona görə də belə soyqırımılar onu yaşayanlar üçün böyük faciə, digər ölkələr üçünsə sadəcə bir statistikadır. Bu baxımdan ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımını dünya yetərincə duya bilmir. Ona görə azərbaycanlılara qarşı törədilən soyrımının tanıdılması istiqamətində daha uyğun taktika seçilməlidir ". O qeyd edib ki, son illər ərzində Azərbaycanın əlində 31 Mart soyqırımı ilə bağlı xeyli sayda danılmaz dəlillər cəmlənib: "Həmin dəlilləri dünyaya təqdim etməklə 31 Mart soyqırımını dünyada daha da tanıdacağıq. Bunun üçün dayanmadan çalışmaq lazımdır. Özəlliklə də xarici dillərdə materialların çoxaldılması, dərcinin təşkili, görüntülü proqramların yayınlanması işləri daha da artırılmalıdır".
Siyasi şərhçi vurğulayıb ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırıma dünyada hüquqi qiymət verilməsi bəşəriyyətin növbəti dəfə erməni vandalizminin qurbanına çevrilməməsi üçün vacibdir.